Rəfah əməliyyatı Ramazan ayından sonra başlayacaq

  • 19.03.2024
  • 165 baxış

İsrail ordusu bir neçə həftə ərzində (güman ki, Ramazan bitdikdə) Rəfah şəhərinə hücum edəcək. Bu barədə açıqlama verən baş nazir Netanyahu deyib ki, “heç bir beynəlxalq təzyiq İsrailin müharibədəki məqsədlərinə çatmasına mane ola bilməz”.

 

Onun sözlərinə görə, Qəzzada müharibənin indi, yəni məqsədinə nail olmadan dayandırması İsrailin uduzması mənasına gəlir və hökumət buna imkan verməyəcək. Netanyahu deyib ki, Qəzzada əməliyyat “Həmasın məhv edilməsi, bütün girovların azad edilməsi və Qəzzanın yenidən İsrailə qarşı heç bir təhdid təşkil etmədiyi” bir vəziyyətə gələnə qədər davam edəcək.

 

Qeyd edək ki, ötən cümə günü “Jerusalem Post” qəzeti baş nazir Netanyahunun Rəfah şəhərində “mülki əhalinin təxliyəsini” də nəzərdə tutan hərbi əməliyyat planını təsdiqlədiyi haqda xəbər yayıb.

 

Qonşu ərəb ölkələrinin, ABŞ və Avropa İttifaqının, eləcə də BMT və digər beynəlxalq təşkilatların qəti xəbərdarlığı, hətta sərt addımlar atılması ilə təhdid etməsinə rəğmən İsrail hakimiyyəti Rəfah əməliyyatından geri çəkilmək fikrində deyil. Bunun isə bir neçə səbəbi var.

 

1.         İsrail güman ki, kəşfiyyat məlumatı ilə Həmasın əsas liderləri və komandirlərinin Rəfahda gizləndiyini bilir. Buna görə də Həması tamamən yox etmək üçün Rəfaha hücum etməkdə israr edir.

 

2.         Rəfaha hücum coğrafi olaraq Qəzzanın Misirlə sərhədinin nəzarətə götürülməsi və belə demək olar ki, zolağın tamamən İsrailin nəzarəti altına düşməsi deməkdir.

 

3.         Rəfah əməliyyatı olmadan, yəni Qəzza tamamilə ələ keçirilmədən müharibənin dayanmasını İsrail hakimiyyəti psixoloji olaraq zəiflik kimi görünməsindən ehtiyat edir. Bunu Netanyahu açıq şəkildə bildirir ki, Rəfah əməliyyatı olmadan müharibə dayansa bu, İsrailin uduzması kimi görünə bilər.

 

4.         Nəhayət, daxili amillər. Netanyahu anlayır ki, əgər indiki şərtlərdə müharibəni dayandırsa və danışıqlara getsə o zaman İsrail sağı ondan üz döndərəcək və o baş nazir postunu itirəcək, bundan sonra isə güman ki, mühakimə olunacaq və üstəlik özü ilə yanaşı partiyasının siyasi karyerası bitəcək. Bu səbəbdən də indi yalnız Netanyahu özü deyil, həm də koalisiya üzvləri müharibəni dayandırmaq istəmir.

Digər xəbərlər