YƏMƏN DAVASI

  • 12.10.2023
  • 220 baxış

2019-cu ilin mayında Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanının mərkəzindən keçən əsas neft boru xəttini 7 silahlanmış dron vasitəsilə bombalayıb. İyunun əvvəlində isə husi döyüşçüləri şimal sərhədlərini keçərək üç istiqamətdən Səudiyyə Ərəbistanı ərazilərinə hücuma keçiblər. Hərbi əməliyyatların gedişində Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin 200-dən çox əsgər və zabiti öldürülüb, Ər-Riyadın başçılıq etdiyi koalisiyaya məxsus 20-dən artıq zirehli avtomobil məhv edilib. Daha sonra Səudiyyə Ərəbistanı rəsmi mediası və Yəmənin Səba dövlət agentliyinin bu xəbərini təkzib etsə də, videokadrlar fakt olaraq qalır.

 

Məzhəb müharibəsi, yoxsa regional siyasi rəqabət?

Üç ay əvvəl, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənə müdaxiləsinin 4 ili tamam oldu. 2015-ci ilin 26 martında 10 ölkədən ibarət ərəb koalisiyası Yəmənə hücum edəndə hədəf açıq və dəqiq idi: Husilərin Ənsarullah təşkilatının 2014-cü ilin sentyabrında ələ keçirdiyi paytaxt Sənanı geri alıb devrilmiş prezidenti Əbdürəbbi Mansur Hadini yenidən postuna qaytarmaq və Yəməndə husi – zeydi hakimiyyətinə son qoymaq. Amma savaş uzandı...

İlk baxışdan məzhəb müharibəsinə bənzəsə də, əslində Yəməndə baş verənlər regional siyasi rəqabətdir. Məsələn, bu gün 10 ərəb ölkəsini yanına alıb sünni Hadini vəzifəsinə geri qaytarmağa çalışan və bunun üçün 100 milyardlarla dollardan çox pul xərcləyən Səudiyyə Ərəbistanı 57 il əvvəl 1962-ci ildə Yəməndə Misirin dəstəyi ilə İmamət devrilib respublika qurulanda zeydi – şiə İmamətini xilas etmək üçün bugünkü kimi Yəmənə müdaxilə etmişdi. Yəni o vaxtı Səudiyyə Ərəbistanı şiələri dəstəkləmişdi. Çünki o zaman Krallıq, ətrafında xüsusən də yaxın ətrafında monarxiyaların respublikaya çevrilməsini istəmirdi.

İndi isə “oyunçuların” yeri bir qədər dəyişib. 1962-ci ildə Şah İranı ilə birləşib Yəmənə müdaxilə edən Səudiyyə krallığının qarşısında Nasirin rəhbərlik etdiyi Misir respublika vardı, indi isə Səudiyyə, Misirdəki marşal Sisinin dəstəyi ilə teokrat İranla mübarizə aparır. Və indi qarşı cəbhədə yalnız respublikaçı nasirçi Yəmən deyil, İran islam inqilabına simpatiya duyan silahlı islamçı husilər var.

Səudiyyə Ərəbistanı bundan əvvəl 2004-2010-cu illərdə 6 dəfə husilərlə savaşıb. Həmin vaxt Yəməndə hakimiyyətdə avtoritar prezident, respublikaçı zeydi Əli Abdullah Saleh idi. Və o zaman Səudiyyə Ərəbistanı Yəmən ordusu ilə birlikdə üsyan edən husiləri şimaldakı qeyri-rəsmi husi “paytaxtı” Səda şəhərinə qədər sıxışdırdı.

