Hindistan müsəlmanları dünən və bu gün

  • 04.12.2023
  • 68 baxış

Dünyada əhali sayına görə iki ən böyük ölkədən biri olan Hindistanda radikal hindi millətçiliyi ildən ilə yüksəlir. Son illərdə yüksələn millətçiliyin alovlanmasının əsas səbəbi millətçi qüvvələrin hakimiyyətdə olmasıdır. Hindistanda 2014-cü ildən, Narendra Modi və onun partiyası iqtidar olduqdan sonra etnik gərginlik artıb, daha dəqiqi hindu millətçiliyi radikallaşıb. İki il əvvəl Hindistanda müsəlmanlara qarşı ayrı-seçkiliyin yer aldığı qanunun qəbul olunması müsəlmanlar arasında narahatlığı daha da artırıb.

 

Hindistanda müsəlmanlar və hindular arasında gərginlik ötən əsrin 40-cı illərində - ölkə müsəlman və hindlilərin dövlətlərinə bölündüyü illərdə baş verib. Həmin vaxt Hindistanın müsəlman və hindular dövlətinə bölünməsi hindu-müsəlman münaqişəsinin nəticəsi idi. Ancaq aydın məsələdir ki, bütün bu cür münaqişələrdə olduğu kimi, Hindistanda ölkənin etnik və dini “əsaslar” üzərində bölünməsi, Pakistan, daha sonra isə Banqladeşin müstəqil dövlət olması bu problemi həll etmədi. Əksinə, daha da mürəkkəbləşdirdi. Hazırda sıxışdırılan, kasta sisteminin ən aşağısında yer alan hind müsəlmanlarının sayı 200 milyondan çoxdur. Bu, dünyada İndoneziyadan sonra ikinci böyük müsəlman icmasıdır. Başqa sözlə, Hindistan müsəlmanları ayrıca dövlət yaratsalar, dünyada əhali sayına görə 8-ci böyük dövlət olardılar.

 

Ancaq indi 200 milyonluq müsəlman icması 1,4 milyarda yaxın əhalisi olan Hindistanda azlıq qrupdur və ildən ilə yüksələn hindu millətçiliyinin hədəfindədir. Nə qədər Qandinin sülh mesajları və hind mistizmi kölgəsində dünyanın az qala ən sülhsevər xalqı kimi tanıdılsa da, etnik və dini əsaslı millətçilik son illərdə Hindistanda sürətlə yüksəlir.

 

Hazırkı baş nazir Narendra Modi 2002-ci ildə Qucarat ştatının baş naziri (Modi özü Qucarat ştatındandır – K.R.) olarkən bu ştatda baş verən müsəlman qətliamı Hindistan tarixinə ən dəhşətli qanlı hadisələrdən biri kimi düşüb. Qucaratda qatarda baş verən və 58 nəfərin ölümünə səbəb olan yanğının müsəlmanlar tərəfindən həyata keçirildiyi ilə bağlı şayiədən sonra alovlanan hadisələr zamanı 2 min müsəlman öldürülüb, minlərlə insan xəsarət alıb və 150 min müsəlman evlərindən qovulub. Bu zorakılıqların əsas hərəkətverici qüvvəsi isə hazırda Hindistanın hakim partiyası olan Hindistan Xalq Partiyasının (hind dilində Bharatiya Janata – BJP – K.R.) üzvləri oldu. Hətta bu hadisələrə görə Qucarat ştatının baş naziri, hazırda Hindistana rəhbərlik edən Modinin ABŞ-a girişi yasaqlanmışdı.

 

Ancaq indi artıq 7 ildir ki, Modi Hindistana rəhbərlik edir və ötən müddətdə Qandinin ölkəsində radikal sağ millətçilik, xüsusən də müsəlman əleyhdarlığı sürətlə inkişaf edir. Bəs bunun səbəbi nədir? Nədən min ildən çoxdur yanaşı yaşayan hindu və müsəlmanlar indi düşmən olub?

