Ramazan ayı Qəzzaya atəşkəs gətirə bilmədi

  • 11.03.2024
  • 218 baxış

Qəzzada Ramazan ayında atəşkəsin əldə olunması ilə bağlı cəhdlər uğurla nəticələnmədi. Fələstində Ramazan ayının ilk günü qanlı keçib, gecə boyu baş verən bombardmanlarda onlarla insan ölüb.

Halbuki ötən həftə, həm ABŞ prezidenti Cozef Bayden, həm də İsrail və eləcə də Həmas rəsmiləri atəşkəs danışıqlarında müsbət irəliləyişin olduğunu bildirmişdilər.  

Ərəb mediası bildirirdi ki, əsas problem Qəzzanın şimal hissəsindən qovulmuş əhalinin yenidən evlərinə geri dönməsi və müvəqqəti atəşkəs mərhələsi bitdikdən dərhal sonra əhatəli və yekun atəşkəs və sülh prosesinin başlaması ilə bağlıdır. Həmas bu iki məsələdə israr etsə də, İsrail öz tələblərini irəli sürür.

Həmasın bu tələbi müəyyən mənada ABŞ və Misirin, eləcə də Qətərin sülh müzakirələri təşəbbüsü ilə üst-üstə düşsə də, İsrail tərəddüd edir. Çünki Netanyahu hökuməti Qəzzanın gələcək taleyini İsrailin müəyyən etməsini, Həmasın Qəzzanın idarəçiliyindən uzaqlaşdırılaraq zolağın silahsızlaşdırılmasını istəyir.

Görünür ki, atəşkəs danışıqlarının birinci mərhələsi, yəni döyüşlərin ən azı Ramazanda dayandırlması ilə bağlı hər iki tərəf ortaq mövqedə olsa da, son nəticədə atəşkəs əldə olunması mümkün olmadı. Bu gün ABŞ prezidenti yerli mediaya müsahibəsində atəşkəs danışıqlarının baş tutmamasına görə dolayısı ilə baş nazir Netanyahunu ittiham edib. Prezident Bayden deyib ki, Netanyahu artıq İsrailə faydadan çox zərər verir. Belə görünür ki, Bayden və ABŞ administrasiyası Fələstində baş verənlər görə Netanyahu ilə dil tapa bilmir və bu səbəbdən də artıq bu narazılığı açıq dilə gətirir. Əlbəttə, Baydenin Netanyahudan narazılığı əvvəl də var idi. Lakin sülh cəhdlərinin nəticə verməməsi amerikalıları getdikcə daha çox qəzəbləndirir. Çünki Netanyahu və onun radikal sağçı hökumətinin Qəzzada apardığı amansız müharibə təkcə Qəzza üçün faciə deyil, həm də ABŞ-ın regional siyasətinə zərbə vurur, Fələstinlə bağlı sülh ümidlərini tükəndirir, Vaşinqtonun 50 ildir apardığı yumşaq güc siyasətini laxladır, etibardan salır. Belə görünür ki, amerikalılar Yaxın Şərqdə etimadı yenidən qazanmaq üçün həm də İsrailin radikal sağçıları ilə hesablaşmalı olacaqlar.

Hələliksə Qəzzada Ramazan ayı başlamasına rəğmən döyüşlər, bombardmanlar davam edir.

 

 

Digər xəbərlər