 

Müharibəyə çevrilən siyasi böhran

2011-ci ildə “ərəb baharı” dalğası 30 il Yəməni “dəmir yumruqla” idarə edən Əli Abdullah Salehin ölkəsinə də çatdı. Yəməndə ilk etirazlar 2011-ci ilin yanvarın 26-da Səna Universitetində başladı. Və tezliklə bütün ölkəni bürüdü. Uzun müddət davam edən etirazlardan sonra, nəhayət, Əli Abdullah Saleh istefa verməyə razı oldu. 2012-ci ilin fevralında BMT TŞ-nin müdaxiləsi ilə Yəməndə keçid prosesi başladıldı, Saleh istefa verdi, vitse-prezident Əbdürrəbbi Mansur Hadi prezident vəzifəsinin icrasına başladı.

Ancaq inqilab başa çatmış olsa da, əsas problemlər həllini tapmamışdı. Əsas problemlər təhlükəsizlik, sosial-iqtisadi vəziyyət və siyasi sabitliyin olmaması. Təhlükəsizlik sahəsində əsas problem ölkəni bürüyən terror, “Yəmən əl-Qaidəsi” adlandırılan qrupun daha da fəallaşması idi. İkinci əsas problem inqilabdan olan sosial-iqtisadi islahat gözləntilərinin doğrulmaması idi. Yəməndə iqtisadi vəziyyətin ağırlığı, xüsusən də əyalətlər arasında qeyri-bərabər gəlir bölgüsü narahatlıq yaradırdı. Siyasi qeyri-sabitliyin əsas səbəbkarı isə inqilabdan sonra yeni seçkilərin keçirilməməsi, əsasən qəbilə-tayfa münasibətlərinin kök saldığı Yəməndə siyasi istiqrarı bərqərar edəcək addımların atılmaması, yəni başqa sözlə yeni hakimiyyətin həddən artıq zəif olması idi. Bu səbəbdən də, inqilabdan sonra Cənubi Yəmənin (Cənubi Yəmən 1990-cı ilə qədər mövcud olmuş SSRİ-nin təsiri altında sosialist respublikası olub) müstəqilliyini müdafiə edən separatçı qruplar fəallaşdılar.

2014-cü ilin yanvarında isə ilk olaraq cənub separatçıları, ardınca isə husilər Milli Dialoq Konfransından çıxdılar. Bununla da, Yəməndə siyasi böhran daha da dərinləşdi. Sentyabrın 22-də isə Husi – Ənsarullah hərəkatının döyüşçüləri paytaxtı Sənanı ələ keçirdilər. 2015-ci il yanvarın 22-də prezident səlahiyyətlərini icra edən Mansur Hadi istefa verir və fevralın 6-da isə parlament buraxılıb və yeni koalisiya hökuməti formalaşıb. Bu zaman devrilmiş prezident Əli Abdullah Salehə bağlı qüvvələr də husi ittifaqına dəstək verib. Məhz husilərin paytaxtı ələ keçirib yeni hökumət qurmaları və faktiki olaraq hakimiyyəti ələ keçirmələri Səudiyyə Ərəbistanı və müttəfiq körfəz ölkələrini hərəkətə keçirib. 2015-ci il martın 25-də Mansur Hadi BMT TŞ-yə müraciət edərək husilərin qarşısını almaq üçün “könüllü ölkələrin” hərbi müdaxiləsi üçün səlahiyyət verilməsini istəyib. Bu məktubu əsas alaraq Körfəz Əməkdaşlıq Təşkilatı başda Səudiyyə Ərəbistanı olmaqla Yəmənə qarşı bir gün sonra “Qətiyyət fırtınası” adlı əməliyyat başladıb.

Yəmənə qarşı əməliyyat hələ də davam edir. Yalnız 2017-ci ildə bu əməliyyatda iki mühüm hadisə baş verib. 2017-ci ilin iyununda Qətər və Səudiyyə Ərəbistanı, eləcə də Misir, BƏƏ, Bəhreyn arasında baş verən böhrandan sonra Qətər hərbi qüvvələri Yəmən əməliyyatından çəkilib. İkinci mühüm hadisə isə 2017-ci ilin dekabrında Əli Abdullah Saleh və husilər arasında münaqişə baş verməsi və yaranan toqquşmada Salehin öldürülməsi olur.

