Həmasın 7 oktyabr hücumunun şifrələri

  • 24.01.2024
  • 220 baxış

Qəzzada fəaliyyət göstərən Həmas hərəkatı ötən il oktyabrın 7-də İsrailə hücumla bağlı hesabat yayımlayıb. Ərəb və ingilis dillərində yayılan 16 səhifəlik hesabatda 7 oktyabr hücumun səbəbləri, əməliyyat zamanı baş verənlər, o cümlədən mülki insanların ölümü ilə bağlı məqamlara toxunulub. 

Hesabatda ən çox diqqəti cəlb edən isə hücumun səbəbləri ilə bağlıdır. Hesabatda qeyd olunur ki, 7 oktyabr hücumu İsrailə Fələstinə qarşı işğal siyasətinə qarşı bir cavab reaksiyası olub. 

Eyni zamanda hesabatda qeyd olunur ki, Fələstinin gələcəyinə məhz Fələstin xalqının qərar verəcəyi qeyd edilir. Həmas başqa bir ölkənin Fələstin xalqı əvəzindən ölkənin taleyi ilə bağlı qərar verməsinə icazə verilməyəcəyini deyib.

Həmasın hesabatında məhz sonda qeyd olunan məqam 7 oktyabr hücumunun əsl səbəbini açıqlayır. Məsələ ondadır ki, Həmasın oktyabrın 7-də İsrailə hücumu Fələstin münaqişəsinin “yuxarıdan” həllini nəzərdə tutan prosesin qarşısını aldı. Hesabatdan da görünür ki, 7 oktyabr hücumun əsas səbəbi Fələstinlə bağlı Qərb və ərəb region dövlətləri arasında razılaşdırılan planı pozmaq olub. 

Gəlin xronikaya baxaq: Sentyabrın 13-də Hindistanda G-20 sammitində ABŞ, Hindistan, BƏƏ və Səudiyyə Ərəbistanı Hindistandan gəlib Dubay vasitəsilə Səudiyyə Ərəbistanından keçib İordaniyadan İsrailə gedəcək dəmir yolu nəqliyyat dəhlizi (İMEC) layihəsini razılaşdırdılar. 28 sentyabrda isə bu layihəyə Fələstinin razılığın almaq üçün Səudiyyə Ərəbistanı Əmmandakı (İordaniya) səfirini həm də Ramallaha təyin etdi və Mahmud Abbas hökumətinin baş naziri ər-Riyada dəvət olunaraq yeni planla tanış edildi. Əlbəttə ki, tamamilə İsrail, körfəz ölkələri və Qərbdən asılı olan Mahmud Abbas hökuməti “İbrahim Razılaşması” (Abraham Accords) prosesinə mane ola bilməzdi. 

Beləliklə Fələstin məsələsinin “yuxarıdan”, yəni hökumətlər vasitəsilə həllini nəzərdə tutan 2020-ci ildə əsası qoyulmuş “İbrahim Razılaşmasının” həyata keçməsinə cəmisi bir addım qalmış Həmas bu hücumu başlatdı və bununla da faktiki olaraq Qərbin İsrail-Fələstin münaqişəsini həll planını pozmuş oldu. Məhz bu səbəbdən faktiki olaraq düşmən olduğu halda Mahmud Abbas Həmasın 7 oktyabr hücumunu nəinki qınamadı, əzəli düşməni Həması dəstəklədi. Çünki Həmas həm də Mahmud Abbası alçaldıcı sülhdən xilas etmişdi.

Digər xəbərlər