Sistanidən sonra “Nəcəf”də dini mərcəiyyənin gələcəyi

  • 11.01.2024
  • 91 baxış

Əl-Arabiyyə-nin tədqiqatçısı: Seyid Məhəmməd Rıza və Seyid Məhəmməd Baqir əs-Sistani qardaşları, ataları seyid Əli Sistani öldüyü təqdirdə fətva və mərcəiyyə işlərinə qarışmayacaqlar…

İraqın Nəcəf şəhərindəki elmi hövzədən aldığımız məlumata görə, böyük din xadimi mərhum Seyid Məhəmməd Səid əl-Həkimin dəftərxanasına tabe olan mədəni və elmi fəaliyyətlərin, “mərcəiyyənin təsdiqi ilə” Ayətullah əl-Həkimin ölümündən sonra inzibati və xeyriyyəçilik işlərinin təşkil edilməsi üçün “ictimai mənafe tələblərinin yerinə yetirilməsi və etibarın doğruldulması” baxımından, xüsusən də, bu dəftərxanaların “möminlərə” təqdim etdiyi xidmət və yardımları həyata keçirə bilməsi üçün, böyük mərcei-təqlid Ayətullah Seyid Əli Sistani tərəfindən “şəri örtüyün” hazırlanmasından sonra “olduğu kimi” davam edəcəyi bildirilir.

Müxtəlif ölkələrdən milyonlarla şiə müsəlmanın fiqhi hökmlərdə və ümumi əxlaqi məsələlərdə istinad etdiyi Nəcəfdəki “dörd böyük mərcei təqlid” dən biri olan əl-Həkim bu ilin sentyabr ayının 3-də ürək tutmasından vəfat etmişdir.
Elmi hövzədəki təcrübə sahibi şəxslər Ayətullah Seyid Əli Sistaninin yoxluğunda, “ali mərcei-təqlid” olaraq Seyid Məhəmməd Səid əl-Həkimi görürdülər. Lakin əl-Həkimin 85 yaşında dünyasını dəyişməsi, Nəcəfdəki dini mərcəiyyənin gələcəyi ilə bağlı suallar ortaya qoyur!

Əl-Həkim sülaləsindən olan fəqihlər

Mərhum Seyid Məhəmməd Səid əl-Həkim İraqın daxilində və xaricində böyük hörmətə sahib olan dini bir ailəyə mənsub idi və həmin ailənin sonrakı nəsillərə təsir göstərən siyasi, fiqhi, mədəni və ictimai bir tarixi vardır.
Seyid Məhəmməd Səid əl-Həkim dönəmin şiə müsəlmanlarının ali mərcei-təqlidi olan Ayətullah Seyid Mühsin əl-Həkimin nəslindən olsa da, Seyid Mühsin mərcəiyyəni ailə irsinə çevirməmişdir. Belə ki, Nəcəf şəhərindəki elmi hövzəyə yaxın bir mənbənin verdiyi məlumatda bildirilir ki, “əl-Həkim ailəsi hazırki mərhələdə fətvanın verilməsinə qarşı heç bir narazılıq bildirməmişdir” və “ailə mərcəiyyənin varislik yolu ilə keçməsinə qarşı olmuş, həmçinin Nəcəfdə mövcud olan elmi adətlərə və davranış ənənələrinə riayət etmişdir”.

Əl-Həkim ailəsindən təxminən 220 dini alim vardır. Onlar arasında bir çox fəqihlər və “əl-bəhsul xaric” (sadəcə fiqh, üsul, dilçilik elmi, hədis, Qurani Kərimin təfsiri, əqaid və İslam fəlsəfəsi üzrə mütəxəssisləşmiş şəxslərdən başqa heç kəsin təlim edə bilmədiyi, Cəfəri fiqhində ali ixtisaslaşma dərsləridir) müəllimləri vardır.

Seyid Məhəmməd Cəfər və Məhəmməd Baqir əl-Həkim qardaşlarının hər ikisi çalışqanlıqlarına (ictihadlarına) və fətva verməyə layiq olduqlarına şahidlik edilir.

“Əl-arabiyyə.net”ə müsahibə verən nəcəfli bir şəxs bildirir ki, “yaşları 70-i ötmüş əl-Həkim qardaşları, öz zahid həyatları ilə səciyələndikləri üçün Ayətullah Seyid Əli Sistaninin varlığında mərcəiyyədə hakim olmaq uğrunda mübarizə aparmayacaqlar”. Həmçinin əlavə etdi ki, “Elmi hövzədəki bəziləri tərəfindən bu fikrin ortaya atılmasına baxmayaraq, əl-Həkim qardaşları bundan imtina edirlər və ən azından hazırki vaxtda bu işə girişməyəcəklərini qeyd edirlər”. “Onlar tədqiqat və təlim ilə kifayətlənirlər”.

