
ABŞ Suriyada fəaliyyət göstərən islamçı “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasını terrorçu siyahısından çıxardı. Medianın yazdığına görə, bu haqda ABŞ Dövlət Departamentinin yazışmaları üzə çıxdıqdan bir qədər sonra dövlət katibi Marko Rubio da bununla bağlı açıqlama verdi.
Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri və prezident Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak buna işarə etmiş, ötən həftə isə ABŞ prezidenti Suriyaya qarşı sanksiyaları ləğv etmişdi.
Yeri gəlmişkən, bir qədər əvvəl Rusiya Federasiyası da Əfqanıstan Taliban hərəkatını terror təşkilatı siyahısından çıxarıb.
Hər iki hadisə təkcə bu ölkələrlə məhdudlaşan hadisə deyil, bütövlükdə regionda yeni situasiyanın yaranmasına işarədir.
HTŞ 2016-cı ildə Suriyada bir neçə islamçı cihad təşkilatı, o cümlədən, daha əvvəl əl-Qaidənin Suriya qolu kimi fəaliyyət göstərmiş “Cəbhət ən-Nusra”nın birləşməsi ilə yaradılıb.
“Cəbhət ən-Nusra”nın lideri Əbu Məhəmməd Colani və ya əsl adı ilə Əhməd əş-Şara HTŞ-nin lideri seçilib. Qruplaşma 2020-ci ildən İldib vilayətinə nəzarət edib, 2024-cü ildə isə HTŞ digər müxalif qruplarla hücuma edərək Bəşər Əsəd hökumətini devirib Suriyada hakimiyyəti ələ keçirib.
Əhməd əş-Şara Suriya prezidenti təyin olunub və Suriyanın yeni hökumətində HTŞ üzvləri önəmli postlar tutub. Suriya hakimiyyəti hazırda ABŞ, İsrail və Aİ ölkələri ilə əlaqələri inkişaf etdirir.
Oxşar vəziyyət Talibanla bağlı oldu. 2021-ci ildə Əfqanıstan hakimiyyətini devirib Əmirlik quran Taliban uzun illər dünya ölkələri tərəfindən terrorçu kimi tanınıb. Lakin hakimiyyəti ələ keçirdikdən sonra Talibana münasibət dəyişib və artıq legitim hakimiyyət olaraq tanınır.
Lakin hər iki hadisə həm də bir mühüm stereotipin dağılması deməkdir. Uzun illər Taliban, əl-Qaidə və eləcə də HTŞ kimi qruplar dünyada terrorçu kimi tanıdılıb və onlar təhlükə olaraq qəbul olunub. Lakin belə görünür ki, bu təşkilatların terrorçu olması həmin dövlətlərin siyasəti ilə bağlı imiş. İndi maraqlıdır ki, ABŞ və Rusiyanın HTŞ və Talibanı rəsmən tanıması həm də digər müsəlman ölkələrinin bu təşkilatlarla əlaqə qurmasına imkan verəcək. Bununla da bir dövr artıq rəsmən başa çatacaq. İslamçı cihad hərəkatlarının siyasi iqtidar olması təcrübəsi qəbul olunacaq. Bu, dünya, xüsusən də müsəlman dünyası üçün yeni bir dövrün başlanğıcı da hesab oluna bilər.