Dini mətnlərdə Mehdi (ə)

  • 17.10.2023
  • 168 baxış

Xilaskar qurtarıcı ideyası bütün səmavi dinlərdə, o cümlədən zərdüştilik və digər qədim inanclarda yer alıb. Bu isə onu göstərir ki, dünyanın sonunda zühur edib ilahi ədaləti bərqərar edəcək şəxs barədə fikirlər bütün peyğəmbərlərin mesajlarında yer alıb. Sadəcə, dinlərdə zamanla baş verən təhriflər bu mövzunun dəyişməsinə səbəb olub. 

Xristianlıqda xilaskar peyğəmbər İsadır. Xristian inancına (xüsusən də yevangelist inancında) görə, Qiyamətə yaxın İsa (ə) yenidən dirilib gələcək. Dünyanın xilası, ədalətin bərqərar olması bu zaman baş verəcək. 

 

Fundamentalist yəhudilər – Hasidilərin inancında Məsihin (qurtarıcı, ibranicə Maşiah) zühuruna böyük etiqad var. Ötən əsrin sonlarında baş verən bir sıra hadisələr Hasidilər tərəfindən zühurun əlaməti kimi qəbul olunur. Yeri gəlmişkən, Hasidilər sionizm və İsrail dövlətini legitim saymırlar. Ümumilikdə isə Məsih inancı yəhudiliyin 13 inanc əsasından biri kimi qəbul olunur.

 

Səmavi dinlərlə yanaşı zərdüştilik – məcusilik kimi dinlərdə də xilaskar-qurtarıcı ideyası mövcud olub. Avesta (Qatha) mətnlərində qeyd olunur ki, Zərdüşt Saoşyant adlı qurtarıcının gələcəyindən və dünyanın sonu gəlmədən öncə pislikləri yox edib ədaləti bərqərar edəcəyini qeyd edir. 

 

Ancaq təbii ki, xilaskar fikri dinlər arasında ən mükəmməl formada İslamiyyətdə qorunub saxlanır. Bu da İslamın son din olması, təhriflərdən daha çox mühafizə olunması kimi dini-tarixi anlayışlarla izah olunur. İslam mətnləri Mehdi (xilaskar) haqda bütün məzhəb və cərəyanların qəbul etdiyi hədis və tarixi mətnlərlə zəngin olsa da, müəyyən səbəblərdən Mehdi (ə) inancı daha çox Cəfəri-şiə məzhəbində qorunub. Sünni məzhəbləri Mehdi inancını qəbul etsə də, bunu ön plana çıxarmayıb - təbii ki, bəzi cərəyan və camaatlar istisna olmaqla.

Quran-Kərimdə sonuncu xilaskarla bağlı bir çox ayələrdə işarə olsa da, ən bariz əlamət olaraq Ənbiya surəsinin 106-cı ayəsi hesab olunur. 

 

“Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq”. Müfəssirlər bu ayənin məhz sonuncu qurtarıcıya, bütün dinlərdə gələn və İslamda qeyd olunan Mehdiyə (ə) aid edildiyini qeyd edirlər. Bu ayə ilə yanaşı, oxşar məzmunlu hədis Əhməd Hənbəlin Müsnəd kitabında (məşhur hədis toplusu) qeyd olunur. Hədisdə Həzrət Peyğəmbərdən (s) belə nəql olunur: “Əgər dünyanın sonuna bir gün belə qalmış olsa, Allah mənim Əhli-beytimdən bir kişini göndərəcək ki, yer üzünü zülmlə dolduğu halda ədalətlə doldursun”. 

Qeyd edək ki, İslam mətnlərində, hədis mənbələrində İmam Məhdi barəsində Peyğəmbərdən (s.a.s) söylənmiş onlarla hədis mövcuddur. O cümlədən Peyğəmbər Əhl-Beytinə mənsub imamlar Məhdi barəsində çoxlu hədislər (onların hamısı demək olar ki, Rəsuallahın kəlamlarına söykənir) söyləyiblər.

