İranda hakimiyyət daxilində gərginlik

  • 15.08.2024
  • 44 baxış

İran prezidentinin strateji məsələlər üzrə müavini və Strateji Araşdırmalar Mərkəzinin sədri, keçmiş xarici işlər naziri Cavad Zərif vəzifəsindən istefa verib. Cəmisi 10 gün vitse-prezident postunu tutan Zərifin istefası İranda hakimiyyət daxilindəki gərgin mübarizə ilə əlaqələndirilir. 

Yeri gəlmişkən, artıq prezident Məsud Pezeşkiyan özü də etiraf edib ki, ona qarşı “çox ciddi maneələr var, işləməyə imkan vermirlər”. Pezeşkiyan ad çəkməsə də, hakimiyyət daxilində Sepahla gərginliyin olmasını çoxları anlayır. 

Sepah İran hakimiyyət qollarını demək olar ki, nəzarətə götürüb, dövlətin əsas postlarına öz kadrlarını yerləşdirib. Bu səbəbdən də son illərdə istər “islahatçı”, istərsə də “mühafizəkar” qanaddan olan prezidentlərlə Sepah generalları arasında bir qayda olaraq aşkar və ya gizli rəqabət mövcud olub. Bundan əvvəl “islahatçı” Həsən Ruhani, daha sonra “mühafizəkar” İbrahim Rəisi ilə Sepah arasında bəzən üzə çıxan, bəzən isə gizli bir soyuqluq mövcud olub. Mayın 22-də qəza nəticəsində ölən İbrahim Rəisi İranda Sepaha qarşı çıxan dini elitanın təmsilçisi və Sepahın hakimiyyəti tamamilə ələ keçirməsinə qarşı duran əsas fiqurlardan idi. Ancaq Rəisinin siyasətçi olaraq zəifliyi, regionda artan gərginlik hərbi elitanın, yəni Sepahın maraqlarına xidmət etdi. 

2020-ci və 2024-cü il parlament seçkilərində Sepah qanunverici hakimiyyətə nəzarəti ələ keçirdi, general Qalibaf spiker seçildi. Ancaq Sepahın öz kadrını prezident seçdirməsi cəhdi uğursuz oldu. Sepah Pezeşkiyanın seçilməsinə mane ola bilməsə də, indi dövlət içərisindəki gücündən istifadə edərək onu sıxışdırır. 

Digər “islahatçı” prezidentlər kimi Pezeşkiyan da Qərblə danışıqları bərpa etmək və İrana qarşı sanksiyaların yumşalması, ölkədə iqtisadi durğunluğu aradan qaldırmağı əsas vəzifə elan edib. Bu işi aparacaq şəxs isə Amerikada təhsil almış, Qərblə yaxın əlaqələri olan Cavad Zərif idi. Lakin Sepah və onun nəzarətində olan media Zərifi artıq çoxdan “satqın”, İslam Respublikası siyasi sistemini təslimçiliyə aparan “Qərb agenti” elan edib. 

Üstəlik Qəzza müharibəsindən sonra İsrail və Qərblə artan gərginlik təbii olaraq hərbçilərin, yəni Sepahın mövqeyini gücləndirib. Yeni seçilmiş prezident Pezeşkiyan indi həm vədlərini reallaşdırmalı, həm də daxildəki çox qüdrətli rəqibi Sepahla mübarizə aparmalıdır. 

İsrailin Tehranda inauqurasiya günü Həmas liderini öldürməsinin ən böyük zərbəsi də Pezeşkiyana dəydi. “İslahatçı” prezident bilir ki, İranın İsrailə cavab zərbəsi onun hökuməti üçün çox ağır nəticələrə gətirəcək. Üstəlik müharibə ordunu, yəni Sepahı daha da gücləndirəcək, Pezeşkiyan və onun “islahat” hökuməti isə faktiki olaraq seytnota düşəcək. 

Sepah isə yaranmış vəziyyətdən ustalıqla istifadə edərək İran siyasi elitasındakı mümkün rəqiblərinə sarsıdıcı zərbələr vurmaqda və hakimiyyət olimpinə yüksəlməyə davam edir. Generalları “qışlaya” göndərə biləcək yeganə güc olan dini lider isə getdikcə daha da zəifləyir.

Digər xəbərlər