Fələstinin BMT üzvlüyü yolu açılır

  • 23.05.2024
  • 83 baxış

Gözlənildiyi kimi, Norveç, İrlandiya və İspaniya Fələstin dövlətinin müstəqilliyini tanıyıb. Verilən məlumata əsasən qərar mayın 28-də qüvvəyə minəcək. Bundan başqa Malta və Sloveniyanın da bu ay Fələstini dövlət olaraq tanıyacağı gözlənilir. 

Qeyd edək ki, hazırda BMT-yə üzv 193 dövlətdən 139-u Fələstinin dövlət müstəqilliyini tanıyır. Avropa ölkələrinin bu addımı Fələstinin BMT-nin üzvü seçilməsi prosesini sürətləndirir. 

Xatırladaq ki, ən sonuncu dəfə mayın 10-da BMT Baş Assambleyası Fələstinin BMT üzvlüyünün səsverməyə çıxarılması və Fələstinə xüsusi status verilməsi barədə qanun layihəsini qəbul edib. Səsvermə zamanı BMT-yə üzvü olan 193 ölkədən 143-ü bu qərarın lehinə səs verib. 

Ancaq apreldə keçirilən səsvermə zamanı ABŞ-ın veto etməsi səbəbi ilə Fələstin dövlətinin BMT üzvü olması baş tutmayıb. Hazırkı BMT nizamnaməsinə əsasən təşkilata yeni üzvün qəbul olunması üçün birinci mərhələdə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 9-u. O cümlədən 5 daimi üzvün dəstəyi lazımdır. Bundan sonra BMT Baş Assambleyasında yeni dövlətin üzvlüyü səsverməyə çıxarılır və 2/3 səs çoxluğu ilə yeni üzv qəbul olunur. 

Ancaq BMT TŞ-nin daimi üzvü olan ABŞ-ın veto etməsi Fələstinin üzvlüyü qarşısında əsas maneədir. Ancaq bir sıra ekspertlər ehtimal edir ki, BMT-ə üzv ölkələrin böyük əksəriyyəti dəstəkləyəcəyi halda TŞ-də veto qərarına rəğmən məsələ Baş Assambleyaya çıxarıla bilər. 

Bununla bağlı presedent BMT Baş Assambleyasının 1970-ci ildə qəbul etdiyi 2758 saylı qətnaməsidir. BU qətnamə ilə ABŞ-ın vetosuna rəğmən BMT TŞ-yə daim üzvlük Tayvandan alınaraq Çinə verilib.

Doğrudur, bir qədər fərqli situasiyadır, ancaq 2758 saylı qətnamə də ABŞ-ın vetosuna rəğmən üzvlərin böyük çoxluğunun dəstəyi ilə qəbul olunub. Əgər böyük çoxluq Fələstini dəstəkləsə o zaman ikinci bir təcrübə yaşana bilər. 

Belə görünür ki, Fələstin məsələsində də proses ona doğru gedir. Avropa ölkələrinin çoxluğunun tanıyacağı təqdirdə BMT Baş Assambleyasında Fələstinin üzv olaraq qəbul olunması yolu açılacaq. Çünki indi artıq hər kəs anlayır ki, Fələstin-İsrail münaqişəsinin yeganə yolu iki dövlətli həll yoludur, bunun üçünsə Fələstinin dövlət olaraq tanınması və İsraillə danışıqlar masasında bərabər hüquqla oturmasıdır.

Digər xəbərlər