Zabitlər qılıncı kimə qaldırıb?

  • 11.09.2024
  • 33 baxış

Gözlənildiyi kimi, “qılınc çəkmə” hadisəsinə prezident Ərdoğan da reaksiya verdi. Türkiyə prezidenti: “Qılıncları kimə çəkirsiniz? Bununla bağlı bütün araşdırmalar aparılır. Oradakı bir neçə nadanlar da təmizlənəcək” - deyib. 

Söhbət avqustun 30-da Quru Qoşunları Hərbi məktəbini bitirən bir qrup kursantın qılıncları qaldıraraq “Mustafa Kamalın əsgərləriyik” deməsi və kurs birincisinin səsləndirdiyi mətni təkrarlaması hadisəsindən gedir. 

Əvvəlcə sosial şəbəkələrdə müzakirə olunan hadisəyə siyasətçilər və dövlət qurumları reaksiya verib. Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı təhqiqat aparıldığını və nizamnamə pozuntusu aşkaralanacağı təqdirdə həmin şəxslərin cəzalandırılacağını bəyan edib. 

AKP-dən də ilkin reaksiya normal olub. Partiya sözçüsü bildirib ki, kursantların “Mustafa Kamalın əsgərləriyik” deyə şüar səsləndirməsi AKP-yə qarşı çıxış hesab oluna bilməz, çünki AKP Türkiyə Respublika ideyalarına sadiq bir təşkilatdır. CHP isə kursantları müdafiə edib. 

Ancaq “aşağıdan” etirazlar artdıqca hökumətin mövqeyi sərtləşib. Ərdoğan məlum çıxışında deyib ki, “Ordumuz üzərindən siyasi hesablar aparılmasına imkan verməyəcəyik”. 

Türkiyə ordusu uzun zaman ölkə siyasətinə təsir göstərib, xüsusən də 1998-ci il fevralında yumşaq “çevriliş” və Ərbakan hökumətinin devrilməsi, siyasi islamçılara qarşı ordunun sərt mövqeyi hazırda iqtidarda təmsil olunan şəxslərin yaddaşında ciddi yer tutur. Ordu rəhbərliyi uzun illər “layiqliyin müdafiəsi, irticaya qarşı mübarizə” adı ilə siyasi islamçılara qarşı sərt davranıb.

Lakin AKP dövründə ordunun siyasi proseslərə təsiri minimuma endirilib, xüsusən də 2016-cı il 15 iyul qiyam cəhdindən sonra orduda ciddi islahatlar aparılıb. Baş Qərargah Müdafiə Nazirliyinə, jandarma qüvvələri Daxili İşlər Nazirliyinə verilib və ordu siyasi hakimiyyətə tabe etdirilib, ordu içərisində ciddi təmizlənmə aparılıb. Lakin eyni zamanda Ərdoğan özü də ciddi şəkildə millətçi kəsimə yaxınlaşıb və dini şüarları millətçiliklə birləşdirməyə çalışıb. Yəni artıq bu sahədə problemin olmadığı güman edilirdi. 

Lakin son illərdə AKP-nin zəifləməsi və siyasi islamçılığa qarşı narazı səslərin artması Türkiyədə yenidən Atatürkçü düşüncənin yüksəlməsinə səbəb olub. CHP-nin sonuncu bələdiyyə seçkilərində qalib gəlməsi dəyişikliyin əsas barometri hesab olunur. Təbii ki, bu dalğanı AKP-də də hiss edirlər və bu cür həssas bir mərhələdə ordu içərisində Atatürk şüarları ilə qılınc çəkilməsini təsadüfi və ya özfəaliyyət hesab etmirlər.

Digər xəbərlər