Misir, Qətər və ABŞ-ın atəşkəs danışıqlarını sürətləndirdiyi bir vaxtda İsrail hökuməti Qəzzanın cənubunda yerləşən Rəfah şəhərinə hücum əməliyyatı hazırlayır. İsrail rəhbərliyi hesab edir ki, Həmas rəhbərliyi Rəfahda gizlənir və bu şəhərin ələ keçirilməsi Qəzzada hərbi əməliyyatların böyük ölçüdə tamamlanması demək olacaq.
Bu bəyanat dövlət katibi Entoni Blinkenin İsrail səfərindən sonra verilməsi onu göstərir ki, İsrail ordusu Rəfaha çox tezliklə hücum edəcək. Artıq prezident Bayden də Rəfah əməliyyatı ilə bağlı xəbərdarlıq edib. Bayden bildirib ki, İsrailin Rəfaha hücumu dinc insanların kütləvi şəkildə ölümünə və humanitar fəlakətə səbəb olacaq.
Məsələ ondadır ki, müharibədən əvvəl təxminən 300 min insanın yaşadığı Qəzza-Misir sərhədində yerləşən Rəfah şəhərində hazırda Qəzzanın digər ərazilərindən gələnlər hesabına əhalinin sayı 1,2 milyon nəfərə çatıb. Əhali çadırlarda, həddən artıq ağır şəraitdə yaşayır. Rəfahda başlayan əməliyyat kütləvi insan ölümlərinə səbəb olacaq.
Baş nazir Netanyahu deyib ki, əməliyyatın çətinliyini bilirlər, lakin bununla belə əməliyyatı keçirəcəklər. İsrail hesab edir ki, Rəfah əməliyyatı Həmasın hərbi strukturunu məhv etmək və Misirlə sərhədi ələ keçirmək baxımından mühümdür. Çünki bu olarsa Qəzza tamamilə İsrailin mühasirəsinə düşər və zolağın ələ keçirilməsi asanlaşar. Lakin bu həm də böyük bir fəlakətə yol aça bilər. Üstəlik Rəfahın ələ keçirilməsi Misir-İsrail münasibətlərinin qırılmasına səbəb ola bilər.
Lakin belə görünür ki, İsrail istənilən halda Qəzzanı işğal etməkdə qərarlıdır, bunun üçün istənilən riski gözə almağa hazırdır.