İran prezidentindən sürpriz Ukrayna bəyanatı

  • 25.09.2024
  • 34 baxış

BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorkda olan İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran Rusiyanın Ukraynaya hücumunu dəstəkləmir və münaqişənin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.  Eyni zamanda o deyib ki, İran Rusiyaya hazırda raket göndərmir. 

Həmçinin İran prezidenti Qərblə danışıqlara hazır olduğunu bildirib. Pezeşkiyanın bu açıqlaması ciddi rezonans doğurub və müzakirələrə səbəb olub. Amma nəzərə almaq lazımdır ki, bu mövqeni İran prezidenti ilk dəfə deyil səsləndirir. Bundan əvvəl də Ukraynaya silah verilməsi və münaqişə ilə bağlı mövqeyini bildirib. 

Məsələ ondadır ki, Ukrayna ilə bağlı bu cür mövqe təkcə Pezeşkiyanın Qərblə dil tapmaq cəhdi ilə bağlı deyil, əlbəttə, bu element də var. Ancaq İranda “islahatçılar” adlanan liberal qrup ilk vaxtlardan Ukrayna məsələsində “mühafizəkarlardan” fərqli mövqe tutub. 

Nəticə etibarı ilə Pezeşkiyanın Ukrayna ilə bağlı mövqeyi İranın yeni hökumətinin Qərblə dil tapmaq, nüvə danışıqları və Yaxın Şərqdə gərginliyin düşürülməsi istiqamətində jestlərindən biri hesab oluna bilər. Digər tərəfdən, Pezeşkiyanın nümayişkaranə bəyanatı həm də son bir ildə Rusiya-İran münasibətlərində baş verən soyuqluğu əks etdirir. Rusiya hakimiyyətinin Fars körfəzindəki adalar mövzusunda BƏƏ-nin mövqeyini dəstəkləyən açıqlaması, İrana silah satışında yaranan axma və nəhayət, Cənubi Qafqaz, xüsusən də Zəngəzur dəhlizi mövzusunda Tehran-Moskva xəttindəki soyuqluğun üzvə vurmasıdır. 

Xatırladaq ki, hələ adalar məsələsində Moskvanın açıqlamasından sonra İranda xüsusən də “islahatçı” mediada Rusiyanın ünvanına sərt tənqidlər səsləndirilib. Hətta tarixə ekskurs edilərək Rusiyanın İrana dost olmadığını yazırdılar. 

Əlbəttə, İranda hakimiyyətdə dərin kök salmış “mühafizəkar” qanad, xüsusən də ordu və Sepah heç də Pezeşkiyanın mövqeyini bölüşmür, Rusiya ilə daha yaxın əməkdaşlığın tərəfdarı kimi çıxış edir. İndiki halda Pezeşkiyan və hökumətinin İran-Rusiya əlaqələrini pozmaq gücü belə yoxdur. Çünki xarici siyasətdə strateji seçimi prezident deyil, daha üst qurum olan ali rəhbərlik verir. Bu səbəbdən də Pezşkiyanın BMT-dəki açıqlaması Rusiya-İran münasibətlərinə ciddi təsir etməyəcək, lakin Məsud Pezeşkiyan üçün dini liderin verdiyi sərhədlər daxilində Qərblə danışıqları bərpa etmək üçün vasitə olacaq.

Digər xəbərlər