"Parlament seçkilərinə qatılmağı düşünürəm"

  • 01.04.2024
  • 359 baxış

İsraillə hər an müharibəyə girməsi təhlükəsi olan Livanda həm iqtisadi və siyasi vəziyyət günü-gündən pisləşir. Ölkənin milli valyutası kəskin şəkildə dəyər itirib, qiymətlər bahalaşıb, üstəlik ölkənin “ənənəvi” problemi davam edir: siyasi qüvvələr prezident seçkiləri ilə bağlı razılığa gələ bilmir.

Yaxın Şərqin bu kiçik, ancaq həssas ölkəsini bizim üçün maraqlı edən həm də bu ölkədə yaşayan türkmənlərdir. Livan türkmənləri hazırkı vəziyyət haqqında nə düşünür?

Livan Kavaşar kəndindən olan, Ankara Universitetinin Politologiya fakültəsinin məzunu, həmçinin Beyrut Cinan Universitetinin magistrı, ictimai fəal, Livan parlamenti üzvlüyünə namizəd Gülay əl-Əsədlə bu ölkədəki vəziyyəti müzakirə etdik.

- Gülay xanım, Livanda müharibə riski hələ də qalırmı? İsrailin Livana hücum təhlükəsi nə qədər realdır?

- Livanda, xüsusən də cənub hissəsində vəziyyət çox pisdir. İnsanlar əlbəttə ki, müharibə istəmir. amma orda vəziyyət elədir ki, müharibə hər an başlaya bilər. Məsələn bu günlərdə Hizbullah Livanın xristianlar yaşayan bir rayonunda raket qurğusu yerləşdirməyə çalışırdı. Ancaq yerli əhali toplandı ora və etiraz etdilər, hətta qarşıdurma yarandı. İnsanlar “biz kəndlərimizin xaraba qalmasını istəmirik” deyərək qarşı çıxdılar. Nəticədə Hizbullah raketləri oradan çıxarmalı oldu. Əlbəttə, bu Hizbullaha münasibət deyil, ancaq insanlar bilir ki, İsrail raket atılan yeri vurur, heç kim öz kəndinin hədəf olmasını istəmir.

- Gülay xanım, dediniz ki, xristianlar Hizbullah üzvlərini kəndlərindən qovublar. Hizbullaha münasibət necədir? Türkmənlər arasında Hizbullaha simpatiya bəsləyən şəxslər varmı?

- Bəzi türkmənlər Hizbullahı dəstəkləyir. Amma Akkar rayonunda vəziyyət dəyişir, burada Rafiq Həriri tərəfdarları üstünlük təşkil edir. Dediyim kimi, 8 mart blokunu dəstəkləyən insanlar da vardır. Ancaq əksəriyyət türkmənlər Hizbullahı dəstəkləmir.

 

- Livanda sosial-iqtisadi vəziyyət nə yerdədir? Xüsusən də türkmən kəndlərindəki vəziyyət haqda bilmək istərdik. Türkmənlərin iş tapmaq, dolanışıq şərtləri digər əhalidən fərqlənirmi?

- Livanın iqtisadi vəziyyəti çox pisdir, ölkə dərin iqtisadi böhran keçirir. İnsanlar banklardakı pullarını çıxara bilmirlər. Banklar deyir ki, biz Mərkəzi Banka pulları vermişik, hökumətə borc vermişik. Və bunu bəhanə edib insanlara banklardakı pulları verilmir. Hazırda dolların 3 fərqli satış qiyməti var ölkədə. Buna paralel olaraq ölkədə qiymətlər dəhşətli dərəcədə bahalaşıb. İşləyən insanların maaşları artıq onları təmin etmir. Məsələn, daha əvvəl 1500 Livan lirəsi 1000 dollara bərabər idi. Ancaq indi 1500 lirə 120-125 dollara bərabərdir. Daha əvvəl bu pulla hətta ölkədən kənara çıxmaq olardı, indi isə bu pul ancaq yeməyə çatır.

Əlavə olaraq işsizlik həddən artıq yüksəkdir.

 

- Sirr deyil ki, Livanın problemləri həm də siyasətlə əlaqədardır. Ölkədə formalaşmış siyasi sistem davamlı olaraq böhranlara səbəb olur. Ölkədə prezident seçkiləri hər dəfə ciddi böhrana səbəb olur. Hazırda siyasi problemlərin həlli ilə bağlı hansı irəliləyiş var? Növbəti seçkilər nə zaman olacaq?

