İsrail və Livan arasında müharibə ehtimalı hər keçən gün artır. Ötən həftələrdə Livana qarşı müharibə təlimi keçirən İsrailin şimal ordusu son bir neçə gündür İsrail-Livan sərhədində tunellərin aşkarlanması əməliyyatına başlayıb.
Ehtimal olunur ki, 2006-cı il iyul ayında baş vermiş Livan-İsrail müharibəsindən sonra Hizbullah İran və Şimali Koreyanın yardımı ilə Livanda geniş bir tunel şəbəkəsi inşa edib. hansı ki, ölkənin regionlarını bir-birinə bağlayır. Bir neçə il əvvəl isə İsrail ordusu Livandan ölkə ərazisinə daxil olan tunelləri aşkarlamışdı. İsrail ordusu Şimal Komandanlığından general Uri Qordin bildirib ki, şimaldakı tunel təhlükəsi ilə bağlı məlumatlar açıqlanacaq.
Üstəlik son günlər Hizbullah və İsrail ordusu sərhəddə qarşılıqlı atəşləri artırıb. Ötən gün Hizbullah ağır raketlərlə İsrail ərazisini yenidən vurub. Sərhədədki hazırlıq, üstəlik toqquşmaların günü-gündən şiddətlənməsi Livan-İsrail müharibəsi riskini hər keçən gün artırır. Hələlik böyük müharibənin başlamasına maneə olan yeganə bir amil var: heç kim ilk hücum etmək istəmir.
Livana hücum İsrailə bir neçə səbəbə görə lazımdır.
1. Müharibə nəticəsində İsrail ABŞ-ın dəstəyi ilə əzəli düşməni Hizbullahı məhv edə və Livandan olan təhdidləri aradan qaldıra bilər.
2. Livanla müharibə diqqətləri Qəzzadan yayındıracaq və İsrailin oradakı əməliyyatları arxa plana keçəcək. Bununla da İsrail Qəzza məsələsini həll edəcək.
3. Hizbullahla müharibə İranı hərəkətə keçirə bilər ki, bu da ABŞ-ın İrana hərbi müdaxiləsi üçün hüquqi və siyasi əsas yaradar.
4. Livanla müharibə İsrail daxilində siyasi bölünmələri arxa plana qoyar və Netanyahu hakimiyyəti üçün yeni nəfəslik rolunu oynaya bilər.
Lakin bunun üçün yeganə həlledici məqam ilk hücum edənin İsrail deyil, Hizbullah və ya Livan olmasıdır. Çünki İsrail ilk hücum edən olarsa o zaman daha sərt beynəlxalq qınaqla qarşılaşar və istədiyi dəstəyi Qərbdən ala bilməz. Bu səbəbdən də hazırda İsrail hakimiyyəti Hizbullahın İsrailə hücum etməsi üçün əsaslar axtarır. Belə görünür ki, qarşı tərəf də bunu bildiyi üçün hücum etmək istəmir.
Lakin hazırkı “əsəb müharibəsinin” uzun müddət davam etməyəcəyi. günlərin birində Livanla müharibənin başlaması riski həddən artıq yüksəkdir.