İsrailin İrana hücumu nə qədər realdır?

  • 17.04.2024
  • 80 baxış

İsrail İranı cavab zərbəsi ilə hədələyib. Müharibə hökuməti kabinetinin iclasından sonra verilən açıqlamada deyilir ki, İrana “seçdiyimiz formada və zamanda cavab veriləcək”.

Bu o deməkdir ki, İsrail cavab zərbəsi üzərində çalışır. Ancaq İsrailin İrana zərbə endirməsi daha ciddi risklər daşıyır. 

Məsələ ondadır ki, Tehran Dəməşqdəki səfirliyinin vurulmasına cavab olaraq İsrailə belə demək olarsa müharibə üçün səbəb verməyəcək şəkildə korrekt cavab verib. Ancaq İran ordusu baş qərargah rəisi general Baqeri deyib ki, İsrail cavab versə, o zaman daha sərt addımlar atılacaq. 

İsrailin İrana cavab zərbəsi arqumentini aşağıdakı şəkildə qruplaşdırmaq olar: 

1. İsrail toxunulmaz dövlət imicini qorumalıdır. İranın zərbələrinin cavabsız qalması İsrailin toxunulmaz ölkə imicini zədələyir.

2. İranın cəzalanması. İsrail yaranmış vəziyyətdən istifadə edərək İranın nüvə obyektlərini və hərbi infrastrukturunu vurmaqla onun hərbi gücünü zəiflədəcək. 

3. İranla qarşıdurma diqqəti Qəzzadan yayındıracaq və İsrailə yönəlmiş beynəlxalq təzyiqi azaldacaq. İranın son zərbələrindən sonra Qəzza müharibəsinin arxa plana keçməsi bunun əyani sübutudur. 

Risklər:  

1. İsrail ilk olaraq İranın diplomatik təmsilçiliyinə hücum edən tərəf olaraq beynəlxalq qınağa məruz qala və siyasi-diplomatik cəbhədə təklənə bilər.

2. İsrailin ən əsas hərbi-siyasi müttəfiqi ABŞ bu əməliyyata qarşdıır və İsrail hökumətinin bu addımı əlbəttə Vaşinqtonun sərt reaksiyasına səbəb ola və İsraili çətin vəziyyətə düşə bilər. 

3. İran İsrailin zərbələrinə qarşı geniş cəbhədə cavab verə və Yaxın Şərqi bürüyən müharibəyə səbəb ola bilər. Bu halda İsrail təkcə Qəzzada deyil, daha geniş cəbhədə hərbi əməliyyatlara cəlb oluna bilər.

Nəticə etibarı ilə İsrailin İrana hücumu özlüyündə ciddi risklər daşıyır. Lakin o da faktdır ki, İsrailin hazırkı hökuməti, xüsusən də radikal sağçı qanad İrana daha sərt cavab verilməsini tələb edir. Qəzza müharibəsində olduğu kimi, bu məsələdə də Netanyahu radikal sağ qanadla hesablaşmağa məhkumdur. Lakin geniş mənada İranla ikinci cəbhə açmaq hazırkı mərhələdə İsrail dövlətinin (radikal sağ siyasətçilər istisna olmaqla) maraqlarına cavab vermir. 

Bu mənada hazırda Yaxın Şərqdə yeni konfrontasiyanın baş verməsi Vaşinqtonun iradəsindən asılıdır. ABŞ İsraildəki qisas ehtiraslarını cilovlaya bilməsə İran-İsrail qarşıdurmasının növbəti raundu realdır.

Digər xəbərlər