
İranda fəaliyyət göstərən Kürdüstan Azad Həyat Partiyasının (PJAK) həmsədri Əmir Kərimi BBC-yə verdiyi son müsahibədə İran-İsrail müharibəsində tərəf olmadıqlarını deyib. Sitat: “Bu bizim və xalqımızın müharibəsi deyil, biz tərəf deyilik”.
Halbuki İsrailin İrana hücumlarının ilk günü PEJAK və daha bir neçə kürd partiyası bəyanat verərək “özünü idarə edən demokratik bir cəmiyyətin inşası üçün bütün xalqları səfərbər olmağa” çağırımışdı.
Lakin indi görünür İranda situasiya dəyişib və kürd partiyaları 1 həftə əvvəl verdikləri bəyanatı dəyişməyə ehtiyac duyub.
Qeyd edək ki, İranda və İraq ərazisində fəaliyyət göstərən İran Kürdüstanı Demokratik Partiyası, İran Kürdüstanı Komala Partiyası və PEJAK Tehran tərəfindən separatçı və İsraillə ittifaqı olan terror təşkilatı hesab olunur.
Bir çoxlarına görə, İsrailin İranda əsas planlarından biri də Sistanda bəluclar, Xuzistan vilayətində ərəblər və qərb əyalətlərində isə kürdlərin silahlı üsyanını başlatmaq və bununla da rejimi daxildə zəiflədib çöküşünə zəmin hazırlamaq idi. Ancaq iyunun 14-də İran hakimiyyətinə qarşı mübarizə bəyanatı verən kürd partiyaları geri addım atması onu göstərir ki, İranda daxili qrupları mərkəzi hakimiyyətə qarşı qaldırmaq planı baş tutmayıb, İran hakimiyyəti daha möhkəm olub.
İsrailin İranda daxili separatizm və Suriyada olduğu kimi etnik qrupları ayağa qaldıra bilməməsinin bir neçə səbəbləri var.
1. İranda hakimiyyəti dəyişmək gücündə olan əsas etnik qrup olan azərbaycanlılar ilk gündən hakimiyyətin yanında yer aldı.
2. İkincisi, qədim dövlətçilik ənənələri olan xalqlarda olduğu kimi, İranda da xarici müdaxilə daxildə parçalanmaya deyil, əksinə birliyə səbəb oldu.
3. İsraillilərin Tehranda planladığı sui-qəsd və qiyam hazırlığı cəhdinin qarşısı alındı, bu da mərkəzi hakimiyyətin hələ də güclü olduğunu təsdiqlədi. İlk günlər qəfil zərbədən müəyyən qədər özünü itirsə də, İran hakim rejimi sonrakı günlərdə özünü ələ alaraq təşəbbüsü əlində saxlamağa nail oldu.
4. İsrailin hücumu iki ölkə münaqişəsi olmaqdan çıxaraq İsrailin şəxsində Qərbin İslam aləminə təcavüzü kimi qəbul olundu və Qəzza müharibəsi fonunda İsrailə qarşı qəzəb dalğası yarandı. İrana dəstək artdı, bununla da separatizm və İrana qarşı daxildə cəbhə açmaq arqumenti zəiflədi.