Qəzza müharibəsinin 6 ayı tamam oldu. Bir neçə gün əvvəl isə Həmas və İslami Cihad qruplaşmaları İsrailin cənubunda yerləşən Netivot yaşayış məntəqəsi, Aşkelon və Sderot şəhərlərini raket atəşinə tutub. Həmçinin Qəzza zolağının daxilində Kfar Aza məntəqəsindəki İsrail hərbi qüvvlərini minaatanlarla atəşə tutdu.
Həmas və İslami Cihadın İsrailə raket atdığı ərazilər formal olaraq İsrail ordusunun işğalı altında olan bölgələrdir. Bu da o deməkdir ki, İsrail Qəzzanın içərisində bütün əraziləri tam olaraq nəzarətə götürməyib, zolaq daxilində mövqe döyüşləri davam edir.
180 gündən çoxdur ki, dünyanın ən modern ordularından biri 365 kv.km ərazisi olan sahil zolağında 33 min insanın ölümünə səbəb olub, ancaq bu kiçik ərazini hələ də tam olaraq nəzarətə götürə bilməyib. Həddən artıq sıx məskunlaşma, şəhərlərin çoxluğu və tunel şəbəkəsi nizami İsrail ordusunun partizan qüvvələrə qalib gəlməsinə mane olur.
Əslində ilk gündən bəlli idi ki, bu müharibə uzanacaq, İsrail hakimiyyəti Həmasın 7 oktyabrda İsrail ərazisinə hücumundan istifadə edərək Qəzza zolağına hərbi müdaxiləyə qərar verdi. Məqsəd zolağı tam nəzarətə götürüb Həmas, İslami Cihad və digər silahlı birlikləri təmizləyərək Qəzzanı İsrail üçün təhdid olmaqdan çıxarmaq idi. Lakin 6 aydır davam edən hərbi əməliyyatlar, havadan dəqiq nöqtə zərbələri Qəzzanı işğal etməyə yetərli olmadı.
Yeri gəlmişkən, İsrail və Həmas arasında bundan əvvəl 2008, 2014 və 2021-ci illərdə baş verən müharibələrin heç biri bu qədər davam etməyib.
Ancaq uğursuzluğa baxmayaraq İsrail hakimiyyəti indi Qəzzanın sonuncu “toxunulmamış” şəhəri olan Rəfaha hücum etmək, bununla da bütünlükdə Misir-Qəzza sərhədini nəzarətə götürməyi düşünür. Lakin israillilərin həddən artıq amansız davranışı, dinc sakinləri, hətta beynəlxalq yardım təşkilatlarını belə fərq qoymadan hədəfə alması dünyada İsrailə qarşı etirazları artırıb. Hətta İsrailin ən böyük dəstəkçisi ABŞ belə indi bunu etiraf edir.
Müharibə isə davam edir, belə getsə Qəzzada döyüşlər hələ uzun müddət davam edəcək. Daha əvvəl xəbərdarlıq edildiyi kimi, Qəzza İsrail üçün bataqlığa çevrilir.