
Ötən gün ABŞ prezidenti Donald Trampın İranı hədələyən və ABŞ-ın
müharibəyə qoşulacağını bildirən postları dünyada ciddi həyəcan yaratdı.
Mediada ABŞ ordusunun İrana zərbə endirməyə hazırlaşdığı, ABŞ təyyarədaşıyan gəmilərinin
və strateji bombardmançı təyyarələrinin Yaxın Şərqə doğru yola çıxdığı xəbərləri
yayıldı.
Son xəbərlərə görə, ABŞ hərbi gəmiləri Bəhreyndə yerləşən hərbi dəniz
bazasından çıxarılır. Bilindiyi kimi, Bəhreyndə ABŞ Hərbi-Dəniz Qüvvələrinin
5-ci donanmasının qərargahı yerləşir. Bəhreyn isə ada dövlətidir, İran uzun illər
bu adaya nəzarət edib. Hətta adanın müstəqilliyinə belə etiraz edib. Yəni Bəhreyn
ərazisi İran üçün açıq hədəfdir.
Son məlumatlara əsasən, ABŞ prezidenti 24 saat ərzində və ya bu həftənin
sonuna qədər İrana hücum əmri verə bilər. Təbii ki, verməyə də bilər.
Gələn xəbərlər arasında o da var ki, ABŞ prezidentinə İrana qarşı hərbi
əməliyyatlara qoşulmaqla bağlı ciddi təzyiq var, lakin hərbi əməliyyatların
risklərini nəzərə alan Tramp hələlik müqavimət göstərir. ABŞ-ın İrana hücum
edib-etməyəcəyini ən pis halda həftə sonuna qədər biləcəyik.
Trampın İranı hərbi əməliyyatla təhdid etməsi və Amerikanın İran ətrafına
qüvvə yığması bir neçə amillə izah oluna bilər. İlkin yayılan versiya budur ki,
İsrailin dərin bunkerləri dəlib keçə bilən bombaları yoxdur. Bu səbəbdən də
İranın nüvə mərkəzlərini vura bilmir və ABŞ-da bu cür bomba olduğu üçün
Vaşinqtondan yardım istəyir. Lakin məntiqlə əgər problem bunker dəlib keçən
bombalardırsa, o zaman ABŞ-ın müharibəyə qoşulması və əlavə risk almasına gərək
qalmazdı, bunker bombalarının göndərilməsi kifayət etməli idi.
Lakin ABŞ prezidenti İranı hədələyir və müharibəyə qoşula biləcəyini
bildirir. Bu isə o deməkdir ki, İsrailin İranı bir neçə gündə “dizə gətirməsi”
ssenarisi alınmayıb, İran dirəndiyi üçün ABŞ-ın işə qarışmasına ehtiyac
yaranıb. Çünki Netanyahu ilk gündə elan etmişdi ki, yaxın vaxtlarda İran “dizə
gətiriləcək”. Lakin artıq 6-cı gündür əməliyyat davam edir və vəd edilən qələbə
yoxdur, əvəzində toqquşma günü-gündən dərinləşir.
Məsələ ondadır ki, İran ərazisi həddən artıq böyükdür – 1,7 milyon
kv.km – və hərbi obyektlər geniş əraziyə səpələnib. İsrail aviasiyasının İran hərbi
və nüvə infrastrukturunu sıradan çıxarması üçün aylar, hətta illər lazım gələ
bilər. Misal üçün, 365 kv.km ərazisi olan Qəzzada bunu etmək mümkün olmadı.
Və ya Yəmənə qarşı martın 10-da yenidən hərbi əməliyyata başlayan ABŞ
ordusunun İsrail və Böyük Britaniyanın dəstəyi ilə bir neçə ay ərzində davamlı
olaraq havadan və dənizdən bombalaması nəticə vermədi və ABŞ tərəfi birtərəfli
qaydada bombardmanı dayandırdı. İran isə Yəmən və Qəzzadan qat-qat böyük və
daha güclüdür.
Aydın məsələdir ki, ABŞ-ın dəstəyi olmadan İsrail İranda hər hansı məqsədinə
nail ola bilməz. ABŞ-ın müharibəyə qoşulması isə Vaşinqton üçün daha ciddi
risklər daşıyır. Çünki İsraildən fərqli olaraq, ABŞ-ın Fars körfəzi və Yaxın Şərqə
dağılmış hərbi bazaları və gəmiləri İran raketləri qarşısında daha müdafiəsizdir
və üstəlik, Tehranı, necə deyərlər, daha güclü duruma gətirəcək.
Və nəhayət, əsas məsələ. Hər kəsə aydındır ki, quru əməliyyatı
olmadan bir ordunu və ya ölkəni məğlub etmək mümkün deyil. İndiki şərtlərdə isə
nə İsrailin, nə də ABŞ-ın İrana quru əməliyyatı təşkil etmək planı var.
Yeganə yol İranda daxildən qiyam və ya separatizmi hərəkətə gətirməkdir.
Ancaq hələlik nə qiyam, nə də hakimiyyət içərisində parçalanma var və olması
üçün ciddi bir işarə də görünmür.
İkinci variant isə monarxistlər və etnik separatçı qrupları hərəkətə
gətirməkdir. Ancaq nəzərə almaq lazımdır ki, İranda 3 etnik separatizmə meyilli
qrup – yəni kürdlər, ərəblər və bəluclar – hər biri ölkənin ucqarlarında yerləşir
və sayca azdırlar. Ən yaxşı halda bu qruplar regional iğtişaş cəhdi edə bilər.
Hansı ki, onu həmişə edirlər.
İran rejimi üçün ən əsas təhdid yarada biləcək etnik qrup olan azərbaycanlılar
isə dövlətin yanında yer aldılar. Ən azı indiki mərhələdə azərbaycanlıların
üsyan qaldıracağı ehtimalı yoxdur. Ancaq əlbəttə, İranda qarşıdakı dövrdə
separatizm ocaqlarının baş qaldırması ehtimalı hələ də qalır.
Nəticə etibarilə ortada iki mümkün ehtimal var. Birincisi, ABŞ
prezidenti müharibə əmri verir və İran Amerika qüvvələri tərəfindən bombalanır,
münaqişənin miqyası daha da genişlənir. Bu, təkcə İran üçün deyil, eləcə də region
üçün fəlakət ssenarisi deməkdir.
İkinci ehtimal isə hərbi əməliyyatlar dayanır və nüvə danışıqları bərpa
olunur. Lakin o da məlumdur ki, bu münaqişənin gerçək səbəbinin İranın nüvə fəaliyyətləri
olmadığını indi hər kəs anlayır. Başqa sözlə, hərbi əməliyyatlar dayansa da,
İran–İsrail qarşıdurması bitməyəcək.