
İran və İsrail arasında atəşkəs elan olundu. Mediada gedən məlumatlara görə, atəşkəs razılaşması ABŞ və Qətərin vasitəçilik danışıqları nəticəsində iyunun 24-də səhər saatlarında əldə olunub.
Beləliklə, İsrailin iyunun 13-də İran ərazisini bombalaması ilə başlayan qarşılıqlı bombalama ilə davam edən hərbi əməliyyatlar bitdi. Hərbi əməliyyatlar ancaq havadan və raket bombardmanları, qismən İsrail kəşfiyyatının İran ərazisindəki diversiya əməliyyatları ilə məhdudlaşdı. Bu da müasir müharibənin bir forması kimi tarixə düşdü.
Ancaq hərbi əməliyyatlar yalnız İsrail və İran arasında olmadı. Bazar günü ABŞ ordusu əməliyyata qoşuldu, B-2 bombardmançıları və Hind okeanındakı gəmilərdən atılan “Tomahavk” raketləri ilə İranın 3 nüvə obyekti bombalandı. Buna cavab olaraq dünən İran ABŞ-ın Qətər ərazisində yerləşən regiondakı ən böyük hərbi-hava bazası olan əl-Udeydi bombaladı.
Maraqlıdır ki, hər iki tərəf və ya dəstəçiləri özünü qalib elan edir. İsrail İranın nüvə obyektlərini, hava və raketdən müdafiə sistemləri. raket buraxılış qurğularını, bir neçə generalını məhv edərək üstünlük qazandığını iddia edir.
Tehran isə İsrailin hava hücumundan müdafiə sistemlərini dəldiyi və hərbi, hərbi-sənaye, enerji infrastrukturuna ağır zərbə vurduğunu bildirir.
Bəs əslində vəziyyət nə yerdədir?
İyunun 13-də İsrail hökuməti İranın nüvə silahı və ballistik raket proqramını məhv etmək adı ilə bu ölkəyə hücum edib. Ancaq sonradan açıqlanan məlumatlara əsasən hücumun əsas məqsədi nüvə potensialı ilə yanaşı hərbi infrastrukturu məhv etmək, daxildə çaxnaşma yaratmaq və silahlı separatizm və müxalifətin dəstəyi ilə rejim dəyişmək olub. İlk gecə baş verən diversiya və sui-qəsdlərin əsas hədəfi də bu olub.
Ancaq İsrail 12 gün ərzində hədəfinə qismən nail olub. Belə ki, İranın HHM sistemləri və raket buraxılış qurğuları və hərbi infrastrukturuna ciddi zərər vurulsa da, rejimi dəyişmək mümkün olmayıb, əksinə, daha da güclənib.
Əvəzində İran çox güclü müdafiə potensialına rəğmən İsrail ərazisini raketləri ilə vurmağı bacarıb.
Formal olaraq 12 günlük eskalasiya faktiki olaraq nəticəsiz başa çatdı. Lakin aydındır ki, iki ölkə arasında “soyuq müharibə” indi daha amansız şəkildə davam edəcək. Çünki hər ikisi bir-birinin zəif yerlərini bilir.