Türkiyə seçkilərinin sürpriz nəticəsinin arxasındakı "sirr"

  • 02.04.2024
  • 151 baxış

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri AKP-nin 22 illik iqtidar tarixində ilk məğlubiyyəti oldu. 2002-ci ildən bu yana bütün seçkilərdə qalib gələn Türkiyənin hakim partiyası 31 mart seçkilərində ilk dəfə ikinci yerə düşdü. 

Ana müxalifət CHP isə 1977-ci ildən bu yana ilk dəfə ittifaq olmadan qatıldığı bələdiyyə seçkilərində qalib oldu. Seçkilərin ilkin nəticələrinə əsasən CHP ümumi səs hesabında 37,74 faizlə liderdir, AKP isə 35,49 faizlə ikinci olub. Seçkinin sürprizi isə 2018-ci ildə yaradılmış Fatih Ərbakanın lideri olduğu Yenidən Refah Partiyası oldu. YRP 6,19 faiz səs alaraq digər partiyaları qabaqlayıb. 

CHP 14 böyük şəhər, 21 vilayət mərkəzi və 337 rayon olmaqla ümumilikdə ölkə üzrə 420 bələdiyyəni qazanıb. AKP isə 12 böyük şəhər, 12 vilayət mərkəzi və 356 rayon olmaqla 505 bələdiyyəni qazanıb. İstanbul, Ankara, İzmir, Bursa, Antalya, Mersin, Adana kimi ölkənin əsas şəhərlərini CHP qazanıb. 

Maraqlıdır ki, müxalifət bu seçkilərə pərakəndə halda getmişdi. İqtidar isə Cumhur İttifaqı olaraq qatılmışdı. Ancaq CHP təkbaşına qatıldığı seçkilərdə qazandı. Türkiyə seçkiləri ilə bağlı hazırda çoxlu sayda şərhlər olduğunu nəzərə alaraq seçkilərin ümumi nəticələri, AKP-nin məğlubiyyəti və CHP-nin qazanmasına səbəb olan faktorları qısaca belə sıralamaq olar. 

1. AKP seçkilərə zəif komanda ilə çıxmışdı. İqtidarın İstanbul və Ankara bələdiyyə sədri namizədləri nüfuzlu fiqurlar deyildi və xalq arasında dəstəklənimrdilər. 

2. AKP son 22 ildir iqtidarda olan partiya kimi, seçicilərə yeni nəsə vəd edə bilmədi. Üstəlik iqtisadi vəziyyətin pisləşməsi, inflyasiyanın dərinləşməsi və ən əsası ötən ilin mayında keçirilən seçkilərdə verilən vədlərin əksəriyyəti reallaşmadığı üçün seçici AKP-yə səs vermədi.

3. Yenidən Refah Partiyasının 3-cü olması onu göstərdi ki, AKP-nin əsas elektoratı olan dindar-mühafizəkar qrup artıq özünə alternativ axtarır, Ərdoğandan üz döndərir.


CHP-nin qələbəsini şərtləndirən amillər.

1. CHP bələdiyyə seçkilərinə yeni və gənc komanda ilə gedirdi. Ötən ilki prezident və parlament seçkisindən sonra CHP qurultaya gedərək yeni sədr seçdi. 

2. CHP-nin bələdiyyə sədri namizədləri, xüsusən də Ankara və İstanbul merləri bundan əvvəlki 5 il ərzində bələdiyyə sədri olub və təmiz işlədiyi üçün xalq onları dəstəklədi.

Digər xəbərlər