İsrail-Hizbullah müharibəsi riskləri artır

  • 21.06.2024
  • 155 baxış

İsrail və Hizbullah arasında yeni bir müharibənin olması və ya başqa sözlə İsrailin Livana hücumu yenidən aktuallaşıb. Xüsusən də Qəzzada Həmas və İsrail arasında atəşkəs razılaşması ehtimalının artması nəzərləri Livana çevirib. 

Hizbullahın İsrail ərazisinə cavab zərbəsi olaraq 200 raket atmasından sonra İsrail ərazisində başlayan yanğınlar sərhəddə gərginliyi daha da artırıb. 

Livan-İsrail sərhədində toqquşmalar Həmasın İsrailə hücumundan dərhal sonra oktyabrın 8-dən başlayıb. Hizbullah Qəzza müharibəsində Həmasa dəstək verdiyini və atəşin yalnız Qəzzada atəşkəs olduqdan sonra dayanacağını elan edib. 

Ötən 8 ayda sərhəddəki toqquşmalarda və İsrailin hava zərbələri nəticəsində 341 Hizbullah döyüşçüsü, 65 mülki vətəndaş, 19 Əməl Hərəkatı (Livanda şiə partiyası), 13 Həmas və 15 İslami Cihad üzvü öldürülüb. Eyni zamanda toqquşmalarda 19 İsrail əsgəri və 10 mülki vətəndaş ölüb.

Həmçinin 53 min israilli və 94 min livanlı evlərini tərk etməyə məcbur qalıb. 

Lakin maraqlıdır ki, ötən 8 ay ərzində dəfələrlə Livana hücumun anonsunu verən İsrail bunu etməyib. Hətta baş nazir Netanyahu “Beyrutu Qəzzaya döndərəcəyi”ni desə də, hər dəfə müharibə son anda təxirə düşüb. 

Ötən gün Hizbullah lideri Həsən Nəsrullah İsrailin Livana hücumuna qarşı sərt xəbərdarlıq edib. Nəsrullah 100 mindən çox hərbi qüvvə hazırladıqlarını, İsrailin bütün strateji obyektlərinin hədəfə alındığını deyib. Nəsrullahın çıxışından əvvəl isə Hizbullah İran istehsalı olan “Huh-hud” adı verilmiş dron vasitəsilə İsrail ərazilərinə kəşfiyyat uçuşu həyata keçirib və bu zaman İsrailin bütün həyati əhəmiyyətli obyektləri lentə alınıb. Hizbullah bununla İsrailə qarşı ciddi silahlarının olduğuna işarə edib. 

Müşahidəçilər hesab edir ki, hərbi kabinetin buraxılmasından sonra Netanyahu hökuməti qorumaq, ultra sağçı koalisiya müttəfiqlərini yanında saxlamaq üçün Livana hücum əmri verməyə çox yaxındır. Çünki radikal sağçılar Livana hücum tələb edir və Qəzzada atəşkəsə qarşı çıxır. 

Lakin Livana hücum həm də ciddi riskdir və Netanyahunu Livana hücumdan saxlayan Hizbullahın müqavimət potensialıdır. Üstəlik Vaşinqton bu hücuma dəstək vermir və bu da riskləri daha da artırır. Bu səbəbdən də Livana hücum hər dəfə son anda təxirə düşür. Lakin risklər hələ də yüksəkdir. İsrailin baş naziri Hizbullah və onun şəxsində İranla haqq-hesabı çürütmək üçün müharibənin bir addımlığındadır.

Digər xəbərlər