İsrailin Qəzza tunellərinə su vurmaq planı niyə nəticəsiz oldu?

  • 05.02.2024
  • 135 baxış

İsrail ordusu etiraf edib ki, Qəzzada tunellərə su vurmaq planı məqsədinə çatmayıb. İsrail ordusunun Qəzzadakı tunelləri məhv etmək üçün “Atlantis” adı verilən plan irəli sürmüşdü. Plana əsasən tunellərə dəniz sürü vurulacaq və nəticədə Həmasın “yer altındakı” şəbəkəsi yararsız vəziyyətə düşəcəkdi. Ancaq indi, yəni 4 aydan sonra məlum olur ki, bu plan işə yaramayıb, daha dəqiqi İsrail ordusu yalnız dənizə yaxın bir neçə kilometrlik tuneli su ilə doldura bilib. 


365 kv.km ərazisi olan Qəzza zolağında Həmasa məxsus 500 kilometr uzunluğunda tunel olduğu bildirilirdi. Doğrudur, İsrail tərəfi əvvəlcə bu məlumatı təkzib etsə də, indi əslində tunelin daha böyük olduğunu etiraf edir. Mütəxəssislərin və Həması rəsmilərinin açıqlamasına görə, Qəzza zolağında 500 kilometr uzunluğu və 1300 çıxışı olan bəzi yerlərdə hətta 80 metr dərinliyə qədər enən tunel şəbəkəsi var. Bu tunellərin hamısı bir-birinə bağlanmayıb, müstəqildir. 



Həmas bu tunelləri silah anbarı, təchizat, qərargah və nəhayət 7 oktyabrdan bu yana İsrail ordusuna qəfil hücumlar üçün istifadə edir. İsrail ordusu hazırda tunelin bir hissəsinə nəzarəti ələ keçirib və jurnalistləri tunelə baxışa dəvət edib. Bu kadrlarda tunellərin bəzilərinə hətta avtomobilin daxil ola bildiyi, yataqların, duş kabinəsi və zəruri elektrik, su və digər təminatların olduğu görünür. 

İsrail ordusu bu tunellərin vahid şəbəkə olmasını əsas götürərək dəniz suyu vurmaqla tunelləri yararsız vəziyyətə gətirəcəyini elan etdi. Bu təcrübədən 1979-cu ildə Məkkədə qiyam edən Cuheyman adlı Səudiyyə ordusu zabitinin başçılıq etdiyi qiyamçılara qarşı istifadə olunmuşdu. Həmin vaxt müqəddəs məbədin zirzəmisində girlənən qiyamçıları məhv etmək üçün Fransa xüsusi təyinatlıları zirzəmiyə su buraxmış və daha sonra elektrik vermişdilər. 

Lakin Qəzzada tunellərin daha böyük şəbəkə olması, üstəlik bir-birindən müstəqil olması onları su ilə doldurmaq planını uğursuz etdi. Həmas isə hələ də böyük hərbi mühəndislik uğur adlandırdığı Qəzza tunellərindən İsrail ordusuna qarşı qəfil hücumlar üçün istifadə edir. Son günlərdə də yayılan kadrlarda tunellərdən çıxan Həmas döyüşçüləri İsrail ordusu əsgərlərinə qəfil hücumlar edirlər. Həmas tunelləri hələ də İsrail ordusu üçün əsas başağrısı olaraq qalmaqdadır.

Digər xəbərlər