 

Məsələ ondadır ki, Hindistan tarixinin mühüm bir hissəsi 18-ci əsrin ortalarında ölkə Böyük Britaniya tərəfindən işğal olunana qədər müsəlmanların hakimiyyəti altında olub. Bütövlükdə orta əsr Hindistan tarixi müsəlman hakimiyyəti altında keçib. Təbii ki, bu dövr heç də güllük-gülüstanlıq olmayıb, azlıq müsəlman hakimiyyəti indi millətçi hindular üçün əsas düşmən obrazıdır. Hətta o qədər ki, dünyada Hindistanın simvolu, eşqin abidəsi kimi tanınan Tac Mahal məqbərəsi radikal millətçilər üçün nifrət qaynağına, işğal abidəsinə çevrilib.

 

Hindular müsəlmanları işğalçı, Böyük Moğollar dövlətinə işarə olaraq “monqol övladları” adlandıraraq onların monqol dövründə ölkəni işğal etdiyini təbliğ edirlər. Halbuki monqollara qədər, hətta islamın ilk illərində ərəb-müsəlman tacirlərinin Hindistan coğrafiyasında islamı yaydığı bilinir.

 

Radikal hind millətçiliyinin daha bir travması isə ölkənin ingilis işğalından sonra yaşadığı etnik-dini münaqişələr, bu zaman yaşanan ölümlər və nəhayət, vahid Hindistanın müsəlman və hindu ölkələrinə bölünməsidir.

 

1947-ci ildə ölkə Pakistan və Hindistana bölündüyü zaman baş verən qarşıdurmalar minlərlə insanın həyatı bahasına başa gəldi, yüzminlər evlərini tərk etməli oldular. Sonrakı illərdə zorakılıq hadisələri azalsa da, Hindistan müsəlmanlarına qarşı “xoşun gəlmir, Pakistana get” kinayəsi hələ də davam edir.

 

Hindistanın sağçı siyasətçilər isə son illərdə bu tarixi hadisələrə müraciət edərək hinduların hələ də öz ölkəsində “əzilən xalq” olduğu fikirləri ilə insanları bir tərəfdən radikallaşdırır, o biri tərəfdən isə səs alırlar. Bütün bunların fonunda isə hind müsəlmanlar ikinci dərəcəli vətəndaş münasibətinə məruz qalır, təhsildə geri düşür, banklarda kredt alınmasından tutmuş dövlət vəzifəsi tutmağa qədər müxtəlif sahələrdə ayrı-seçkiliyə məruz qalırlar.

 

Amma buna baxmyaraq, ölkə əhalisnin 14 faizini təşkil edən Hindistan müsəlmanları fəal icma kimi təhsil, biznes və incəsənət kimi sahələrdə xeyli aktivdir, ciddi uğurlara nail olub. Üstəlik, Hindistan cəmiyyətinin reallıqlarının əksinə olaraq müsəlmanlar radikal dinçi və ayrı-seçkilik baxışlarından uzaqdır, ölkə çoxluğuna uğurla inteqrasiya oluna bilir. Bu da öz növbəsində radikal sağçılarda qəzəb yaradır, onların arqumentini əllərindən alır. Bu səbəbdən də son illərdə hindu milliyyətçiləri müsəlmanları provokasiyaya çəkmək və onları cəmiyyətdə sıxışdırmaq üçün fərqli yollara əl atırlar. Sonuncu hadisələrdə olduğu kimi.

 

Krılovun təmsili və hindlilər

Hindistanda sağçı radikalların hərəkətləri Krılovun məşhur “Qurd və quzu” təmsilinə çox oxşardır. Yəni əvvəlcə problem yaradılır və sonra problemə reaksiya verən müsəlmanlar növbəti hücum dalğasına məruz qalır. 

