Rusiyanı “zəif” yerindən kim vurur?

  • 27.06.2024
  • 94 baxış

Bazar günü Dağıstanda kilsə və sinaqoqlara təşkil olunan hücum Rusiyanın həssas Şimali Qafqaz bölgəsində sabitliyi pozmaq cəhdidir. Məlum olduğu kimi, ötən ilin 29 oktyabrında Dağıstanda bir qrup şəxs “İsraildən gələn yəhudilər” olduğu iddiası ilə aeroporta hücum edərək asayişi pozmağa cəhd etmişdilər. 

İki hadisənin ortaq tərəfi Rusiyada yəhudilərin həyatına təhlükə olduğunu nümayiş etdirməsidir. Misal üçün İŞİD və digər radikal islamçı qrupların Şimali Qafqazda fəal olduğu dövrlərdə sinaqoq və ya yəhudi vətəndaşlara bu şəkildə hücumlar olmamışdı. Ancaq görünür ki, indi Rusiyan yəhudiləri birdən-birə ekstremistlərin hədəfinə çevrilib. 

Sirr deyil ki, Şimali Qafqaz Rusiyanın ən həssas regionudur, burada separatçı qruplar, radikal ekstremist təşkilatlar mövcuddur. Qərb analitik mərkəzləri bazar günü baş verən hücumun arxasında İŞİD və ona bağlı qrupların olduğu versiyasını irəli sürüb. Lakin o da sirr deyil ki, artıq uzun müddətdir ki, İŞİD Şərq regionunda baş verən bütün terror hücumların məsuliyyətini üzərinə götürür və bu hücumlar bir qayda olaraq siyasi mesajlar daşıyır. 

O da məlumdur ki, 2017-ci ildə İraq və Suriyada torpaq üzərindəki hakimiyyətini itirən İŞİD sələfi əl-Qaidə kimi “yer altına” çəkilib və müxtəlif ölkələrdə terror törətməklə “mövcudluğunu” qoruyub saxlayır. Dolayısı ilə bir çox terror aktlarının 3-cü tərəfin sifarişi ilə törədildiyi, yaxud da ümumiyyətlə, İŞİD tərəfindən törədildiyi ciddi şübhə doğurur. 

Məntiqlə əgər bu hücum Fələstinə dəstək və yəhudilərdən qisas məqsədi daşıyırdısa, hədəf olaraq Fələstini dəstəkləyən Rusiyada deyil, İsraili müdafiə edən Qərb ölkələrində törədilməli idi. 

Nəticə etibarı ilə bazar günü həyata keçirilən terror hücumu zamanı polis postunun, sinaqoq və kilsənin hədəfə alınması terrorçular və terroru sifariş edənlərin əsas məqsədinin bölgədə qeyri-sabitlik və xaos yaratmaq olduğunu göstərir. 

Çünki Şimali Qafqaz radikal qrupların geniş yayıldığı, hər an etnik və dini münaqişənin alovlanma riskinin olduğu yeganə regiondur. Görünür ki, Dağıstanda sabitlik və sülhün simvolu olan ibadət yerləri və polisə hücum həm də radikal silahlı qrupları “oyatmaq”, onları hərəkətə gətirməyə hesablanıb. Çünki təcrübə göstərir ki, bu cür həssas bölgələrdə bəzən bir güllə böyük bir xaosun başlamasına səbəb olur.

Digər xəbərlər