Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu haqqında həbs qərarının hansı nəticələri ola bilər?
- 22.05.2024
- 173 baxış
Beynəlxalq Cinayət Məhkəməsinin (İCC) baş prokuroru Kərim Xan İsrail və Həmas rəsmilərinin həbs olunması üçün Beynəlxalq Cinayət Məhkəməsinin məhkəməyəqədər işlər palatasına müraciət edib. Müraciətdə şübhəlilərin qaçması, dəlilləri məhv etməsi və daha çox cinayət törətməsinə mane olmaq üçün onların həbs olunmasının vacib olduğunu qeyd edib.
Həbsi tələb olunanlar İsrailin baş naziri Binyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, eyni zamanda “Həmas” Siyasi Bürosunun sədri İsmayıl Haniyə, büronun Qəzzadakı məsulu Yəhya Sinvar və “Həmas”ın hərbi qanadı İzəddin əl-Qəssamın komandiri Məhəmməd əl-Dayfdır.
Əgər Palata Kərim Xanın sübutlarını qəbul edərsə o zaman İsrail baş naziri, müdafiə naziri və Həmas liderləri haqqında həbs qərarı verəcək. Və daha sonra bu qərar Roma Statusuna qoşulan ölkələrə göndəriləcək. Bir qədər əvvəl oxşar qərar Rusiya prezidenti haqqında qəbul olunub.
Artıq ABŞ Netanyahu haqqında həbs tələbinə etiraz edib. Prezident Bayden deyib ki, Netanyhunun soyqırımı törətdiyinə inanmır.
Xatırladaq ki, 2023-cü ilin 7 oktyabrda Həmasın İsrailə hücumu nəticəsində 1200 israilli, 604 əsgəri ölüb, 5132-i yaralanıb, 36 minə yaxın fələstinli qətlə yetirilib, 80 mindən çox insan yaralanıb. Qəzzanın 70 faizi dağıdılıb, insanların böyük əksəriyyəti evlərini tərk etməyə məcbur qalıb.
Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı verməsi İsrail üçün ciddi bir zərbədir. Məsələ Netanyahu və ya Qlanatın həbsindən daha çox qərarın siyasi və mənəvi tərəfindədir. İsrail artıq beynəlxalq səviyyədə rəsmi olaraq soyqırımı törədən ölkə kimi tanınacaq və bu, onun dünyadakı imicinə ciddi bir zərbə olacaq. Çünki dünya yəhudiləri İkinci Dünya müharibəsində soyqırıma məruz qalan xalq kimi qəbul edir və dəstəkləyir. İndi isə Beynəlxalq Cinayət Məhkəməsi rəsmi olaraq İsrail rəsmilərinin başqa bir xalqa qarşı soyqırımı törətdiyini təsdiqləyir.
Qəzza müharibəsinin İsrail üçün ən böyük zərbəsi məhz bu qərar və bütün dünyada İsrail əleyhinə etirazlardır. Artıq İsrailin ənənəvi müdafiəçisi olan Avropa ölkələri də mövqeyini dəyişir. Dünyada İsrail hakimiyyətinə qarşı tənqidlər və etirazlar artır. Bu isə o deməkdir ki, İsrail artıq əvvəlki zorakı və təzyiq siyasətini davam etdirə bilmir, Fələstinlə danışıqlar masasına oturmağa məhkumdur. Ancaq indiki İsrail rəhbərliyi ilə bu, mümkün görünmür.