Onlardan sonra gələn nəsildə, Əl-Həkim ailəsinə mənsub olan, barmaqla göstərilən adlar var. Məsələn: Ayətullah Seyid Riyad əl-Həkim və digər onun kimi alimlər. Onların bəziləri İraqdakı “Nəcəf” hövzəsində, bəziləri isə İrandaki “Qum” hövzəsində dərs deyirlər. Həmçinin “əl-bəhs əl-xaric”dən dərs deyən 7 əl-Həkim ailəsinə mənsub şəxs vardır ki, bu dərslərdə müxtəlif ölkələrdən insanlar iştirak edir.

Mərhum Lider

1992-ci ildə, “Nəcəfdə elmi hövzənin lideri, şiə müsəlmanlarının “ali mərcei-təqlidi” və onilliklər boyu əlində dini elmlər öyrənən yüzlərlə tələbənin yetişdiyi müəllim olaraq bilinən Seyid Əbül Qasim əl-Xoyi dünyasını dəyişmişdir. Həmin tələbələr arasında onlarla fəqih və ondan sonra mərcei-təqlid olan bir çoxları vardır.

Əl-Xoyidən sonra yaranan boşluq çox böyük idi. Xüsusən də, başqa şəxslərin olmasına baxmayaraq, o, zamanında dini mərcəiyyə üzərində üstünlük təşkil edirdi. Bəlkə də bu şəxslərin ən barizləri İrandakı Ayətullah əl-Xomeyni və Ayətullah Şəriə Mədari idi.

Seyid əl-Xoyinin mərcəiyyə irsi, onun ölümündən sonra İraq və İrandakı bir neçə dini mərcəiyyələr arasında bölüşdürüldü.

Fətva vermək hüququ olan ən görkəmli İraqlılar: Seyid Əbdül Əla əs-Səbzuvari, Şeyx Əli əl-Ğərvi və Seyid Əli Sistani. Təbii ki, Şeyx Mürtəza əl-Bərucərdi və Şeyx Əli əl-Bəhşəti kimi fəqihləri də unutmaq olmaz, lakin onlar mərcəiyyə işlərinə qarışmamışlar.

Bir çox İranlı dini istinad alimləri vardır. Bunlar: Seyid Məhəmməd Rıza əl-Kəlbikani, Seyid Məhəmməd ər-Ruhani, Şeyx Məhəmməd Əli əl-Əraki və s. Onların ölümündən sonra, onlara təqlid edən bir çoxları Seyid Əli Sistaniyə təqlid etməyə başlamış və bununla da Sistani şiə müsəlmanlarının “ali mərcei-təqlidi”nə çevrilmişdir.

Beləliklə aydın olur ki, “ali mərcei-təqlidiyyə” statusu Seyid Əli Sistaniyə, müəllimi Seyid Əbul Qasim əl-Xoyinin ölümündən sonra birbaşa olaraq keçməmişdir, əksinə bunu üçün illərə ehtiyac olmuşdur. Bu elmi hövzələr ənənəsində təbii bir zaman kəsiyidir. Çünki, “Fətva vermə” elə bir peşədir ki, fəqihlər ona nə yetişə bilər nə də onu qabaqlaya bilər. “Möminlər” və “təcrübə əhli” onlara nə zaman üz tutarsa və onlar insanların ehtiyaclarına cavab verməli olduqlarını, həmçinin onların dini və dünyəvi mənafelərini qorumalı olduqlarını hiss edərlərsə, onda o mərtəbəyə çatmış olarlar. Sistani Nəcəfdəki yeganə mərcei-təqlid deyildi. Səbzuvari və əl-Ğərvinin ölümündən sonra Sistani ilə yanaşı mərhum Seyid Məhəmməd Səid əl-Həkim, Şeyx Bəşir Nəcəfi və Şeyx İshaq Fəyaz da mövcud idi. Onların hər birinin fikri və fiqhi xüsusiyyətləri olsa da, dördü də eyni təbəqədə qəbul olunurdu.

