Qəzza müharibəsi İsraili “yorur”

  • 25.06.2024
  • 95 baxış

İsrail ordusunun əlavə canlı qüvvəyə ehtiyacı var. Bu barədə Frans Press Agentliyi yazır. İsrail ordusu 7 oktyabrdan bu yana rəsmi rəqəmlərə görə, 658 hərbçi itirib, 3835 hərbçi isə yaralanıb. 

Baş qərargah rəisi Herzi Halevi dünən bildirib ki, ordunun təcili əlavə əsgərə ehtiyacı var. General inanclarına görə hərbi xidmətdən azad edilən Haredi yəhudilərinin hərbi xidmətə cəlb edilməsini təklif edib. 

Kanal-12 televiziyası isə hökumətin bu həftə ehtiyatdan çağırılan hərbçilərin xidmət müddətini daha 3 ay uzatdığı haqda xəbər yayıb. Yeni qərara əsasən sıravilər 41, zabitlər isə 46 yaşa qədər xidmətdə qalacaq. Bu həftə parlament qanun layihəsini təsdiqləyəcək. Bundan əvvəlki qanunda müvafiq olaraq 40 və 45 yaş idi. 

Bu arada İsrail Miqrasiya və əhali idarəsinin məlumatına əsasən 7 oktyabr Həmas hücumundan bu yana 550 min nəfər israilli ölkəni tərk edib və hələ də ölkəyə geri dönməyib. Bu isə onu göstərir ki, İsraildə canlı qüvvə çatışmazlığı təkcə ortodoks yəhudilərin hərbi xidmətdən yayınması ilə bağlı deyil, vətəndaşların bir qismi müharibədən yayınmağa çalışır. 

Məsələ ondadır ki, 7 oktyabrda Qəzzada və bir gün sonra Livanda başlayan hərbi əməliyyatlar İsrail tarixində ən uzun sürən müharibəyə çevrilib. Hətta İsrailin yarandığı 1948-ci ildə baş verən və ən uzun münaqişə hesab olunan müharibə 9 aydan az davam etmiş və aktiv döyüş əməliyyatları daha az olmuş, ən əsası yorucu şəhər əməliyyatları olmamışdı. Lakin hazırkı müharibədə fələstinlilər daha hazırlıqlı və Qəzzada şəhər əməliyyatlarında daha sərt müqavimət göstərir. Bu isə müharibəni yorucu edir. 

Şənbə günü hökumətə qarşı kütləvi etiraz aksiyası göstərdi ki, əhali müharibənin davam etməsini istəmir. Maraqlıdır ki, hazırda ordu komandanlığı da atəşkəs istəyir, çünki yorulmuş hərbi qüvvələrin dincəlməsi üçün müəyyən zamana ehtiyacı var. Yalnız hökumət müharibəni dayandırmaq istəmir. Çünki müharibənin dayanması sağçı siyasi qüvvələr üçün fiasko olacaq. 

ABŞ hökumətinin İsrailə hərbi yardımları azaltması Netanyahunu atəşkəsə vadar etməyə hesablanmış addımdır. İsrail hökuməti Livana quru əməliyyatı və atəşkəs arasında seçim etməli olacaq. Livana hücum baş verməsə o zaman Netanyahu atəşkəsə getməyə məcbur olacaq.

Digər xəbərlər