Telegramın sahibi niyə həbs olundu?

  • 29.08.2024
  • 67 baxış

Pavel Durovun Fransada həbsi hələ də dünya mediasının əsas mövzularından biri olaraq qalır. Durovun sahibi olduğu Telegram hazırda Facebook, YouTube, WhatsApp, Instagram, TikTok və Wechatdan sonra dünyanın ən böyük sosial şəbəkəsi hesab olunur. Və siyahıdan da göründüyü kimi, digər nəhəng sosial şəbəkələr ya ABŞ-da, ya da Çində (son ikisi) yerləşir. 

Durov isə 2014-cü ildə, 10 il əvvəl Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) köçərək bir növ siyasətdən uzaq olmağa çalışdı. Lakin Durov siyasətdən qaçsa da, sonunda siyasət onu yaxaladı. Telegramın sahibi qlobal toqquşmadan kənarda dayanmaq və tərəfsiz olmağı seçdi. Lakin bugünkü dünyanın şərtləri daha qətidir. Hər kəs tərəfini seçməlidir. 

Razılaşaq ki, bu günə qədər Telegram səviyyəsində heç bir sosial platformanın sahibini bu cür ittihamlarla həbs etməyiblər. Belə görünür ki, Durovun ötən 10 ildə “müstəqil” fəaliyyəti diqqətdən yayınmayıb, son zamanlar yenidən üzünü Rusiyaya tərəf çevirməyə cəhd etməsi onun həbsinə səbəb olub. 

Səbəb isə çox sadədir. Dünya yeni və daha şiddətli bir “soyuq müharibə” mərhələsinə qədəm qoyub. Bu “müharibənin” ən böyük silahlarından biri isə heç şübhəsiz ki, sosial mediadır. Rusiya və Orta Şərqdə populyar olan Telegramın gənc sahibinin Rusiya və Qərb arasında var-gəl eləməsi onun həbsinin əsas səbəbidir. Bunu indi hər kəs anlayır. 

Amma “dərisi soyulan qardaşdan” alacağımız dərs budur ki, qarşıdakı dövrdə hər kəs tərəfini seçməyə məcbur ediləcək, seçə bilməyənləri isə Durovun taleyi gözləyəcək, ən yaxşı halda.

Digər xəbərlər