
ABŞ-ın Türkiyədəki səfiri və eyni zamanda Suriya üzrə xüsusi nümayəndə Tom Barrak növbəti dəfə Suriyanın keçid hökumətini dəstəkləyib. İsraili tənqid edən Barrak deyib ki, İsrail güclü Suriya dövlətinin deyil, parçalanmış Suriya istəyir.
Həmçinin o qeyd edib ki, Vaşinqtonun İsraili hər hansı bir addıma məcbur etmək hüququ yoxdur, yalnız təsir göstərə bilər.
Qeyd edək ki, Livan əsilli Barrak Trampın yaxın dostudur, Türkiyəyə səfir və Suriya xüsusi təmsilçisidir. Barrakın fəaliyyəti göstərir ki, Tramp eyni zamanda Livanı da Barraka həvalə edib.
Aydın məsələdir ki, yaxın dostu və etimadlı kadrı olaraq Barrak Trampın mövqeyini ifadə edir. Lakin görünən odur ki, Trampın Suriyaya baxışı ilə ABŞ ordusu və bürokratiyasının baxışı təzad təşkil edir. Səfir Barrakın Suriya ilə bağlı açıqlamaları ABŞ-ın Suriyanın yeni hökumətini dəstəklədiyi, habelə Türkiyənin Suriyanın yenidən qurulması və himayəsinə mandat verdiyini müdafiə edir.
Lakin məsələn, ABŞ ordusu, xüsusən də Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Suriyada kürdləri, yəni SDQ-ni dəstəkləyir. CENTCOM rəhbərliyi vaxtaşırı “Rojova” bölgəsinə gedərək kürd liderlərlə foto çəkdirərək bunu açıq şəkildə büruzə verirlər. Hətta bir qədər də uzağa getsək, 2018-ci ilin dekabrında Tramp ordunu Suriyadan çıxaracağını elan edəndə buna etiraz olaraq müdafiə naziri Mattis və Yaxın Şərqdəki xüsusi elçi Bredli Markqurk istefa verdi, Tramp isə geri çəkilməli oldu. Yəni kürd məsələsinə ABŞ-da qırmızı xətt olaraq baxan ciddi bir qrup var.
İsraillə bağlı məsələ isə daha mürəkkəbdir. Çünki İsrail regiondakı addımlarını milli təhlükəsizliklə əsaslandırır və buna görə heç bir ölkə ilə hesablaşmır. Aydın məsələdir ki, Vaşinqtonda İsrailə təzyiq etmək imkanları həddən artıq məhduddur.
Bu səbəbdən də indi Vaşinqtonda Suriya siyasəti ilə bağlı ciddi fikir ayrılığı var. Bir tərəfdən Tramp administrasiyası Əhməd əş-Şara liderliyində yeni Suriya dövlətinin qurulmasını dəstəkləyir, lakin digər tərəfdən ordu həm də strateji planda yaxın Şərqdə kürdləri dəstəkləyir. İsrail isə “təhlükəsizlik” bəhanəsi ilə Suriyanın 2 min kv.km ərazisini işğal edib və hazırda druzlar üçün muxtariyyət qurmağa çalışır. Tramp administrasiyası bu “üçbucağın” uzlaşmasını tapmağa çalışır.