2018-ci ilin dekabrında İsveçin Rimbo qəsəbəsində başlayan danışıqların vasitəçisi BMT, əsas tərəfləri isə Hadi hökuməti və Ənsarullah olub. Artıq müəyyən razılaşmalar əldə olunub. Onlardan biri də ötən ilin yayından qanlı toqquşmaların davam etdiyi Hudeydə liman şəhərindən qüvvələrin geri çəkilməsidir. Bütün bunlar 4 ildir davam edən müharibə nəticəsində infrastrukturu tamamilə darmadağın olmuş, minlərlə dinc insanın öldüyü, aclıq və yoluxucu xəstəliklərin yayıldığı Yəməndə humanitar böhranı yumşaltmaq üçündür. Amma böhranın köklü həlli isə yaxın deyil. Çünki bunun üçün, ilk növbədə, Səudiyyə Ərəbistanı və husilər arasında barışıq və ya anlaşma olmalıdır, daha dəqiqi İranla.

 

Yaxın Şərqin əfqanları

Husilər Yəmənin paytaxtı Sənadan 240 kilometr şimalda dağlarda yerləşən Səda şəhəri və ətrafında yaşayan zeydi qəbilələrinin ümumi adıdır. 4-cü şiə imamı Əli Zeynalabidinin oğlu Zeydi 5-ci imam olaraq qəbul edən zeydilər hazırda kompakt halda Yəmən və Pakistanda (eyni zamanda Hindistanda) yaşayırlar. Bəzi rəqəmlərə görə Yəmən əhalisinin 40, bəzi mənbələrə görə isə 30 faizi zeydidir. Eyni zamanda Səudiyyə Ərəbistanında 1,2 milyon, Oman və digər ölkələrdə də zeydilər yaşayır.

Tarixi əlaqələr və 1962-ci ildə İran şahının Səudiyyə Ərəbistanı ilə birlikdə devrilmiş İmaməti bərpa etmək üçün verdiyi dəstək bir kənara qoyulsa, elə də ciddi əlaqələr olmayıb. Ancaq İranda inqilabdan sonra bütün müsəlman aləmində olduğu kimi Yəməndə də tarixdə ilk dəfə baş tutmuş İslam inqilabına simpatiya hiss edən qruplar yarandı. Yəməndə zeydi din alimi Bədrəddin əl-Husi xütbələrində İran İslam inqilabını dəstəkləməyə başlayır. 1986-cı ildə isə əl-Husi İrana səfər edir. Bundan sonra husilərlə İran arasında əlaqələrin əsası qoyulur. Elə həmin il Yəməndə “Gənclər Birliyi” adlı təşkilat yaradılır. Daha sonra husilərin siyasi təşkilatı olan “Haqq” Partiyasına çevriləcək bu təşkilat ilk ictimai-siyasi təşkilatlanma olur. Ancaq ilk vaxtlar əsasən xeyriyyə və maarifçilik fəaliyyətləri göstərir. Çünki Zeydi İmamətinin devrilməsindən sonra Yəməndə qonşu ölkələrin də dəstəyi ilə zeydilərin məzhəblərini dəyişməsi istiqamətində kütləvi kampaniya aparıb. Bu isə istər-istəməz etiraz doğurub. İranla yaxınlaşmanın kökündə bu amil də vardı.

1990-cı illərin əvvəllərində husilərin “Dindar Gənclik Forumu” deyilən daha bir təşkilatı ortaya çıxır. Bu təşkilatın lideri isə atası ilə bir ara yola getməyən Seyid Hüseyn Bədrəddin əl-Husi olur. Daha əvvəl təbliğat və xeyriyyə işləri ilə məşğul olan bu təşkilat 2002-ci ildən etibarən Ənsarullah adı ilə fəaliyyət göstərməyə başlayır. 2004-cü ildən sonra isə silahlı husilərlə hökumət və Səudiyyə Ərəbistanı arasında ard-arda 6 müharibə olur. Bu dövrdə artıq husilər dağlardakı Səda şəhərini idarə edir, şəhər və əyalət vəzifələrinə təyinat həyata keçirirdilər, yəni artıq bir mənada husi hakimiyyət təcrübəsi formalaşırdı.

