İrəvanın mavi incisi - Göy Məscid

  • 05.12.2023
  • 110 baxış

İrəvan məscidi 1760-cı ildə Hüseynəli xan tərəfindən inşa edilib və 1765-ci ildə tikintisi başa çatıb. Onun sözlərinə görə, bu məscid barədə 1776-cı ildə şəhərdə olan səyyahların təsvirlərində gözəlliyinə görə şəhərin ən möhtəşəm abidəsi kimi təqdim etdikləri “Göy məscid” Şərq memarlığının nadir incilərindən sayılır. Erməni mənbələrinin bildirdiyinə görə, sovet hakimiyyəti qurulduqdan sonra 1930-cu illərdə İrəvandakı bütün məscidlərin sökülməsi ilə bağlı qərar verilir. Yalnız erməni şairi Yeğişe Çarensin ciddi cəhdlərindən sonra onun “Mavi brilliant” adlandırdığı “Göy məscid” dağıdılmaqdan xilas olur və 1936-cı ildə məsciddə İrəvan tarix Muzeyi yaradılır. II dünya müharibəsi zamanı isə məscid həm də silah anbarı kimi istifadə olunur. Müharibədən sonra məsciddə təbiət muzeyi, 1952-ci ildə isə kiçik namaz otağında astronomiya həvəskarları üçün planetarium fəaliyyət göstərir.

1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zəruriyyəti meydana çıxmışdı. Əvvəlcə 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Rekonstruksiya işləri İranın “Bünyad-e Müstəzəfan və Canbazan” (Müharibə veteranları və şəhidlər”) xeyriyyə fonduna həvalə edildi. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Rekonstruksiya işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin 24 metrlik minarəsi, 28 köşkü (hücrə), kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdir. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.

Erməni tarixçisi Tadevos Hakopyan “İrəvanın tarixi (1500-1800)” əsərində Eçmiədzin kilsəsinin yepiskopu Hovhanes Şahxatunyansa istinadən yazır: “Məscidin minarəsinin və günbəzinin bir hissəsi mavi saxsılarla üzlənmişdir. Əsas tikililər məscidin ərazisinin cənub və şimal tərəflərində idi. Yan tərəflərdə isə yardımçı tikililər və hücrələr yerləşirdi. Məscidin həyətində ətrafına sal daşlar döşənmiş və ağaclar əkilmiş bir balaca hovuz inşa edilmişdi. Məscidin üç qapısı olmuşdur. İki kiçik qapı şimal və şərq istiqamətinə, böyük giriş qapısı isə cənuba baxırdı. Məscid binası cənub səmtində yerləşirdi. Bina bir-biri ilə bağlı üç zaldan ibarət idi. Məscidin günbəzi digər iki kiçik zaldan hündür olan böyük zalın üzərində idi. Sadə görkəmli zalların yalnız həyətə baxan pəncərələri şəbəkə üslubunda işlənilmiş və rəngli şüşələrlə bəzədilmişdi. Həyətin şimal hissəsində kiçik bir ibadətxana da var idi. Məscidin minarəsi çox gözəl idi və İrəvanın tikililəri arasında ən hündür olduğundan şəhərin hər yerindən görünürdü. Azançı onun başına çıxaraq hər gün müsəlmanları ibadətə çağırırdı. Məscidin cənub portalının üzərindəki kitabədə Hüseynəli xanın adı və tikilmə tarixi həkk olunmuşdu. 
1893-1894-cü illərdə və 1898-ci ildə İrəvanda səfərdə olmuş məşhur Britaniya səyyahı və coğrafiyaşünası Henri Linç səfərləri haqqında 1901-ci ildə Londonda çap etdirdiyi kitabında şəhərin tatar (azərbaycanlı) məhəlləsindəki Göy caminin, Hacı Nəsrullah (bu məscidin adı digər mənbələrdə Hacı Novruzəli bəy məscidi kimi çəkilir) bəy məscidinin və Şəhər camisinin adlarını çəkir. Göy məscid haqqında ətraflı məlumat verən Linç, onun minarələrinin, həyətindəki hovuzun və fasadının foto şəkillərini kitaba daxil etmişdir.

 

Digər xəbərlər