Qəzzanın taleyi ABŞ prezident seçkilərindən asılıdır

  • 22.10.2024
  • 4 baxış

Oktyabrın 13-də ABŞ hökuməti İsrailə məktub göndərərək Qəzzaya humanitar yardımı buraxmayacağı təqdirdə İsrailə hərbi yardımı dayandıracağı ilə hədələyib. İddialara görə indiyə qədərki ən sərt dillə yazılmış məktubu dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin imzalayıb. 

Mətbuatda iddia olunur ki, İsrail ötən ay ABŞ-ın göndərdiyi yardımların 90 faizini Qəzzaya buraxmayıb, son 2 həftədə isə ümumiyyətlə Qəzzaya yardım buraxılmayıb. Məktubda xatırladılır ki, ABŞ qanunlarına görə, Amerikanın yardımına maneə yaradan ölkəyə silah satışı dayandırılır.

İsrailə 30 gün vaxt verildiyi məktub artıq nəticə verib və İsrail məhdud sayda ABŞ yardımını Qəzzaya buraxıb. Amma bu yetərli deyil, çünki İsrail faktiki olaraq Qəzzanın şimalını cənubundan ayırıb və şimalda qalan 400 min insanın tezliklə cənuba keçməsini və İsrail ordusunun şimalda gizlənən 5 min Həmas silahlısına qarşı ağır bombardmanlara başlamağa hazırlaşır. Havaların soyumağa başladığı və evlərin demək olar ki, yox edildiyi Qəzzanın cənubunda bu insanları ağır fəlakət gözləyir. 

Digər tərəfdən, İsrail hökumətindəki ultrasağların məqsədi Qəzanın şimal hissəsini fələstinlilərdən tamamilə təmizləmək və buraya israilli məskunları yelrəşdirməkdir. Yeri gəlmişkən, son aylarda ortaya çıxan konspiroloji xəritələrdə Qəzzanın şimalından yeni nəqliyyat dəhlizinin keçəcəyi iddia olunur. Başqa sözlə, amerikalıları narahat edən həm də Qəzzanın şimalının ilhaq edilməsi planıdır. 

Belə görünür ki, Netanyahu hakimiyyəti hələlik Bayden administrasiyasını hirsləndirməmək üçün Qəzzaya məhdud yardım buraxıb. Ancaq məktubun 1 ay müddəti var, bu isə ABŞ-da prezident seçkilərindən sonraya təsadüf edir. Bu isə o deməkdir ki, əgər prezident seçkilərində Kamala Harris deyil, Tramp qalib gəlsə, İsrail hökuməti Qəzzanı “bölmək” planını davam edəcək, yox Harris qalib gələrsə, o zaman plan icra olunmaya bilər. Yəni başqa sözlə, Qəzzanın taleyi də ABŞ-dakı seçkilərdən asılı olacaq.

Digər xəbərlər