Qiyam cəhdi, yoxsa hakimiyyətdaxili savaş?

  • 03.06.2024
  • 65 baxış

Türkiyə DİN-nin keçirdiyi əməliyyatlar ciddi müzakirələrə səbəb olub. 2023-cü ilin yayında nazir təyin olunan İstanbulun keçmiş valisi Əli Yerlikaya cinayətkar qruplara qarşı müharibə elan edib. Son bir ildə onlarla mütəşəkkil cinayətkar qrup, narkotik satışı şəbəkəsi ifşa olunaraq üzvləri həbs edilib. 

Lakin bu həbslər silsiləsi hakimiyyət daxilində ciddi müzakirə və mübahisələrə səbəb olub. Medianın yazdığına görə, həbslər AKP-də də narahatlıq doğurub, hətta A.Yerlikayaya xəbər göndərilib ki, səs-küylü həbslərin sayı azaldılsın. Çünki kənardan sanki ölkədə çevriliş olduğu və ən təhlükəlisi isə Türkiyənin bir mafiya ölkəsi olduğu imici yaranır. Əməliyyatların daha sakit və səssiz olması istənilib.

Ancaq məlum olur ki, ifşa edilən cinayətkar qrupların hakimiyyət içərisində, xüsusən də DİN-də güclü əlaqələri olub. 

Məsələn, Ayhan Bora Kaplan cinayətkar qrupu ilə bağlı işdə mayın 15-də Ankara polis idarəsinin rəis müavini Murat Çelik, Ankara Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin müdiri Kerem Gökay Öner və onun müavini Şevket Demircan, yenə həmin şöbədə komissar vəzifəsini tutan Ufuk Gültekin həbs olunub. 

Daha sonra isə Ayhan Bora Kaplan cinayətkar qrupunun ikinci adamı olan və xaricə qaçan Serdar Sertçelik sosial mediada yaydığı açıqlamada istintaq zamanı polislərin ondan prezident Ərdoğanın katibi Hasan Doğan, Erdoğana yaxın AKP deputatı Mücahit Aslan, səhiyyə naziri Fahrettin Koca, keçmiş ədliyyə naziri və vitse-spiker Bekir Bozdağ, həmçinin keçmiş ədliyyə naziri Abdülhamit Gül, Halkbank direktoru Osman Arslan, keçmiş daxili işlər naziri Süleyman Soylunun qardaşı oğlu Sadiq Soylunun istintaqa çağırılması ilə bağlı ifadə verməsi tələb olunub.

Bu xəbərdən sonra Ankarada ciddi narahatlıq yarandığı, ötən həftə prezident sarayında Ərdoğan, kəşfiyyat rəisi İbrahim Kalın və ədliyyə nazirinin iştirakı ilə gecə toplantı keçirildiyi və Ali Yerlikayanın bu toplantıya çağırılmaması müzakirələrə səbəb olub. Hətta Rusiya XİN sözçüsü Mariya Zaxarova baş verənləri növbəti çevriliş cəhdi kimi qiymətləndirdi. 

MHP qanadı baş verənləri Türkiyə DİN-də çalışan milliyyətçi kadrların sıxışdırılması kimi qiymətləndirərək MHP sədri Dövlət Bahçeli səviyyəsində baş verənlərə etiraz edib. Bundan əvvəlki DİN naziri Süleyman Soylu MHP-yə yaxın şəxs sayılırdı və onun dövründə MHP-yə yaxın çoxlu sayda kadr DİN-də yüksək postlara gətirilib. A.Yerlikaya isə son bir ildə bu kadrları təmizləməklə məşğuldur. Bu səbəbdən də hazırda müxalifət Yerlikayaya dəstək verir. 

Lakin mediada son baş verənlər həm də DİN və ümumiyyətlə, hakimiyyət daxilində qruplar müharibəsi kimi xarakterizə olunur. A.Yerlikaya camaatlara, konkret olaraq “Mənzil” camaatına yaxın şəxs hesab olunur. Bu səbəbdən də son bir ildə Yerlikayanın rəhbərliyi ilə cinayətkar qruplarla yanaşı DİN-dəki MHP-yə və keçmiş nazir Soyluya yaxın kadrlar təmizlənir. Bu isə DİN daxilində və kənarda ciddi həbslər və qalmaqallarla müşayiət olunur. Üstəlik görünür ki. arxası qüdrətli “Mənzil” camaatına bağlı olan Yerlikaya hakimiyyət daxilindən və MHP-dən gələn təzyiqlərə rəğmən postunu qoruyub saxlayır. Ancaq belə görünür ki, proses getdikcə daha da şiddətlənəcək.

Digər xəbərlər