 

Son hadisələr də daxil olmaqla hazırda Hindistanda müsəlmanlarla bağlı 3 fərqli ayrı-seçkilik fəaliyyəti mövcuddur. Bunların ən sonuncusu və qeyd olunan gərginliyə səbəb olanı ötən ilin sonlarında qəbul olunan vətəndaşlıq qanunudur. Vətəndaşlıq Qanunu Dəyişikliyi (CAA) adlı qanuna əsasən, Pakistan, Banqladeş və Əfqanıstandan Hindistana köçən qeyri-müsəlmanlara - hindu, sinkh, buddist, xristianlara - vətəndaşlıq verilməsi qanunu dəyişdirilir və şərtlər yumşaldılır. Ancaq yalnız müsəlmanlar bu güzəştdən məhrum edilir.

 

Yeni qanuna əsasən, bu şəxslərin Hindistanda vətəndaş olması üçün tələb olunan 12 il şərti altı ilə endirilir. Altı il Hindistanda yaşadığını sübut edən adıçəkilən ölkələrdən gəlmiş qeyri-müsəlman qaçqınlara vətəndaşlıq veriləcək. Ancaq dəyişikliyin müsəlmanlara şamil edilməməsi ölkədəki müsəlmanların narazılığına səbəb olub. Müsəlman icması bu dəyişikliyin Hindistanın dünyəvi dövlət statusu ilə üst-üstə düşmədiyini, müsəlmanlara qarşı ayrı-seçkilik olduğunu bəyan ediblər. BMT də qanunun ayrı-seçilik yaratdığını açıqlayıb. Hakim hindu millətçisi BJP isə yeni qanunun “dini zəmində təzyiqlərdən qaçanlara” hüququ status verilməsini nəzərdə tutduğunu, müsəlmanların adı qeyd olunan ölkələrdə azlıq statusunda olmadığını və bu səbəbdən də qanunun müsəlmanlara aid edilmədiyini bəyan edib.

 

Müsəlman icmalarının dəyişikliyə etiraz olaraq keçirdiyi dinc yürüş-mitinqlər isə radikal hindu millətçilərini hərəkətə keçirib. Hakim “Bharatiya Janata” Partiyasının (BJP) lideri Kapil Mişra müsəlmanları hədələyərək, Tramp Hindistandan getdikdən sonra etirazçıların zorla dağıdılacağını bildirib. Belə də olub.

 

Hindistanda etnik və dini gərginliyi körüklüyən ikinci mühüm hadisə Kəşmirin statusu ilə bağlı mərkəzi hökumətin son illərdə atdığı addımlardır. Ötən ilin avqustunda Modi hökuməti daha bir radikal qərara imza ataraq, Kəşmir vilayətinə xüsusi status verən Konstitusiyanın 370-ci maddəsini ləğv edib, vilayəti mərkəzi hökumətə tabe edib. Konstitusiyanın 370-ci maddəsi əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olan Kəşmirə muxtariyyət statusu verirdi.

 

Məsələ ondadır ki, 1947-ci ildə Hindistan yarananda əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Kəşmir vilayətinin taleyi mübahisəyə səbəb olub. Hindistan və Pakistan Kəşmir uğurunda ötən 73 ildə üç dəfə müharibə edib. 1999-cu ildə iki ölkə dördüncü müharibənin eşiyinə gəlsə də, böyük müharibə olmayıb. Ötən il də hər iki dövlət müharibənin astanasından dönüb.

 

Kəşmir uğrunda birinci müharibə 1947-ci ildə Hindistan-Pakistan arasında qeydə alınıb. Birinci müahribə zamanı Kəşmirin kiçik bir hissəsi Pakistanın nəzarətinə keçib. 1952-ci ildə Kəşmirdə keçirilən referendumdan sonra vilayətin əsas hissəsi Hindistana verilib.

