Tehran üçün sınaq

  • 01.10.2024
  • 29 baxış

İran prezidenti Məsud Pezeşkiyan nazirlər kabinetinin iclasında deyib ki, ABŞ və Avropa dövlətləri İrana Haniyə sui-qəsdinə görə İsrailə cavab verməyəcəyi təqdirdə Qəzzada atəşkəs sözü versə də, vədlərinə əməl etməyiblər. 

Bu açıqlama İranda böyük rezonans doğurub, Tehranda Milli Təhlükəsizlik Şurası binası önünə toplaşan mühafizəkarlar dövlət orqanlarının cavab verməsini tələb edib. 

Qeyd edək ki, ötən həftə Pezeşkiyanın xarici siyasət üzrə məsləhətçisi Cavad Zərif Nyu Yorkda bildirmişdi ki, Qərb ölkələri İranın sakit qalacağı təqdirdə Qəzzada atəşkəs sözü versə də əməl etməyib. 

Pezeşkiyanın açıqlaması gözlənildiyi kimi, mühafizəkar qanadda qəzəblə qarşılanıb. Mühafizəkarlar hökuməti İsrailə qarşı qisas əməliyyatının qarşısını alaraq İranın Livan və Fələstində baş verənlərə səssiz qalmasına görə Pezeşkiyanı günahlandırır, onu Qərblə gizli bazarlığa getməkdə ittiham edirlər. 

Qeyd edək ki, iyulun 31-də Məsud Pezeşkiyanın inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana gələn Həmas siyasi bürosunun sədri İsmayıl Haniyə Tehranda qaldığı iqamətgahda öldürüldü. İran sui-qəsdin İsrail ittiham edərək qisas alınacağını ən yüksək səviyyədə elan etsə də, 2 ay keçməsinə rəğmən Tehran Haniyə sui-qəsdinə görə İsrailə hər hansı cavab verməyib. 

Sentyabrın 27-də isə İsrail Livanın paytaxtı Beyrutda İranın Yaxın Şərqdə əsas müttəfiq gücü olan Hizbullahın baş katibi Həsən Nəsrullah və daha bir neçə komandanını, o cümlədən Sepahın Livandakı nümayəndəsi general Abbas Nilfuruşan öldürülüb. Bu hadisədən sonra nəzərə İrana yönəlib. 

Sepah və mühafizəkarlar İsrailə sərt cavab verməyi tələb etsələr də islahatçı hökumət təmkinli davranma tərəfdarıdır. Ancaq indi situasiya fərqlidir, Nəsrullahın ölümü İranı regionda ciddi şəkildə zəiflədir. Bu mənada Tehran indi İsrailə cavab verməsə, İranın Fələstinə dəstək və İsrailə qarşı çağırışlarının ciddiyyəti azalır.

İsrail son hücumları ilə İranı çətin seçim qarşısında qoyub. İran ya İsrailə sərt cavab verib toqquşmaya getməli, ya da vəziyyətlə barışıb Qərblə dil tapmağa çalışmalıdır. İkinci halda prezident Məsud Pezeşkiyan və onun “islahatçı” komandası zərbə altında qalacaq və “mühafizəkarlar” onu hədəfə çıxaracaq. 

İranın Fələstin məsələsində kompromisə getməsi Pezeşkiyana Qərbdə rəğbət qazandırsa da, ölkə daxilində ciddi zərbə altında qoyacaq. İran prezidenti 3 ayını tamam eləməmiş Qərblə danışıqlar və razılaşma siyasəti zərbə altına düşdü. Mühafizəkar qanad bundan ona qarşı böyük ölçüdə istifadə edəcək.

Digər xəbərlər