Hizbullahın İsrailə qarşı yeni taktikası

  • 28.08.2024
  • 52 baxış

Hizbullahın İsrailə qarşı “Ərbəin əməliyyatı” Netanyahunu çətin vəziyyətdə qoyub. Gözlənildiyinin əksinə olaraq Hizbullah İran və digər region müttəfiqləri olmadan təkbaşına İsrail ərazisinə “Katyuşa” və dronlarla gözlənilməz zərbələr endirib.  

Hizbullah lideri Həsən Nəsrullah bildirib ki, əməliyyatın əsas hədəfi iyulun 30-da Beyrutda öldürülmüş Hizbullah komandiri Fuad Şükürün qisası olub və bu məqsədlə Şükürə qarşı əməliyyatı həyata keçirən hərbi kəşfiyyatın 11 hədəfi vurulub. Əsas hədəf isə Təl Əviv yaxınlığında Gilat hərbi bazasında yerləşən və əsasən dinləmə və casusluq fəaliyyətini həyata keçirən 8200 nömrəli hissə hədəfə alınıb. Hizbullah İsrail HHM sistemləri və “Dəmir Qübbə”ni yayındırmaq üçün İsrail ərazisinə 300 ədəd “Katyuşa” atıb, ardınca isə dronlar işə salınıb.

Bu əməliyyatın İsrailə taktiki-hərbi zərbəsinin miqyasını demək çətindir, ancaq Hizbullahın zərbələrinin hərbi-siyasi və psixoloji nəticələri Netanyahu hakimiyyəti üçün pisdir. 

Əvvəla, İsrail Hizbullahın hava zərbələri qarşısında tək qaldı, yəni bölgəyə böyük sayda gəmi və təyyarə göndərən ABŞ, İngiltərə və Fransa faktiki olaraq heç nə edə bilməyib. Bununla da Netanyahunun avantürist siyasətinə dəstək vermədiklərini göstərdilər. 

İkincisi, İsrailin HHM sistemləri, o cümlədən, “Dəmir Qübbənin” keçilməz olması iddiası iflasa uğrayıb, Hizbullah kustar “katyuşa” raketləri ilə faktiki olaraq “Dəmir Qübbəni” “yorub”, nəticədə “qübbədən” atılan raketlərdən biri İsrailin patrul katerini vuraraq 21 yaşlı əsgərin ölümünə səbəb olub. 

Üçüncüsü, Hizbullahın cavab zərbələri ölçülü oldu və demək olar ki, mülki hədəflərə dəymədi. bu səbəbdən də İsrail planladığı kimi, Hizbullaha – Livana qarşı irimiqyaslı müharibə başlada bilmədi. Yalnız hava zərbələri endirməklə kifayətlənməli oldu. Halbuki Fuad Şükür əməliyyatının əsas hədəfi Hizbullahı İsrailə hücum etməyə və nəticədə Livanda ikinci cəbhəni açmağa əsas yaratmaq idi. 

Nəhayət, dördüncüsü, Hizbullah elan etdi ki, müttəfiqləri olan regional silahlı qruplar, həmçinin İran İsrailə qarşı birgə hücum həyata keçirməyəcəyini, hər biri ayrılıqda zərbə endirəcək. Bu o deməkdir ki, İsrail hələ uzun müddət gərginlik altında qalacaq. Bu şəkildə hava zərbələri təhdidi altında qalmaq ölkənin normal həyatını pozmaqla yanaşı, hərbi infrastrukturu, ordunu gərginlik altında saxlayır, yüksək xərclərə başa gəlir.

Digər xəbərlər