İsrail ordusu Qəzza müharibəsindəki itkilərinin sayının 261-ə yüksəldiyini elan edib.
Qeyd edək ki, rəsmi xəbərlərdə Həmasın 7 oktyabr 2023-cü ildə İsrailə hücumu nəticəsində 315-i hərbçi olmaqla 1400 israillinin öldüyü qeyd olunur.
Yəni açıqlamadan belə məlum olur ki, ötən 6 ay ərzində İsrail ordusu ümumilikdə 500-dən bir qədər çox itki verib. Bunun 261 nəfəri isə Qəzza əməliyyatı zamanı öldürülüb.
Ancaq bu rəqəmlər inandırıcı görünmür. Bir sıra hərbi ekspertlər İsrailin itkilərinin daha çox olduğunu ehtimal edir. Çünki birincisi müharibə uzun müddətdir – 6 aydan çoxdur davam edir. İkincisi, İsrail ordusu bir çox istiqamətlərdən Qəzzaya daxil olub və şəhər əməliyyatlarına cəlb olunub.
Məsələn təkcə bu ilin 22 yanvarında İsrail ordusu 24 əsgərini itirdiyini təsdiqləyib. Onlardan 21-i bir partlayışda – Həmas döyüşçüsünün atdığı qumbaraatan zərbəsi nəticəsində ölüb. Ümumiyyətlə, bu şəkildə etiraf olunan “kütləvi” ölümlərin sayı onlarladır.
Yaxud da 1 yanvara olan rəsmi məlumata əsasən İsrail ordu 2,5 ay ərzində Qəzzada “yanlışlıqla” 29 əsgər itirib. İsrail ordusu o zaman bəyan etmişdi ki, hər həftə 2-6 arası israilli hərbçi öz həmkarları tərəfindən vurulur.
Nəzərə almaq lazımdır ki, qeyd olunan məlumatlar İsrail ordusunun açıqladığı rəqəmlərdir, Həmas tərəfi isə İsrailin daha çox itkiyə məruz qaldığını bildirir. İstənilən halda İsrailin açıqladığı rəqəm, yəni 180 günlük müharibə nəticəsində 261 itki məlumatı inandırıcı deyil.
Lakin ümumilikdə hətta açıqlanan rəqəmlər belə hazırkı Həmas-İsrail müharibəsinin son 50 ildə İsrailin apardığı ən ağır müharibə sayılır. Çünki 1973-cü ildə İsrail Youm Kippur müharibəsində 800 itki verdiyini açıqlayıb. Ötən müddətdə Həmasla baş verən 2008, 2024 və 2021-ci il müharibələri və digər hərbi kampaniyalarda, o cümlədən Livanda 2006-cı ildə baş verən 33 günlük müharibədə bu qədər itki verməyib.
Məsələn, 2014-cü ildə İsrail ordusunun Qəzzaya hücumu ilə 3 həftə davam edən müharibədə İsrail 66 əsgər itirib. Lakin göründüyü kimi, son 50 ildə İsrailin ən çox itki verdiyi və uzun müddət davam edən müharibə Qəzza müharibəsi oldu. Belə görünür ki, bu müharibə hələ bir müddət davam edəcək və güman ki itkilər daha da artacaq.
Qeyd: İsrailin Qəzzaya hücumu nəticəsində ölən fələstinlilərin sayı 34 mini ötüb, 70 mindən çox insan isə yaralıdır.