2023-cü il oktyabrın 7-də şənbə günü Həmas silahlıları gözlənilmədən İsrail ərazisinə hücum edəndə heç kimin ağlına gəlməzdi ki, müharibə 5 ay davam edəcək.
Yüksək hazırlıqlı Həmas döyüşçüləri Qəzzanın İsraillə sərhədindəki beton və məftil sədləri keçərək İsrail ərazisinə daxil olaraq bir neçə yaşayış məntəqələrini ələ keçirmiş və bu zaman 1200-dən çox israilli ölmüşdü.
İsrail Həması sərt şəkildə cəzalandırmağa qərar verdi. Ancaq İsrailin Həmasa cavabı ölçülü olmadı. Dünyanın ən müasir hərbi texnologiya və silahlarına sahib İsrail ordusu 365 kv.km ərazisi olan Qəzzanı amansız şəkildə bombaladı, 2,3 milyon əhalinin yaşadığı Qəzza zolağında hazırda yaşayış evlərinin 70 faizi dağıdılıb, əhalinin böyük əksəriyyəti cənuba – Misir sərhədinə sıxışdırılıb və burada hər gün bombardmana məruz qalır.
30 mindən çox Qəzza sakini ölüb, hansı ki, əksəriyyəti uşaqlar və qadınlardır. Məktəblər, xəstəxanalar, məscid və kilsələr, bütün yaşayış yerləri, ən xırda şübhə əsasında bombardmana məruz qalır.
İsrail hakimiyyəti Həmasın hücumunu bəhanə edərək Qəzzaya tamamilə nəzarəti ələ almaq, son 17 ildə İsrail üçün başağrısına çevrilmiş bu kiçik ərazini Həmas və digər fələstinli silahlı qruplardan təmizləməyə qərar verdi. Ancaq metod çox sərt və amansız idi, amansız bombardmanlar, humanitar yardımın buraxılmaması 21-ci əsrdə dünyanın gözü qarşısında insani faciənin baş verməsinə səbəb oldu. Artıq Qəzzada 20-dən çox uşaq aclıqdan ölüb.
Amma bu qəddar siyasət İsrailə günahsız fələstinlilərin qətlindən başqa heç nə vermədi. müharibənin 5 ayı tamam olmasına baxmayaraq İsrail ordusu Qəzzaya qurudan nəzarəti təmin edə bilməyib, əvəzində bütün dünyada İsrailə qarşı bir etiraz dalğası baş qaldırıb. Əgər oktyabrın 7-də dünyanın əksər ölkələri İsraili dəstəkləyirdisə, indi bu əksər ölkələr İsraili insanlığa qarşı cinayətdə ittiham edir, bir zamanlar nasizmin amansız rəftarına məruz qalmış xalqın ölkəsi hazırda Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunur.
Artıq İsraildə də bir çoxları anlayır ki, bu şəkildə zorakı metodlarla heç nəyə nail olmaq mümkün deyil. lakin nifrət toxumlarının “dərinə” basdırıldığı o torpaqlarda “sülh meyvələrinin cücərməsi” elə də asan olmayacaq.