İranın İsrailə cavab zərbəsi necə olacaq?

  • 05.04.2024
  • 82 baxış

İsrailin İranın Suriyadakı səfirlik binasını vuraraq 2-si general olmaqla 7 nəfəri öldürməsi Tehran üçün necə deyərlər, “qırmızı xəttin” keçilməsi idi. 

Hazırda nəzərlər İrana çevrilib. Tehranın İsrailə cavabı nə olacaq? İran hakimiyyəti, o cümlədən dini lider və prezident sərt şəkildə cavab veriləcəyini deyib. 

Ancaq bu cavab necə olacaq? İran birbaşa İsrail ərazisini və ya İsrailin region ölkələrindəki diplomatik missiyalarını hədəfə alçaq, yoxsa ənənəvi qaydada Proxy qruplar vasitəsilə İsrailə zərbə vuracaq? 

Bu arada ABŞ Müdafiə Nazirliyi İranın ittihamlarına cavab olaraq Dəməşq hücumunda hər hansı şəkildə iştirakını təkzib edib. Belə görünür ki, amerikalılar böhranın daha da böyüməməsini istəyirlər. Ötən gün isə bir sıra media orqanları İsrailin region ölkələrindəki idiomatik missiyalarının fəaliyyətini dayandırması haqda xəbərlər yayıb. Bu da onu göstərir ki, İsrail birbaşa özünə qarşı olmasa da, diplomatik nümayəndəliklərə hücumlardan ehtiyat edir. 

Aydın məsələdir ki, Tehran İsrailə birbaşa hücum edib bütün dünyada ciddi təzyiqlərlə üz-üzə olan İsrailin imicinin xilasına xidmət etmək istəməyəcək. Lakin eyni zamanda İran nüfuzunu qorumaq üçün hansısa şəkildə cavab addımı atmalı olduğunu anlayır. Bu səbəbdən də Tehran birbaşa deyil, dolayı yolla cavab verməyi planlayacaq. Söhbət İsrail təmsilçiliklərinin hədəfə alınması və eləcə də İsrail ordusu mənsublarının Hizbullah və digər İrana bağlı qruplar tərəfindən qisas əməliyyatına məruz qalmasından gedir. 

Yeri gəlmişkən, dünən axşam İran bəluclarının separatçı təşkilatı “Ceyş əl-Adl” qruplaşması İran ordusunun Pakistanla sərhəd ərazidə yerləşən iki postun və Sepah düşərgəsinə hücum edib. Döyüşlərdə 3 iranlı hökumət məmuru və 15 terrorçu öldürülüb. İki hadisə arasında birbaşa əlaqə olmasa da, belə görünür ki, son hadisə Dəməşq hücumunun kölgədə qalmasına çalışır. 

Lakin güman ki, İran yaxın saatlarda hansısa formada İsrailə Dəməşq hücumuna görə cavab verəcək. Nəzərə almaq lazımdır ki, sabah İranda “Qüds günü” qeyd olunur. Tehranın cavab addımını “Qüds günü” tədbirləri ilə eyni vaxtda həyata keçirməsi ehtimalı yüksəkdir.

Digər xəbərlər