Məsud Pezeşkiyan Qərblə danışıqları bərpa edir

  • 03.09.2024
  • 82 baxış

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın təşkil etdiyi 14-cü hökumət kabineti parlamentin təsdiqindən sonra dini liderin qəbulunda olub xeyir-dua alıb. Gözlənildiyi kimi, dini lider Ayətullah Əli Xameneyi Pezeşkiyan komandasına Qərblə nüvə danışıqları bərpa etməsi üçün “yaşıl işıq” yandırıb. 

Prezident və nazirlərlə görüş zamanı Xameneyi bildirdi ki, yeni hökumət bütün tərəflər və güclərlə danışıqlara açıq olacaq. Lakin təbii ki, dini liderin və İranın hazırkı “dərin dövlətinin” əsas şərti dəyişməzdir: “düşmənə ümid bağlamaq, güvənmək olmaz, hökumətin siyasətini Qərbdən asılı hala salmaq olmaz”.

Sonuncu cümlə İslam Respublikası ali rəhbərliyinin dəyişməyən xəttidir. Ancaq dini liderin hazırda Yaxın Şərqdə gərgin atmosferin davam etdiyi, hər an yeni müharibənin alovlanması riskinin olduğu bir zamanda Məsud Pezeşkiyanın “islahatçı” komandasına nüvə danışıqlarında “yaşıl işıq” yandırması diqqəti cəlb edir. Görünür ki, dini lider seçkilərdə olduğu kimi, müəyyən mənada mühafizəkar cinah, xüsusən də ordu ilə “islahatçılar” arasında balansı qorumağa çalışıb. 

Maraqlıdır ki, Pezeşkiyanın Qərblə barışıq kursu ilkin olaraq müsbət reaksiya almaqdadır. Ötən həftə Türkmənistanın milli lideri, eks-prezident Qurbanqulu Berdumuhammedov İrana səfər edərək prezident Pezeşkianla görüşüb və iki ölkə arasında gəmiçilik və gömrük əməkdaşlığını əhatə edən strateji sazişlər imzalayıb.

Əsas razılaşma isə Türkmənistan qazının İran ərazisindən keçməklə Avropa bazarına çıxarılması ilə bağlı olub. Bu o deməkdir ki, Qərb İran üzərindəki sanksiyaları qismi də olsa yumşaltmağa gedir. Çünki ABŞ-ın razılığı olmadan belə bir sazişin əldə olunması mümkün deyil. Görünür ki, Vaşinqton da Pezeşkiyan hökumətinə barışıq mesajı ötürür. Bu, həm də Qərblə barışıq kursunu elan edən Məsud Pezeşkiyana dəstəkdir. 

Ancaq indi Pezeşkiyanın sələfi Həsən Ruhani kimi daxildə Sepah, xaricdə isə Netanyahu və Donald Tramp kimi ciddi rəqibləri var. Əgər payızda hakimiyyətə Tramp gələrsə, Pezeşkiyan Həsən Ruhaninin aqibətini yaşaya bilər. Ancaq hələlik zaman var, payızda isə nələr olacağını indi demək çətindir.

Digər xəbərlər