Ərdoğanın İraq səfəri regionda yeni reallıq yaradacaq

  • 25.04.2024
  • 99 baxış

Türkiyə prezidentinin İraqa səfəri zamanı İraq və Türkiyə arasında 20-dən çox sənəd imzalanıb. Ancaq təbii ki, ən çox diqqət çəkən İraq, Türkiyə, Qətər və BƏƏ arasında "İnkişaf Yolu" anlaşma memorandumu imzalanması olub. Çünki bu layihə Fars körfəzi ilə Türkiyəni və Avropanı birləşdirəcək yeni və ən yaxın nəqliyyat dəhlizi hesab olunur. 

Layihəyə Qətər və BƏƏ kimi regionun ən varlı və böyük enerji ehtiyatlarına, ticarət imkanlarına malik ölkələrinin qoşulması onun perspektivini artırır. Bu layihə körfəz ölkələrini Türkiyə, Suriya və Avropa ilə birləşdirən ən yaxın dəhliz hesab olunur, Hind okeanı ilə Avropa arasında ticarət yüklərinin daşınması müddətini 25 günədək endirəcək.

Hazırda inşası davam edən layihə üzərində ən ciddi təhdid İraq-Türkiyə və İraq-Suriya sərhədində mövcud olan PKK təhdididir. Xüsusən də İraqın Sincar bölgəsində son illərdə möhkəmlənən PKK gələcəkdə “İnkişaf Yolu” üçün ən ciddi təhdid hesab olunur. 

Bu səbəbdən də mart ayından etibarən Ankara və Bağdad arasında davam edən səfərlər və danışıqların əsas hədəfi PKK və antiterror müzakirələri idi. Bağdad hökuməti də perspektivli nəqliyyat dəhlizinin təhlükə altına düşməməsi üçün Ankara ilə razılaşmaya gedərək PKK-ni fəaliyyətini qadağan edən qərar qəbul edib. 

Ərdoğanın Bağdaddan sonra aprelin 23-də Ərbilə getməsinin əsas səbəblərindən biri də məhz PKK təhlükəsidir. Gözləmək olar ki, yaxın vaxtlarda İraq və Türkiyə sərhəddəki PKK terroruna qarşı koordinasiya edilmiş antiterror əməliyyatlarına başlayacaq. 

Yeni perspektivli nəqliyyat dəhlizi İraqın Avropaya yeni və etibarlı çıxışını təmin edəcək, həmçinin iki ölkə arasında ticari və iqtisadi əlaqələri 2030-cu ilə qədər 20 milyard dollara yüksəltmək hədəfi reallaşdırmağa çalışacaq.

Digər xəbərlər