Ərəb dövlətlərinin İran-İsrail müharibəsindən gözləntiləri

  • 18.10.2024
  • 23 baxış

İran və İsrail arasında gərginli ərəb dünyasında dərin bir sakitlik hökm sürür. İsrailin Qəzzada və Livanda müharibəni dayandırması ilə bağlı çağırışları çıxmaq şərti ilə regionun aparıcı ərəb dövlətlərində susqunluq var. 

Halbuki ərəb ölkələri, xüsusən də özlərinə İslam dini ilə bağlı vəzifə yükləmiş rejimlər Fələstin münaqişəsini dini münaqişə, müqəddəs şəhər “Qüdsün taleyi” kimi həssas şüarlarla uzun illər  daxili siyasətdə və müsəlman ölkələri ilə əlaqələrdə istifadə ediblər. 

Əlbəttə, xüsusən də körfəz ərəb rejimlərinin Qərb dövlətləri ilə əlaqələri, ABŞ və Böyük Britaniyadan siyasi asılılığı faktorunu nəzərdən qaçırmaq olmaz. Lakin o da sirr deyil ki, məsələn, neft ixracının azaldılması, yaxud da Camal Xaşşuqinin İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda qətlə yetirilməsi zamanı Səudiyyə Ərəbistanı ABŞ-a belə sərt üz göstərə bilir, Vaşinqtonla hesablaşmırdı. Lakin Fələstin məsələsində ərəb dövlətlərindən gözlənilən həssas davranışın olmamasının bir səbəbi var: Bu müharibənin nəticəsi onlar üçün əlverişlidir.

Hazırkı mərhələdə müharibə İran və onun regiondakı (İraq, Yəmən, Suriya, Livan, Fələstin) kök atmış Proxy qrupları ilə İsrail arasında gedir. Üstəlik körfəz ölkələri üçün İran və onun Proxy qrupları İsraildən daha çox təhlükə ərz edir. İstər Livanda şiə Hizbullah, istərsə də, Fələstində sünni – ixvançı – Həmas ərəb rejimləri üçün eyni dərəcədə arzuolunmaz və təhlükəlidir. 

İndi region ərəb dövlətləri hesab edir ki, İran (proxiləri ilə birlikdə) və İsrail arasındakı müharibə iki tərəfdən birinin ağır məğlubiyyəti, yaxud da ən pis halda ikisinin də zəifləməsi ilə nəticələnəcək. Hər iki vəziyyət ərəb rejimləri üçün əlverişlidir. Çünki zəifləyən İran və onun “müqavimət cəbhəsi” adı verdiyi ölkələrə ərəb ölkələri daxil olacaq, İranı Livan, İraq. Yəmən kimi həssas ölkələrdən sıxışdırıb çıxaracaqlar. İsrail isə İran qarşısında zəifləyəcəyi halda ərəb dövlətlərinə üz tutacaq. Üstəlik Fələstin məsələsində də güzəştə gedəcək. Bu səbəbdən də ərəb rejimləri indi ən yaxşı halda sakit müşahidəçi kimi qalmağa üstünlük verirlər, çünki qeyd etdiyimiz kimi, istənilən sonluq onlar üçün əlverişlidir.

Digər xəbərlər