Blinken Yaxın Şərqə 5-ci səfər turu

  • 08.02.2024
  • 97 baxış

ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqə növbəti tura çıxıb. Bu, dövlət katibinin Həmas və İsrail arasında müharibə başladığı 4 ay ərzində regiona sayca 5-cü səfəridir. 

Entoni Blinken artıq Səudiyyə Ərəbistanında olub. O, daha bir neçə ərəb ölkəsində və İsraildə olacaq. ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd olunur ki, Blinken və Səudiyyə şahzadəsi Məhəmməd bin Salman arasında keçən görüşdə Qəzzadakı müharibənin regiona yayılmasının qarşısının alınması vurğulanıb.

Diqqət çəkən odur ki, bu səfər növbəti dəfə baş tutmayan Həmas-İsrail atəşkəs danışıqlarından dərhal sonra baş verir. Əlbəttə, müharibənin regiona yayılması, Livan və İsrail arasında müharibə ehtimalı ABŞ-ı narahat edir, ancaq əlbəttə əsas narahatlıq atəşkəsin baş tutmamasıdır.

 Məlumdur ki, bu prosesin əsas müəllifi ABŞ idi. Blinkenin Qətər və Misirlə koordinasiyalı şəkildə apardığı atəşkəs danışıqları prosesi ən son anda baş tutmadı, halbuki keçən şənbə günü tərəflərin 6 həftəlik atəşkəsə gedəcəyini hətta İsrail mediası yazırdı. Həmas rəsmilərinin dediyinə görə, proses İsrail rəsmilərinin bəzi şərtləri qəbul etməməsi səbəbi ilə pozulub. 

Atəşkəs danışıqlarının uğursuz olması ABŞ və Misir kimi ölkələri çətin vəziyyətdə qoyur. Müharibənin uzanması səbəbi ilə Vaşinqton İsrailin əsas dəstəkçisi olaraq tənqid olunduğu kimi, Misir, Qətər, Səudiyyə Ərəbistanı kimi ölkələr də Qəzza xalqına lazımı dəstəyi verə bilmədiyi üçün daxili ictimai rəy və müsəlman aləminin qınaqları və tənqidləri ilə üz-üzə qalır. Bu səbəbdən də indi atəşkəs İsrail və Fələstindən daha çox Misir, Səudiyyə Ərəbistanı və ABŞ kimi vasitəçi dövlətlərə lazımdır.

Digər xəbərlər