Sistaninin Mərcəiyyəsi

Yaşı 90-dan çox olan Seyid Əli Sistani sadəcə dini roluna görə deyil, həm də dar məzhəbçilik və firqəçilik çərçivələrini aşaraq “milli” liderə çevrildiyi üçün, müasir dövrün ən görkəmli fəqihi hesab olunur. Xüsusən də o, 2003-cü ildə keçmiş prezident Səddam Hüseyn rejiminin süqutundan sonra İraqın zorakılıq, terror və mühacirətə şahid olduğu bir vaxtda, müxtəlif dinə və irqə mənsub olan bütün iraqlılara “mənəvi ata” olmuşdur. Sistani iraqlıların öldürülməsi və onlara qarşı zorakılığın tətbiq olunmasına etiraz edərək, bütün bunların qarşısında açıq-aşkar dayanmışdır.

Sistaninin mərcəiyyəsi, günbəgün beynəlxalq ictimaiyyətin fərdləri arasında inam qazanmağa başladı. Onun Nəcəfdəki sadə və təvazökar evini xarici siyasətçilər və BMT-nin nümayəndələri ziyarət edirdi. Bu görüşlərdən bəlkə də ən önəmlisi, ötən mart ayında Papa Vatikan Fransislə Seyid Sistani arasında baş tutan görüş idi. Həmçinin noyabr ayının əvvəllərində Əl-Əzharın şeyxi Əhməd Tayyibin İraqa səfəri gözlənilir. Səfər əsnasında o Nəcəf şəhərini ziyarət edəcək və Seyid Sistani ilə görüş keçirəcəkdir.

Yol Xəritəsi

Sistani mərcəiyyəsinin otuz il ərzində İraqın daxilində və xaricində həyata keçirdiyi müxtəlif vəzifələr və fəaliyyətlər, ondan sonra gələcək olan dini istinad mənbələrinin (mərcəiyyələrin) işlərinə yansayacaqdır. O mərcəiyyələr nə geriləyə biləcək, nə də möminlərin həyatında çox kiçik və ya köhnəlmiş rollar oynaya biləcək. Çünki, Sistaninin iş prinsipləri və mötədilik, sivil dövlət, irqi müxtəlifliyə hörmət, din adamları ilə hökumət müəssisələrini bir-birindən ayırmağı bacaran Nəcəf ənənələri əsasında “yol xəritəsi” formalaşmışdır. Bir çoxlarının Sistaninin təcrübəsindən təsirləndiyini, ondan dərs aldığını nəzərə alsaq bu “xəritə”nin ondan sonra gələnlər üçün istiqamətləndirici yol olacağı aydın görünür. Bununla yanaşı onların bu yol əsasında irəliləmək, onu daha geniş sahələrə yaymaq və gələcəyin tələblərinə uyğun olaraq onu yeniləməkdən başqa seçimləri yoxdur.

Əlbəttə ki, Seyid Əli Sistaninin şəxsiyyəti, elmi, bilik və bacarıqlarının səviyyəsi, həmçinin zahidliyi və əxlaqı, onun mərcəiyyəsinin imicini formalaşdırmağa təsir edən mühüm amillərdir. Buna baxmayaraq, Sistani mərcəiyyəsinin əsas üstün cəhəti, aktiv istinad mənbəyi aparatının, geniş agentliklər şəbəkəsinin, fəal müəssisələrin, günbəgün genişlənən xarici əlaqələrin mövcudluğu və öz sahələrində təcrübəyə malik olan şəxslərin mərcəiyyə idarəsində çalışması, habelə mərcəiyyənin ali məqsədlərinin həyata keçirilməsi üçün müxtəlif vəzifələr tutması idi.

Sistanidən sonra

Nəcəf hövzəsində fiqh və üsuldan ali ixtisaslaşma sayılan “əl-bəhsul xaric”i tədris edən 40-a yaxın din alimi var. Bu mərhələ, sistemli universitetdəki “doktorluq” dərəcəsi ilə eynilik təşkil edir. Alimlər arasında səviyyələrin fərqli olmasından asılı olmayaraq, bu mərhələdə dərs almaq üçün “ictihad” dərəcəsinə sahib olmaq lazımdır.