 

1965-ci ildə ikinci Kəşmir müharibəsi, 1971-ci ildə isə üçüncü müharibə baş verib. Hazırda tarixi Kəşmir torpaqları 3 ölkə - Hindistan, Pakistan və Çin arasında bölünüb. Himalay dağlarında bir vadinin adından gələn Kəşmir vilayətinin ümumi ərazisi 222,236 kv.km-dir. Hazırda Kəşmirin 78,114 kv.km-lik hissəsi Pakistan ərazisinə daxildir. Bu ərazinin 11,639 kv.km-lik hissəsi Azad Kəşmir əyaləti adı verilmiş inzibati bölgədir. Azad Kəşmir ərazisində dörd milyona yaxın əhali yaşayır.

 

Kəşmir ərazisinin təxminən 20 faizi, ya da başqa sözlə, 42,685 kv.km-lik hissəsi Çinin tərkibindədir.

 

Kəşmirin 101,307 kv.km və ya başqa sözlə, 50 faizə yaxın hissəsi isə Cammu-Kəşmir adı ilə Hindistan sərhədləri daxilindədir. Muxtar vilayətin 12,5 milyon (2011-ci ilin statistikasına əsasən – K.R.) əhalisi var. Cammu-Kəşmirin inzibati mərkəzi Sirinqar şəhəridir.

 

Ancaq əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Kəşmirdə assimilyasiya, müsəlman əhalinin sayını azaltmaq siyasəti etirazla qarşılanır və zaman-zaman toqquşmalara səbəb olur. Mərkəzi hökumətin Kəşmirin muxtariyytə statusunu ləğv etməsi isə bölgədə gərginliyi alovlandırıb.

 

Hindistan müsəlmanlarının hökumətlə üçüncü və ciddi problemi isə ehtimala görə, bir çox Hindistan müsəlmanının vətəndaşlığını itirməsinə səbəb olacaq Milli Vətəndaş Qeydiyyatı (NRC) qanunudur. Məsələ ondadır ki, Hindistanın şimalında yerləşən Assam əyalətində Banqladeşin müstəqilliyini elan etdiyi 1971-ci ildən əvvəl Hindistana köçdüyünü sübut edən şəxslərin siyahısı var.

 

Belə bir siyahı Konqres Partiyasının zamanında hazırlanıb. İndi isə Modi hökuməti bu siyahını yenidən ortaya çıxararaq, “gəlmələri” müəyyən etməyə başlayıb. Yeni düzəlişlərə, vətəndaşlıqlarını mövcud qanunlara əsasən, 1971-ci ildən əvvəl Hindistanda yaşadığını isbat edə bilməyən şəxslərin vətəndaşlığı ləğv olunacaq və onlara xarici ölkə qaçqını statusu veriləcək.

 

Artıq bu siyahının yenilənməsi nəticəsində Assam əyalətində iki milyon müsəlman vətəndaşlıqdan çıxarılıb. Hindistanın ən qarışıq əyaləti olan Assamın 32 milyon sakini var. Bunların 10 milyondan çoxu müsəlmandır. Modi hökumətinin bu addımları isə Assamda müsəlman əhalinin sayını azaltmağa xidmət edir. Ümumilikdə isə bu düzəliş yalnız Assamda deyil, bütün ölkədə çoxlu sayda müsəlmanın vətəndaşlığını itirməsinə səbəb ola bilər. Müsəlmanlar isə bu dəyişiklikləri haqlı olaraq onlara qarşı diskriminasiya, Hindistandan qovulma siyasəti adlandırırlar.

 

Hadisələr isə hər keçən il daha da gərginləşir. Radikal hindu millətçiliyinin ildən-ilə yüksəlməsi paralel olaraq müsəlmanlara qarşı diskriminasiya və hücumları artırır. Təbii ki, radikal islamçı qrupların bu fonda fəallaşması və silahlı mübarizə çağırışları ən çox hindu millətçilərinə sərf edir. Təsadüfi deyil ki, Narendra Modi Hindistanda ən çox terrorizmə qarşı mübarizə aparan lider kimi məşhurlaşıb. Dünya isə susqundur. Çünki bu coğrafiyada sayı milyardı ötən böyük və iqtisadi güc mərkəzi dövlətlər və onların çarpışan maraqları var.

 

Digər xəbərlər