İsrailə qarşı beynəlxalq müstəvidə etiraz dalğası

  • 20.02.2024
  • 108 baxış

Braziliya prezidenti Lula da Silva İsraili Qəzzada soyqırımı həyata keçirməkdə ittiham edib. Efiopiyada keçirilən Afrika İttifaqı sammitində çıxış edən Silva İsrail ordusunun Qəzzadakı hərəkətlərini hitlerçin həyata keçirdiyi Xolokostla müqayisə edib. 

İsrail hökuməti Braziliya prezidentinin çıxışına kəskin reaksiya verib, baş nazir Netanyahu bildirib ki, Braziliya səfirinə rəsmi etiraz notası göndəriləcək. 

Ancaq məsələ ondadır ki, Braziliya prezidenti İsraili bu şəkildə qınayan ilk və yeganə dövlət başçısı deyil. Ondan əvvəl də bir neçə dövlət başçıları. O cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada həyata keçirdiyi qətliamı kəskin şəkildə tənqid edib. Cənubi Afrika Respublikası isə İsraili Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib. Tunis Milli Vəkillər Bürosu isə İsrail dövlət rəsmilərini Beynəlxalq Cinayət Məhkəməsinə şikayət etməyə hazırlaşdığını elan edib. 

Ötən ilin dekabrında isə ABŞ prezidenti bildirmişdi ki, artıq İsrail dünyanın dəstəyini itirir. Bu təkcə İsrail hökumətinə təsir etmək məqsədi ilə deyilən söz deyildi, dünyanın müxtəlif coğrafiyalarında artan İsrail əleyhinə çıxışlardan doğan narahatlıqdır. Çünki bu narahatlıq İsraillə yanaşı onun əsas müdafiəçisi ABŞ üçün də problem yaratmağa başlayıb. Hər nə qədər Vaşinqton İsraili müdafiə etməyə davam etsə də, ABŞ dünyadan artan tənqid səslərini susdura bilmir. 

5-ci aydır davam edən Qəzza müharibəsində 29 min insan ölüb, onların yarıya qədəri uşaqlardır. İsrailin Həmasdan qisas almaq məqsədi ilə Qəzza zolağında dinc insanları, yaşayış məskənlərini aramsız bombalaması və ən pisi İsrail ictimai rəyində nifrət dünyanın ən uçaq nöqtələrində belə etirazla qarşılanır. Cavab adekvat deyil, üstəlik hər kəs anlayır ki, müharibə və ağır bombardman 80 ildir mövcud olan İsrail-Fələstin münaqişəsinin həllinə xidmət etmir.  

Nəticə etibarı ilə İsrailin indiki radikal sağçı hökuməti fələstinliləri qovmaqla münaqişəni həll edəcəyini düşünür, bu isə mümkün deyil, üstəlik amansız qətliam və cinayətlərə səbəb olur. Fakt odur ki, ötən il oktyabrın əvvəlində İsrailin Həmas hücumuna cavab vermə haqqının olduğunu qəbul edən dünya, indi Qəzzada dinc insanların, yaşayış məntəqələrinin amansız bombardmanına səssiz qalmır. 

İsrailin indiki hakimiyyəti isə məsələni ancaq güc yolu ilə və qətliam törətməklə “həll etməyə” çalışır. Bu isə getdikcə daha çox etiraz doğurmağa başlayıb.

Digər xəbərlər