İranda seçki kampaniyasında kimlər önə çıxır?

  • 20.06.2024
  • 125 baxış

randa iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı kampaniya artıq başlayıb. Prezidentliyə namizəd 6 şəxs artıq efirdə və əhali arasında görüşlərə başlayıb. 

Ənənəvi olaraq seçki kampaniyasında “islahat” və “mühafizəkar” qanadın əsas təmsilçiləri olan şəxslər önə çıxıb. Mühafizəkar qanadda önə çıxan hələlik Səid Cəlilidir. İranın nüvə müzakirələri qrupunun keçmiş sədri, dini liderin ofisinin planlama şöbəsinin müdiri və İran-İraq müharibəsi veteranı Səid Cəlili gözlənildiyi kimi mühafizəkar camiədə diqqət mərkəzindədir. Dünən kampaniya çərçivəsində ilk səfərini ölkənin əsas dini-ideoloji mərkəzi olan Qum şəhərinə edən Cəlili burda xüsusi ehtiramla qarşılanıb, böyük diqqət görüb. Nüfuzlu din xadimi, Ekspertlər Şurasının üzvü Ayətullah Mohsen Əraki seçkilərdə Cəliliyə dəstək verəcəyini bəyan eidb. Bu. dini camiə üçün xüsusi əhəmiyyətli məsələdir. Bundan başqa Cəlili bir neçə küçə görüşləri də keçirib və ətrafında kütlə toplaya bilib.

Digər namizədlərin də görüş və teleçıxışları olsa da, ikinci daha çox diqqət çəkən “islahat” qanadından olan həkim, keçmiş səhiyyə naziri və parlamentin vitse-spikeri Məsud Pezeşkiyandır. Pezeşkiyan İranın şimal-qərbində Mahabad vilayətindəndir, etnik azərbaycanlıdır. Bu da onun üçün əlavə bir üstünlükdür. 

Pezeşkiyan ənənəvi küçə görüşlərinə başlayıb, diqqət cəlb edə bilib. Eyni zamanda “islahatçıların” nüfuzlu nümayəndəsi keçmiş prezident Məhəmməd Xatəmi ilə görüşüb və bu da “islahat” cəbhəsinin “xaş atası”nın Pezeşkiyanı dəstəklədiyi ilə bağlı xalqa mesaj olaraq şərh olunur. 

Bundan başqa islahatçılara yaxın media orqanlarında nüfuzlu müəlliflər tərəfindən ölkəni düşdüyü bu vəziyyətdən çıxarmağa qadir siyasətçi kimi Pezeşkiyan təbliğ olunur. Lakin Pezeşkiyanın yeganə qüsuru kütlə qarşısında xitabının zəif olması və bu səbəbdən də artıq kampaniyanın ilk günlərində verdiyi bir neçə açıqlama qeyri-ciddi qarşılanıb və tənqidlərə səbəb olub. Ancaq hər bir halda Pezeşkiyan hazırkı mühafizəkar hökumətə qarşı islahat cəbhəsinin, həm də xarici qüvvələrin üzərində dayandığı şəxsdir. Güman ki, mübarizə bu iki şəxs arasında olacaq. 

Maraqlıdır ki, seçkiqabağı əsas həlledici faktor kimi adı hallanan Sepah rəsmi olaraq bəyanatla çıxış edərək namizədlərdən heç birinə dəstək verməyəcəyini elan edib.

Digər xəbərlər