Onu da qeyd etmək lazımdır ki, əsasən dağlıq ərazilərdə yaşayan husiləri Yaxın Şərqin əfqanları da adlandırmaq olar. Gündəlik həyatda silahdan ayrılmayan dağlılar normal təchizat, hətta geyim, ayaqqabıya sahib olmasalar belə dağlarda çox aktiv döyüş əməliyyatları həyata keçirirlər. Üstəlik, dağlıq bölgələri yaxşı tanıyan husi üsyançılar həm Hadi qüvvələri, həm də şimaldan gələn Səudiyyə Ərəbistanı ordularına güclü müqavimət göstərir və zaman-zaman əks zərbələr vururlar.

Ancaq yalnız avtomatlarla deyil. İran ordusunun dəstəklədiyi husilər bir neçə dəfə Səudiyyə Ərəbistanı ərazilərini raket atəşinə tutub. 2019-cu ilin yanvarında Ədən yaxınlığında Mansur Hadi hökumətinə bağlı qüvvələrin keçirdiyi hərbi parada dronla edilən hücum nəticəsində 6 hərbçi öldürülümüşdü.

 

Səudiyyə Ərəbistanının inadı

Ancaq bütün bunlara rəğmən Səudiyyə Ərəbistanı müharibəni davam etdirir. Yəməndə isə fəlakət hər keçən gün böyüyür. BMT-nin rəsmi rəqəmlərinə əsasən tam atəşkəs əldə olunmasa, 2020-ci ilə qədər Yəməndə ölənlərin sayı 233 min nəfərə çata bilər. Ən dəhşətlisi odur ki, bu rəqəmin 60 faizini yaşı 5-dən az olan yəmənli uşaqlar təşkil edəcək. Hazırda 24 milyonluq Yəmən əhalisinin 80 faizi xarici yardıma möhtacdır, 13 milyon insan isə aclıq çəkir.

Səudiyyə Ərəbistanı koalisiyasının hava zərbələri nəticəsində ölən mülki əhalinin sayı 4800-ü keçib. Lakin beynəlxalq qınaqlara rəğmən Səudiyyə Ərəbistanı geri çəkilmək istəmir. Bunun isə bir sadə səbəbi var. Krallıq qonşuluğunda İslam inqilabı ideyalarına və İrana yaxın qüvvələrin hakimiyyətdə olmasını istəmir. Təkcə ona görə yox ki, Bab əl-Məndəb boğazı Ədən körfəzindən Qırmızı dənizə keçidin yerləşdiyi mühüm məntəqədir. Və Aralıq dənizinə çıxan bütün tankerlər, o cümlədən böyük həcmdə neft-qaz yükləri buradan keçir. Ümumilikdə, dünya ticarətinin 65 faizinin məhz bu boğazdan keçdiyi ehtimal olunur. Boğazda keçidin dayandırılması dünya ticarətinə, yük daşımalara və ən əsası neft qiymətlərinə ciddi şəkildə təsir edə bilər.

Həm də ona görə ki, Yəməndə husilərin iqtidarda möhkəmlənməsi Səudiyyə Ərəbistanının özünü birbaşa təhdid edir. Çünki Yəmən kimi dinamik, savaşçı bir ölkənin Səudiyyə Ərəbistanındakı siyasi qruplara, o cümlədən zeydi və ölkənin şərqindəki şiə siyasi qruplarına təsiri ola bilər. Bu səbəbdən də, indi krallıq “yumşaq qarınaltısı”, yarımadanın ən strateji nöqtəsini İrana güzəştə getmək istəmir. Ancaq tarixi təcrübə göstərir ki, Yəməni işğal etmək Əfqanıstan qədər çətindir. Bu mənada savaş həm də Ərəbistan dövləti üçün riskli ola bilər.

Digər xəbərlər