 

1) Əmirəl-mö’minin Əli (ə) – 51 hədis;

2) İmam Həsən (ə) – 5 hədis;

3) İmam Hüseyn (ə) – 14 hədis;

4) İmam Zeynül-abidin (ə) – 11 hədis;

5) İmam Baqir (ə) – 63 hədis;

6) İmam Sadiq (ə) – 124 hədis;

7) İmam Museyi-Kazim (ə) – 6 hədis;

8) İmam Riza (ə) – 19 hədis;

9) İmam Cavad (ə) – 6 hədis;

10) İmam Əliyyən-Nəqi (ə) – 6 hədis;

11) İmam Həsən Əskəri (ə) – 22 hədis

 

İmam Əli (ə) buyurub: “Peyğəmbər (s.a.s) buyurub ki, dünyada zülm və haqsızlıq baş alıb getdiyi zaman Hüseynin (ə) nəslindən bir nəfər ümmətimə rəhbərlik edib haqq-ədaləti bərpa etməyənə qədər dünyanın axırı gəlib çatmaz”.

İmam Əli (ə) “Nəhcül-bəlağə” kitabında bu mövzuya bir neçə yerdə toxunur. Allah-taala Quranda buyurub ki, “Biz yer üzündə zəif düşüb əzilənlərə bol nemət vermək, onları yer üzünün (rəhbər və) varisi etmək istəyirik”.

 

Mehdi kimdir?

 

Qeyd edək ki, İslam məzhəblərinə görə, Mehdinin (ə) kimliyi ilə bağlı fikir müxtəlifliyi var. Bəzi mənbələrdə Mehdinin İmam Həsənin (ə) nəslindən olduğu və Qiyamət ərəfəsində dünyaya gələcəyini, daha sonra bəlli bir zamanda öz imamlığını elan edəcəyi qeyd olunur. Cəfəri məzhəbində isə 12-ci İmam Mehdinin (ə) hicri 3-cü əsrdən qeybdə olduğunu və zamanı gələndə zühur edərək imamlığını bəyan edəcəyi qeyd olunur.

Məşhur hədis müəlliflərindən Əbu Davud Ummu Sələmədən (r.ə.) belə nəql edir: “Peyğəmbərdən eşitdim ki, buyurdu: “Məhdi mənim nəslimdən, Fatimənin (s.ə.) övladlarındandır”.

 

On ikinci İmam Həzrət Məhdi ibn Həsən Əskəri (ə) hicrətin 255-ci ili şaban ayının 15-də Samirə şəhərində dünyaya gəlib. Onun adı İslam Peyğəmbərinin adından, yəni, Məhəmməd, künyəsi də Peyğəmbərin künyəsindəndir, yəni Əbülqasimdir. Qeyd edək ki, İmamlar onun əsl adının çəkilməsini qadağan ediblər. Bu üzdən dini ədəbiyyatda onu bir qayda olaraq ləqəbləri ilə çağırırlar. Onun məşhur ləqəbləri Huccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullah, Əba Saleh (salehlər atası rəmzi məna daşıyır). Ən məşhur ləqəbi isə Məhdidir. Atası on birinci İmam Həzrət Həsən Əskəri (ə), anası isə Nərcis (Nərgiz) adlı xanım olub.

Qeyd edək ki, sonuncu İmamın doğulması o zamankı İslam xilafətinin mərkəzi olan Samirədə baş verir və mümkün olduqca gizli saxlanılır. Mənbələrdə qeyd olunur ki, Məhdi qeybdən əvvəlki 5 illik həyatında çox az insan onu görüb. Bunlar ailə üzvləri və atasının ən yaxın səhabələri olub. Bu onunla izah olunurdu ki, hələ doğulmamışdan çox-çox əvvəl Məhdi barəsində çoxsaylı məlumatlar vardı. Bir çoxları üçün, xüsusən də Abbasi xilafəti üçün sonuncu xilaskarın dünyaya gəlməsi xəbəri təhlükə idi. Çünki narazı müsəlmanlar üsyan qaldıra bilərdilər. Bu səbəbdən tarix Məhdinin gizli doğulduğunu və insanlardan gizli saxlanıldığını qeyd edir. O, hicri 260-cı ildə Samirədə bir zirzəmidə qeybə çəkilir.

Hicri 260-cı ildə atası 11-ci İmam Həsən Əskəri (ə) zəhərlənərək öldürüldükdən sonra 5 yaşlı Məhdi qeybə çəkilir (insanların gözündən itir). İmam Məhdinin (ə) qeyb dövrü iki hissəyə bölünür: kiçik qeyb dövrü və böyük qeyb dövrü. Kiçik qeyb dövrü (qısamüddətli qeyb) (İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən) - hicri 260-cı ildən 329-cu ilədək (dördüncü xüsusi naibin vəfatına qədər) davam edib. Bu müddət təxminən altmış doqquz il davam edib.

