Livanın cənubunda İsrail və Hizbullah arasında toqquşmalar getdikcə kəskinləşir. Bazar günü İsrailin Livanın cənubunda kəndləri bombalaması nəticəsində 8 nəfər ölüb, onlardan 4-ü Hizbullah üzvüdür.
Hizbullah isə buna cavab olaraq İsrailin sərhəd ərazisindəki hərbi postlarını raket atəşinə tutub. Son günlərdə Livanın cənubunda İsrail PUA-ları tərəfindən Hizbullahın bir çox döyüşçüsü öldürülüb. Daha əvvəl əsasən avtomobilləri hədəfə alan İsrial ordusu son həftələrdə motosikletləri vurur. Ötən həftə motosikletlərin hədəfə alınması nəticəsində Hizbullahın yüksək rütbəli komandirlərindən biri öldürüldüyü üçün İsrail ordusu indi Livanın cənubunda bütün motosikletləri izləyərək bombalayır.
Oktyabrın 8-dən Livanın cənubunda İsrail qüvvələri və Hizbullah arasında toqquşmalar başladıqdan bu yana 320-yə yaxın Hizbullah üzvü öldürülüb. Sərhədin hər iki tərəfindən yüz minlərlə insan evlərini tərk edib, döyüşlər isə günü-gündən şiddətlənir. İsrail Qəzzadan sonra növbəti hədəfin Livan olacağını elan edib. ABŞ və Fransa rəsmiləri isə Livanda baş verəcək müharibənin ağır fəlakətə çevriləcəyi ilə bağlı xəbərdarlıq edib.
İsrail ordusu bu ilin əvvəlindən etibarən ölkənin şimalında Livana hücum əməliyyatı təlimləri keçirib. Hizbullahı ciddi təhdid olaraq görən İsrail bu qruplaşmanı sıradan çıxarmaq üçün Livana geniş miqyaslı quru əməliyyatı planlasa da, 2006-cı ildə olduğu kimi sürprizlə qarşılaşmaqdan ehtiyat edir. Bu səbəbdən də İsrail Livanın cənub ərazilərini vurmaqla Hizbullahı müharibəyə cəlb etməyə çalışır. Burada xüsusi məqam Livanın cənubunda yaşayan xristian əhalinin etirazlarıdır. Yerli sakinlər bu günə qədər bir neçə dəfə Hizbullah silahlılarının raket qurğularını onların yaşadığı ərazilərə yerləşdirməsinə etiraz edib. Çünki bu halda İsrail həmin əraziləri ağır bombardmana məruz qoyur.
İsrail ordusunun son aylarda tətbiq etdiyi taktika məhz Livanın cənub sakinlərini “yormağa” hesablanıb. Bombardmanlar getdikcə Livanın daxili ərazilərinə doğru yayılır və daha çox yaşayış məntəqəsi zərər görür. Bu taktika Hizbullahı İsrailə hücum etməyə sövq etməli, bu olmadığı təqdirdə isə ən azı yerli əhali ilə Hizbullah arasında münaqişəyə səbəb olmalıdır. Başqa sözlə, Livanda geniş miqyaslı müharibə hər an başlamaq həddinə gəlib.