Fələstində və dünyanın müxtəlif ölkələrində yaşayan fələstinlilər “Nakba” – “Böyük fəlakət” gününü qeyd edirlər. Fələstin ərəbləri 1948-ci il mayın 14-də İsrailin yaranması ilə bağlı baş verənləri “Nakba”, yəni ərəbcə “Böyük Fəlakət” adlandırırlar.
Fələstin Statistika İdarəsinin hazırladığı hesabata əsasən 1948-ci ildən bu yana Fələstində və xaricdə 138 min fələstinli öldürülüb. Milyonlarla qaçqın var və təxminən 1 milyona yaxın fələstinli isə İsrail tərəfindən həbs olunub.
Yeri gəlmişkən, öldürülən 134 min fələstinlinin 35 mini 7 oktyabrdan bu yana davam edən Qəzza müharibəsi zamanı öldürülüb. Onların 15 mini uşaqlardır.
492 fələstinli isə İordan çayının Qərb sahilində və Qüdsdə İsrail hərbçiləri və radikal yəhudi məskunları tərəfindən öldürülüb.
Planetin ən böyük münaqişəsinin 76 ili tamam olur. Ancaq əslində Fələstin məsələsi 19-cu əsrin sonlarında başlayıb, 1918-ci ildə Osmanlının süqutu və Fələstin ərazilərinin Britaniya tərəfindən işğalı sonrası isə qanlı münaqişəyə çevrilib, 30 illik münaqişədən sonra isə BMT Fələstin ərazilərində iki – Fələstin və İsrail - dövlətinin yaradılması barədə qərar qəbul eləsə də, İsrail dövləti yaradıldı, Fələstin dövlətini isə yaratmaq mümkün olmadı. Əvəzində 1948, 1967 və 1973-cü illərdə baş verən müharibələr nəticəsində Fələstin BMT planı ilə ona düşən ərazilərin bir çoxunu və Qüdsün şərq hissəsini də itirdi.
Yeri gəlmişkən, bu məsələdə qonşu və “qardaş” ərəb dövlətlərinin də “xidmətləri” oldu. 1948-ci ildə Fələstin dövlətinin yaradılmasına dəstək verməyən ərəb dövlətləri bu gün də münaqişənin həllində aparıcı rol oynaya bilmirlər.
Bu gün İsrailə qarşı müharibə başladan Həmas uzun sürən işğal və zorakılığın nəticəsidir. Qəzza müharibəsində bütün münaqişə dövründə qeydə alınan itkilərin 25 faizinin baş verməsi onu göstərir ki, Fələstin müharibəsi ildən-ilə daha da amansızlaşır. Artıq hər iki tərəfdə idarə edənlər barışmaz, bir-birinə nifrət edən şəxslərdir. Hər il “nakba” günü fələstinlilər matəm, israillilər isə bayram keçirir və bu, 76 ildir belə davam edir. Belə olduğu müddətdə “böyük fəlakət” də davam edəcək.