- Təbii ki, Livandakı problemlərin əksəriyyətinin əsl səbəbi siyasidir. Bilindiyi kimi, Livanda iki əsas siyasi qrup var. 14 mar siyasi bloku Qətər, Səudiyyə Ərəbistanı, Fransa və ABŞ-a yaxındır. 8 mart siyasi bloku isə Suriya, İran və İraq dövlətlərinə bağlıdır. Bu iki siyasi qrup uzun müddətdir ki, ölkə prezidenti postunda razılaşa bilmirlər. Livan prezidenti parlamentdə seçilir və prezident seçilməsi üçün parlamentdəki siyasi partiyaların anlaşması lazımdır. Livan parlamentar sistemə malik ölkədir, üstəlik mövcud qanunlara əsasən, Livanda prezident yalnız maruni xristian ola bilər. Hər iki siyasi qrup ölkə prezidenti olacaq şəxsin üzərində anlaşa bilmir. Çünki 14 mart blokunu dəstəkləyən ölkələr 8 martın namizədini qəbul etmir, eyni şəkildə 8 mart blokunun arxasındakı dövlətlər də 14 martın namizəd olmasını qəbul etmir. Çünki məsələn, ABŞ, Fransa, Səudiyyə Ərəbistanı deyəcək ki, İran, Suriyanın təsiri altında olan bir prezidenti qəbul edə bilmərik. Bu səbəbdən də Livan prezidenti mövzusunda siyasi qüvvələr ortaq mövqeyə gələ bilmir. Xaricdən gələn yüksək səviyyəli qonaqlar, prezidentlər, baş nazirlər, nazirlər gəlir, prezident seçilməsi üçün danışıqlar aparırlar. Ancaq təəssüf ki, hələ də bir nəticə yoxdur.

 

- Seçki olsa türkmənlər də qatılacaq, yəni türkmən namizədlər olacaq? Türkmən bölgələrindən deputat olmağa iddialı kimlər var? Həmçinin türkmənlər əsasən hansı siyasi partiya və bloklara yaxındır?

- Bilindiyi kimi, türkmənlər daha əvvəl tamamən Rafiq Həririni və onun qurucusu olduğu 14 mart blokunu dəstəkləyib. Ancaq eyni zamanda türkmənlər arasında 8 mart blokuna mənsub insanlar da olub. Hətta 8 mart blokunda yaxşı mövqeyə sahib olan türkmənlər də var. Eyni zamanda müstəqil şəxslər də var.

- Livanda türkmənlərə məxsus siyasi təşkilat və ya ictimai qurumlar varmı?

- Livan türkmənlərinin bir çox dərnək və təşkilatları var. Türkiyə Türkmənlər Dərnəyi var, indi biz Azərbaycan və Livan Türkmənləri Dostluq Dərnəyini qurmağa çalışırıq. Hazırda bu təşkilatın Livan Daxili İşlər Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmasını gözləyirik. Livanda yeni təşkilatın qeydiyyata alınması bir az çətin prosesdir, amma yenə də biz gözləyirik. Lakin Livan türkmənləri arasında siyasi təşkilatlanma bu günə qədər olmayıb.

 

- Sizin deputatlığa namizədliyinizi irəli sürmüşünüz daha əvvəlki seçkilərdə. Bu dəfə seçkilərdə yenidən namizəd olmaq məqsədiniz var?

- Əgər seçki sistemi dəyişsə və məni dəstəkləyəcək seçki siyahısı (blok) olarsa, bəli, seçkilərə qatılmağı istəyirəm. Əlbəttə, bunun üçün ciddi dəstəyə ehtiyacım var, türkmənlərin və bölgəmizin insanlarının dəstəyini almalıyam. Dəstəyə çox ehtiyacım var.

- Sizin kimi deputatlığa namizəd və ya deputat, eləcə də yüksək dövlət postları tutmuş türkmənlər olub?

- Xeyr, bildiyim qədər mən ilk oldum, məndən əvvəl türkmənlər arasından parlament seçkilərində namizəd olmayıb.

Livan türkmənləri arasından dövlətdə yüksək post, yəni məsələn, nazir vəzifəsi tutan şəxslər olmayıb. Ancaq müəyyən vəzifələrdə təmsil olunan, eləcə də orduda vəzifə tutan türkmənlər olub və var.

Parlamentə seçilməyi çox istəyirəm, bunun üçün çalışıram. Türkmənlərin hüquqlarını müdafiə etmək, türkmən icmasının inkişafı üçün bu addımı atmağımız lazımdır. Çünki biz nə qədər güclü olsaq, Livanda mövqelərimiz möhkəmlənər, Azərbaycan və türk dövlətləri ilə əlaqələrin inkişafına nail ola bilərik. Bu istiqamətdə görüləcək çox işlərimiz var. Buna görə də türkmənlərin siyasətdə təmsil olunmasına ehtiyac olduğunu düşünürəm.

- Livan türkmənləri Novruz bayramını qeyd edir?

- İndi Livanda türkmənlər Novruz bayramını xüsusi şəkildə qeyd etmir. Yalnız Analar Günü və Baharın gəlişi günü olaraq qeyd edilir.

Ancaq babam deyir ki, daha əvvəllər Livan türkmənləri Novruz günün qeyd edirdilər. Kənd meydanında yarış təşkil olunur, gənclər güləş yarışı keçirir, tonqaldan atılırdılar.

Kənan Rövşənoğlu

 

 

Digər xəbərlər