“Sistanidən sonrakı” mərhələdə fəqihləri üç əsas təbəqəyə bölə bilərik. Bu bölgü yaş, tədqiqat və araşdırmalardakı həmkarlıq iyerarxiyasına əsaslanır və bu heç də birinin digərindən elmi və ya səviyyə cəhətdən üstün olduğuna dəlalət etmir. Bu biz izləyicilərin deyil, mütəxəssislərin işidir.
I. Seyid Əli Sistaniyə yaxın olan böyük fəqihlər, Şeyx İshaq Fəyaz və Şeyx Bəşir Nəcəfi.
II. Şeyx Baqir İrəvani, Şeyx Hadi Al Razi, Şeyx Həsən Cəvahiri, Seyid Məhəmməd Baqir əl-Həkim və Seyid Məhəmməd Cəfər əl-Həkim kimi fəqihlər.
III. Seyid Məhəmməd Rıza Sistani, Seyid Riyad əl-Həkim, Seyid Əli Səbzuvari, Seyid Sadiq Xorasan kimi fəqihlər.
Bu qədər “əl-bəhs əl-xaric” müəllimi və fəqihlərin olmasına baxmayaraq, “Sistanidən sonrakı mərhələdə mərcəiyyə” məsələsini izləyən bir nəfərin deyimi ilə desək, insanlar əsasən II təbəqədən 3 görkəmli şəxsi görmək üçün can atırlar. Onlar, Şeyx Baqir İrəvani, Şeyx Hadi Al Razi və Şeyx Həsən Cəvahiridir. Əlbəttə ki, Şeyx Bəşir Nəcəfi və İshaq Fəyazı da göz ardı etmək olmaz. Onlar həm dəyərli müəllim, həm də dini rəmzdirlər və onların müxtəlif ölkələrdən bir çox təqlidçiləri var.
Nəcəf hövzəsindən etibarlı bir mənbə Seyid Məhəmməd Baqir və Məhəmməd Cəfər əl-Həkimi görkəmli fəqihlər olaraq səciyyələndirir. Lakin onların bu məsələdə daha az şanslı olmasının səbəblərinə gəlincə isə, yaşlarının çox olmasını, ümumi işlərə qarışmamalarını, zahid həyat tərzi sürmələrini, bütün dünyada və İraq ictimaiyyətində baş verən sosial və mədəni dəyişikliklərdən uzaq olmalarını qeyd edə bilərik.

Sistani ailəsi

Elmi müstəvidə iki mühüm ad vardır, bunlar, Ayətullah Seyid Əli Sistaninin övladları Seyid Məhəmməd Rıza və Məhəmməd Baqirdir. Onların Nəcəf hövzəsindəki dərslərində bir çox din alimi iştirak edir.
İslami məsələlər üzrə mütəxəssis Şeyx Hüseyn Əli Mustafa “əl-arabiyya.net”ə müsahibəsində bildirdi ki, “Seyid Məhəmməd Rıza və Məhəmməd Baqir Sistani qardaşları üsul və fiqhdə dərin elmə sahib parlaq müctəhidlərdir. Onların tədqiqatları çox xüsusi və dəqiqdir”. Həmçinin əlavə etdi ki, “ dəlillər və aldığımız məlumatlar bu iki qardaşın, ataları Seyid Əli Sistani dünyasını dəyişdiyi təqdirdə mərcəiyyə uğrunda mübarizə aparmayacaqlarını göstərsə də, onların hər iki ali mərcei-təqlid olmağa layiqdirlər”. Onun fikrincə “ bu iki qardaş öz təqvalarına, idarəçilik vəzifələrindən uzaq olmalarına və Nəcəfdəki mərcəiyyənin atadan oğula keçməməsi ənənəsinə sadiq qaldıqlarına görə bu işdən uzaq dururlar. Çünki, bu elə bir vəzifədir ki, dini ailələr onu öz irsi kimi saxlaya bilməzlər.

Mərcəiyyənin qiyafəsi

Nəcəf hövzəsindəki dini mərcəiyyənin səciyyəvi xüsusiyyətlərindən biri də, onun “irqçilik” üzrə bölgüdən uzaq olmasıdır. Burada ərəb, İran əsilli və ya Azərbaycan yaxud Pakistan yaxud da Əfqanıstan əsilli bir çox dini istinad alimləri (mərcei-təqlidlər) var. Bu irqi fərqlilik onların “mərcei-təqlid” dərəcəsinə çatmalarına mane olmamışdır. Çünki, “mərcei-təqlid” dərəcəsinə çatmaq üçün elm və fəqihlikdə ali səviyyəyə malik olmaqla yanaşı, zahidlik, əxlaq, paklıq və dünya ləzzətlərindən uzaq olmaq da tələb olunur.

Şiə irsində belə bir “qızıl qayda” var, “mərcəiyyə qiyafəsi elə bir libasdır ki, onu sadəcə Allah istədiyinə geyindirər”. Buna görə də, ona can atan onu əldə edə bilməz. Yox əgər bir şəxsə Allah bunu qismət etsə, bu qismətdən qaça bilməz.

Həsən əl-Mustafa

Tərcümə: islam.az

Digər xəbərlər