Kiçik qeyb dövründə şiələrin əlaqəsi İmamla tamamilə kəsilməmiş, onlar xüsusi və çox məhdud şəkildə İmamla əlaqə saxlaya bilib, hətta bəziləri Onunla görüşüblər. Bu müddət ərzində müəyyən şəxslər o Həzrətin xüsusi vəkili olub və onun əmrlərini elan ediblər.

İslam ədəbiyyatında kiçik qeyb və ya ğeybəti-suqra dövrünü böyük qeyb (ğeybəti kubra) dövrünə hazırlıq mərhələsi kimi qiymətləndirirlər. Çünki sonrakı mərhələdə müsəlmanların İmamla əvvəldə olan azacıq əlaqələri də kəsilir və müsəlmanlar öz məsələlərində İmamın ümumi vəkillərinə, yəni müctəhidlik səlahiyyəti olan və İslam hökmlərinə dərindən bələd olan alimlərə müraciət etməli olurlar.

 

İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin birinci mərhələsi başa çatdıqdan sonra, yəni hicri 329-cu ildən uzunmüddətli və böyük qeyb dövrü başlayıb və bu mərhələ indiyədək davam edir. Yalnız Allah-taala Ona qiyam etmək üçün zühur - üzə çıxma icazəsi verənə qədər davam edəcək. 

 

Məhdinin (ə) zühuru

 

Həzrət Məhdinin nə zamana qədər qeybdə qalacağı dəqiq deyil. Amma İslam Peyğəmbərindən (s.a.s) axırzaman, Məhdinin zühur əlamətləri ilə bağlı hədislər söylənilib. Ümumu olaraq hədislərə görə, bu, dünyada əxlaqi aşınmaların baş verdiyi, fitnə-fəsadın, müharibələrin, haqsızlıqların geniş yayıldığı zaman baş verəcək.

Tarix və hədis qaynaqlarında Məhdinin (ə) zühurunun Məkkə şəhərində, Həcc mövsümündə (Hicri təqvimin Zilhiccə ayı), Cümə günü baş tutacağı qeyd olunur. Zühurdan sonra Məhdinin Bədr müharibəsində Peyğəmbərlə birlikdə savaşmış müsəlmanların sayı qədər, yəni 313 nəfər naibi (köməkçi, nümayəndə) toplanacaq. Bu nümayəndələr planetin müxtəlif bölgələrindən (o cümlədən hədislərdən naiblər arasından Azərbaycandan da şəxs və ya şəxslərin olacağı bildirilir) olmaqla, yüksək intellekt və bacarıqları ilə seçilən insanlar olacaqlar.

Yeri gəlmişkən, 6-cı İmam Cəfər Sadiqdən (ə) nəql olunan rəvayətdə zühur öncəsi Azərbaycanda mühüm, birbaşa zühur hadisəsi ilə əlaqədar olacaq hadisələrin baş verəcəyi ilə bağlı məlumat verilir. Rəvayətlərdə tarixin qarmaqarışıq dövründə reallaşacaq zühurdan sonra bir sıra müharibələr baş verəcəyi qeyd olunur. İlk növbədə ilahi ədalətin bərqərar olmasını qəbul edə bilməyən müsəlmanlar arasından olan müqavimətçilərlə, daha sonra bir sıra xarici qüvvələrlə müharibələr baş verəcək. 

 

O cümlədən son illərdə bir sıra İslam alimləri Yaxın Şərqdə baş verən hazırkı savaşları, o cümlədən qara bayraqla çıxış edən İŞİD qruplaşmasını Mehdinin (ə) zühuru ərəfəsində baş verəcək müharibələrlə bağlı əlamətlər arasında uyğunluq görürlər. Bu barədə son illərdə bir sıra iddialar və müvafiq hədislərdən iqtibaslar gətirilib. 

 

Qeyd edək ki, tarix boyu çoxlu sayda insanlar (hətta Məhdinin doğumundan öncə) Məhdi adından istifadə edərək böyük hərəkatlar yaradıblar. Bir sıra müharibələrin, üsyanların, müqavimət hərəkatlarının liderləri özlərini Məhdi elan etməklə xalqdan dəstək alıblar. Orta əsrlərdə daxili müharibələrdə, 19-cu əsrdə müstəmləkə işğallarına qarşı savaşda (Sudanda 20 ildən artıq davam edən müqavimət hərəkatının lideri Mehdi olduğunu elan etmişdi) və nəhayət, son illərdə Məhdi və ya onun nümayəndəsi olmağa iddia edənlər meydana çıxıb.

 

Digər xəbərlər