2023-cü il oktyabrın 7-də Həmasın İsrail ərazisinə qəfil hücumundan bir neçə gün sonra İsrail dövləti elan etdi ki, Qəzzada əməliyyat Həmas tamamən məhv edilənədək davam edəcək.
Artıq 7 aydan çoxdur ki, İsrail ordusu Qəzza zolağına daxil olub, hazırda zolağın cənubda sonuncu yaşayış məntəqəsi olan Rəfah şəhərinə quru əməliyyatı keçirilir. Lakin dünyanın ən hazırlıqlı və yüksək hərbi texnologiyalara sahib olan İsrail ordusu 365 kv.km ərazidə Həması məğlub edə bilməyib. Doğrudur, İsrail elan edib ki. Həmasın 24 batalyonundan 19-u artıq məhv edilib. Lakin bu bəyanatdan artıq iki aya yaxın vaxt keçsə də, Həmas hələ də müqavimət göstərir. Hətta vaxtaşırı İsrail ərazisini raket atəşinə tutur.
Qeyd edək ki, İsrailin 180 minlik ordusu var və əlavə olaraq 300 min nəfər ehtiyatda olan hərbçinin orduya çağırılıb. Həmasın isə qeyri-rəsmi məlumatlara əsasən 40 minə yaxın silahlı üzvü var.
Aradakı hərbi gücü müqayisə etməyə gərək yoxdur, fərq çox böyükdür. Ancaq bu kəskin fərqə baxmayaraq Həmasın uğurlu müqavimətini ekspertlər bir neçə amillə izah edir.
1. Partizan müharibəsi amili. Dünya təcrübəsində nizami orduların partizanlara qarşı uğurlu olduğu çox nadir nümunələr var. Həmas kiçik qruplarla nizami İsrail ordusuna qarşı uğurlu partizan müharibəsi təşkil edib.
2. Ərazi amili. Qəzza kiçik, ancaq həddən artıq sıx məskunlaşmış, başdan-başa yaşayış məntəqələrindən ibarətdir. Həmas bölgəni çox yaxşı tanıyır və illərdir ki, tunel və digər vasitələrlə müdafiə xətti qurub.
3. Mənəvi amil. İsrail əsgərindən fərqli olaraq Qəzzada yeraltı sığınacaqlarına məhkum olmuş Həmas üzvlərinin qaçış yeri yoxdur, fədakarlıqla döyüşürlər. İsrail əsgərləri məcburi hərbi xidmətdən sonra rahat həyatlarına geri dönməyi arzulayır.
4. Nəhayət, Həmasın ən savaş “müəllimi” İsraildir. Fələstinli islamçılar İsrail ordusuna qarşı müharibəni 37 ildir “öyrənirlər”. Uzun illər İsrailə qarşı mübarizə aparması Həmasın yeni taktika və təcrübəni əxz etməyinə səbəb olub.
Ekspertlər daha bir neçə faktorları qeyd edir. Lakin qeyd olunan faktorlar Həmasın gücünün necə deyərlər əsas sirridir. Çünki təcrübə göstərir ki, İsrailin Həmasa qarşı müharibəsi əvvəlki ilə müqayisədə daha şiddətli və ağır olur.