Peycer hücumunun nəticələri

  • 18.09.2024
  • 45 baxış

Livanda baş verən “peycer terroru” nəticəsində 9 nəfər dünyasını dəyişib, 200 nəfəri ağır olmaqla, 2800 nəfər yaralanıb. Hadisənin məsuliyyətini öz üzərinə götürməsə də, Livanın baş naziri Miqati və Hizbullah hadisəyə görə İsraili ittiham edib. 

Şahid ifadələrinə əsasən sentyabrın 17-də saat 15-16 radələrində Livanın müxtəlif yerlərində insanların üzərindəki peycer cihazlarından tüstü qalxmağa başlayıb və ardınca kiçik partlayışlar baş verib. 

Media partlayışların 5 ay əvvəl Hizbullah tərəfindən alınmış qısa mesajlaşma cihazı peycerlərdə baş verdiyini yazır. Hizbullah mobil telefonların izlənməsinə görə qısa mesaj aparatlarından istifadə etməyə qərar verib. 

Ancaq ötən gün cihazların Tayvanda fəaliyyət göstərən istehsalçısı “Gold Apollo” şirkətinin rəhbəri ötən gün Röytersə açıqlama verərək cihazların Tayvanda deyil, şirkətin istehsal lisenziyası verdiyi bir Macarıstan şirkəti tərəfindən istehsal olunduğunu bildirib. 

Hazırda ortada iki versiya var. Birincisi, peycer cihazlarına istehsal və ya sonrakı mərhələdə kiçik həcmdə partlayıcı yerləşdirilməsidir. Qərb mediası bu versiyanın üzərində dayanıb. Hətta o da məlum olub ki, Tayvandan sifariş edilən ikinci partiya peycerlərdə də partlayıcı aşkarlanıb, lakin bu məlumat hələlik rəsmi təqdiqlənməyib. 

İsrail kəşfiyyatının istehsal prosesinə hansı mərhələdə müdaxilə etdiyi, peycerlərin hər birinə partlayıcı yerləşdirdiyi sualı açıq qalsa da hazırda iki əsas versiyadan biri budur. 

İkinci versiya, peycer cihazlarına virus yerləşdirilməsi və cihazların kənardan müdaxilə ilə partladılmasıdır. Məsələ ondadır ki, müasir smartfon cihazlarında mövcud olan özünüməhv etmə funksiyası mövcuddur. Digər tərəfdən, 2020-ci ildə İranın Natanz nüvə mərkəzində baş verən yanğını yerli hökumət rəsmiləri kiber hücum nəticəsində baş verdiyini açıqlamışdı. Başqa sözlə, cihaz şəbəkəsinə “yol tapan” İsrail kəşfiyyatının cihazlara virus göndərdiyi və nəticədə müvafiq zamanda partlayışa səbəb ola bilər.  

Lakin hər iki versiya ilə bağlı şübhələr və cavablanmalı suallar var. Bu hadisə iki mühüm nəticəni ortaya çıxardı. 

Birincisi, İsrail kəşfiyyatı Hizbullahın məxfi xidmətinə sızıb və elektron mesajlaşma şəbəkəsinə daxil olub. Bu, İsrailə meydan oxuyan qruplaşma olaraq Hizbullah üçün çox ciddi minusdur. 

Bu hadisənin doğurduğu ikinci mühüm nəticə isə İsrailin bu addımı indi atmasıdır. Dünən baş verən hadisə göstərdi ki, İsrail Hizbullahın məxfi mesajlaşma şəbəkəsinə sızıb və güman ki, uzun müddət bu şəbəkəni izləyib. Bu o deməkdir ki, Mossad Hizbullahın bir sıra hərəkətlərini izləyə bilib. Ancaq indi Mossad bu partlayışı törətməklə faktiki olaraq öz məlumat mənbəyini məhv etdi. Halbuki İsrail partlayışı törətmədən uzun müddət Hizbullahı izləyə və partlayışı daha effektiv şəraitdə, məsələn Livana hərbi müdaxilə zamanı törədə bilərdi.

Digər xəbərlər