Suriya mühüm neft-qaz bölgəsini kürdlərdən geri alıb

  • 09.08.2024
  • 53 baxış

Dünyanın diqqəti İsrail-İran qarşıdurmasına yönəldiyi bir vaxtda Suriyada gözlənilməz hadisələr baş verib. Suriyanın Deyr əz-Zor vilayətində hökumət qüvvələri və yerli qəbilələrlə ölkənin şimal-şərqinə nəzarət edən kürdlərin “Suriya Demokratik Qüvvələri” koalisiyası arasında toqquşmalar intensivləşib. Ötən gün baş verən qarşıdurmada 3 nəfər ölüb, 15 nəfər isə yaralanıb. 

Döyüş əməliyyatları Deyr əz-Zor və Fəratın şərq hissəsində Ziyban, əl-Lətvə və Əbu Həmam kəndləri ərazisində baş verib. Ərazidəkı bir çox yaşayış məntəqələrində fövqəladə vəziyyət rejimi elan olunub, əhaliyə evlərini tərk etməmək əmr edilir. 

Suriya ordu qüvvələri Deyr əz-Zor vilayətində yerləşən ən böyük neft yatağının yerləşdiyi rayonda əl-Ömər neft emalı zavodunu ABŞ-ın dəstəklədiyi SDQ qüvvələrindən təmizləyib. Hazırda əl-Ömər neft yatağı ərazisinə Suriya ordusu qüvvələri yeridilir. 

Deyr əz-Zor Suriyanın neft və qaz istehsal olunan yeganə bölgəsidir və bura artıq 10 ilə yaxındır ki, kürd qruplarının nəzarətindədir və bu bölgədə 20-dən çox ABŞ hərbi bazası yerləşir. Maraqlıdır ki, əl-Ömər qaz emalı zavodunda da ABŞ qüvvələri yerləşib və 2018-ci ildə Vaqner silahlıları məhz əl-Ömər qaz yatağına hücum edərkən ABŞ ordusu tərəfindən kütləvi şəkildə məhv edilmişdi. 

Ancaq indi yerli ərəb qəbilələrini öz tərəfində çəkən Bəşər Əsəd hökuməti onların dəstəyi ilə kürdləri və dolayısı ilə amerikalılar bölgədən çıxışdırır. Bu, Suriya ciddi qazancdır, çünki hökumət müharibəyə qədər neft və qaz ehtiyaclarını bu bölgədən təmin edirdi. 

İkincisi, Deyr əz-Zor və ümumilikdə Fəratın şərq sahili həm də İraq-Suriya magistralını birləşdirən ərazidir. Uzun illər ABŞ və İsrail aviasiyası bu ərazini vaxtaşırı bombalayaraq İrana yaxın silahlıların burada yerləşməsinə mane olmağa çalışıblar. Çünki ehtimal olunur ki, İrandan silahlar İraq üzərindən bu yol vasitəsi ilə Suriyaya, oradan da Livan və Fələstinə daşınır. 

Belə görünür ki, regionda geniş müharibə öncəsi İran və Suriya sərhəddəki kritik nəqliyyat dəhlizində möhkəmlənməyə çalışır. Bu arada son günlər Suriyadakı İran Proxy qüvvələrinin tədricən ölkənin cənub-qərb hissəsinə, Colan təpələri ərazisinə çəkməsi müşahidə olunur. Mümkündür ki, İran zərbəni Colan bölgəsindən endirməyi planlayır. 

Yeri gəlmişkən. son aylarda Suriya və Türkiyə arasında Moskvanın vasitəçiliyi ilə aparılan barışıq danışıqlarının əsas mövzularından biri SDQ və ona qarşı Türkiyə ilə Suriyanın hərbi əməliyyat keçirməsi idi. Belə görünür ki, son əməliyyat həm də Türkiyə ilə koordinasiyalı aparılıb. Yaxın Şərqdə gərginlik yüksəlir.

Digər xəbərlər