Qəzzanın Həmasın nəzarətində olan hissəsinin Səhiyyə Nazirliyi bildirib ki, müharibənin başladığı 7 oktyabr tarixindən bugünədək bu bölgədə azı 4651 insan ölüb, 14 mindən çox insan isə yaralanıb. Nazirliyin bazar günü yaydığı bəyanatda ötən 24 saat ərzində 117-si uşaq olmaqla, 266 fələstinli öldürülüb.
BBC Ərəbcə xidmətindən Adnan Əl-Burş bildirir ki, Qəzzanın mərkəzində yerləşən Deyr Əl-Bələh şəhərindəki Əl-Aqsa Şəhidlər xəstəxanası cansız bədənlərlə dolub. Müxbirin bildirdiyinə görə, xəstəxanaya gətirilənlərin sayı çox olduğundan tibbi prosedurlar çox qısa aparılır və meyitlərin çoxu xəstəxananın həyətində ağ parçaya bükülür.
AFP agentliyinin və digər xəbər agentliklərinin yaydığı fotolarda, Qəzzada insanların itirdikləri yaxınlarına elə xəstəxananın həyətində yas tutduğu görünür. Xəstəxananın tibbi personalı bütün prosesə nəzarət etməkdə ciddi çətinlik çəkir.
“Səhər açılandan buradayıq və xəstəxananın həyəti cansız bədənlərlə dolub. Saxlanma soyuducularında da yer yoxdur, xəstəxananın içində və həyətində, hər yerdə meyitlər var”, - xəstəxana işçisi deyir.
“Kifayət qədər kəfən yoxdur ki, ölmüş insanları kəfənləyək. Bütün bədənlər qopmuş, parçalanmış şəkildə gətirilir. Onların kimliyini müəyyənləşdirə bilmirik. Vəziyyət çox acınacaqlı, çox dözülməzdir. Baxmayaraq ki, bugünədək biz hər şeyin şahidi olmuşuq, amma heç vaxt belə bir vəziyyət görməmişdik”, - xəstəxana işçisi bildirir.
İsrailin Baş naziri Benjamin Netanyahu Livanda yerləşən Hizbullah silahlı qruplaşmasını İsrailə qarşı ikinci cəbhə açmaqla bağlı xəbərdar edib. Əgər o bunu edərsə, “həyatının səhvini” etmiş olar, İsrailin Baş naziri Livan sərhədinə yaxın yerləşən İsrail ordusu qarşısında çıxış edərkən deyib. İsrail hökumətinin rəhbəri bildirib ki, belə bir addım İsraili “görünməmiş” miqyasda əks-hücuma keçməyə məcbur edə bilər ki, bu da Livan üçün “dağıdıcı” ola bilər.
BMT-nin bildirdiyinə görə bu gün içərisində ərzaq, su və tibbi ləvazimatlar olan 17 yük maşını Rəfah keçid məntəqəsinə çatıb və hazırda yoxlamadan keçir, lakin Qəzzaya daxil olmayıb. Canlı görüntülərdə yanacaqla dolu yük maşınlarının da keçid məntəqəsinə doğru irəlilədiyi görünür. BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bildirib ki, Qəzza sektoruna hələlik heç bir yanacaqdaşıyan yük maşını daxil olmayıb. Fələstinli qaçqınlara cavabdeh olan BMT nümayəndələri iki həftədən çoxdur regiona yanacaq daxil olmadığını və hazırda xəstəxanalarda yanacağa böyük ehtiyac yarandığını bildirirlər.
“Yanacaq olmasa, su da olmayacaq, xəstəxanalar və çörək zavodları işləməyəcək. Böyük ehtiyac içində olan mülki əhaliyə yardımı yanacaqsız necə çatdırmaq olar. Onsuz hər hansı humanitar yardımı göstərmək mümkün deyil”, - agentliyin sözçüsü bildirib.
BMT-nin bildirdiyinə görə, Qəzzada mövcud tələbatı ödəmək üçün gündə ən azı 100 yük maşınının bölgəyə yardım gətirməsi şərtdir.