Sirli İslam təriqəti - İsmaililik

  • 12.10.2023
  • 125 baxış

Bir zamanlar Yaxın şərqdə ən qüdrətli dövlətləri yaratmış, dünyada ilk universiteti (Əl-Əzhər) qurmuş və ən qədim sui-qəsdçi agentləri yaratmış İsmaililər bəlkə də haqlarına ən çox əfsanələr dolaşan İslam təriqətidir. İsmaili Həsən Sabbahın Ələmut qalası və Avropaya qədər gedib çıxan gizli sui-qəsdçiləri haqqında inanılmaz əfsanələr var.

 

Ancaq bütün əfsanələrin içində bir həqiqət var: İsmaililər bir zamanlar müsəlman aləminin ən fəal, ciddi təşkilatlanmış təriqəti olub. Misirdə 250 ildən çox davam etmiş Fatimilər İmperiyası, Yəməndən Hindistana qədər irili-xırdalı dövlətlər İsmaililərin “əl işi” idi. Orta Əsrlərin məşhur islam alimi, filosof, riyaziyyatçı, astronomu Nəsrəddin Tusi də ismaili “məktəbinin” yetirməsi idi.

İkinci ən böyük şiə camaatı olan İsmaililər iki qola ayrılır: Nizari və Tayyibi Mustali. Orta əsrlərin bu fəal camaatı monqol-tatar ordusunun Ələmut qalasını işğal etməsi ilə sonuncu dövlətlərindən məhrum olsalar da, kiçik icmalar şəklində fəaliyyətlərini davam etdiriblər. 19-cu əsrdən etibarən ismaili imamları “Ağa Xan” adı ilə məşhurlaşıb və camaatın əsas lideri kimi fəaliyytə göstərib. Hazırda Ağa Xan fəaliyyətini davam etdirir.

İsmaililik 6-cı İmam Cəfər Sadiqin oğlu və varisi olan İsmailin adından götürülüb. İsmail atası sağ ikən dünyasını dəyişib və imam olmayıb. Ancaq bir qismi ardıclıları İsmaili imam olaraq qəbul edib və onun ölümünü qəbul etməyib. Bu qrup İsmailin qeybə çəkildiyini və yenidən zühur edəcəyinə inanıb. İsmaili “Mehdi” olaraq qəbul edənlər “Əl-İsmailiyyət əl-Xalisə”, yəni xalis ismaililər adını alıb. Onlara görə imamlıq silsilələri İsmaillə bitirdi.

Bu camaatın formalaşmasında əsas rol oynayan İsmailin oğlu Məhəmməd ibn İsmail olur. Babasının (Məhəmməd İmam Cəfər Sadiqin (ə) böyük nəvəsi olub) Mədinəni tərk edərək Şərqə gedir. Budan sonrakı dövr İsmaili tarixində “Dövr əs-sətr”, yəni gizlənmə dövrü adlanır. Bu dövr Fatimi Xilafəti yaranana qədər davam edir. Bu dövrdə ismaililər gizli fəaliyyət göstərir. Öz təlimlərini yayırdırlar. Erkən ismaili hərəkatı daha çox siyasi mahiyyətli olub Abbasi xilafətinə qarşı mübarizəni əsas alıb. İsmaili təbliğçiləri “dai” adı alıb. Dai ərəbcədə “dəvət” sözündən gəlib İsmaili təriqətində sistemli təbliğatçılara verilən ümumi ad olub. Dailik iyerarxik sistem olub, ən yuxarıdan aşağıya tutduğu vəzifə, təbliğ ərazilərinə görə dəyişib. Gizli fəaliyyətlərinə görə, ismaililik həm də Batinlik adlanıb.

İsmaili təriqəti 8-9-cu əsrlərdə Hindistan yarımadasından Yəmən, Tunis, Əlcəzairin cənubunda səhrada bərbərlər arasında yayılmışdı.

İsmaililik əsasən gizli təlim olaraq yayılıb və bu təriqətə üzvlük də xüsusi and içməklə həyata keçirilib. Yəni ismaili olan şəxs uzun-uzadı dərs və təlimlərdən sonra “əhd” və ya “misak” adlanan “bağlılıq andı” içir. Üzv təriqətin bilgilərini, xüsusən də dəvətçi – dailərin adlarını gizli saxlayacağına and içirdi.

Əbədi batini həqiqətlər (Həqaiq) ismaililərin görüşlərini təmsil edən irfani bir düşüncə sistemi olub. İsmaililiyə görə insanlığın müqəddəs tarixi 6 peyğəmbər dövründən keçib. Bunlar: Adəm, Nuh, İbrahim, Musa, İsa və Məhəmməddir (s.ə.s). Sonuncu 7-ci dövrü isə Mehdi tamamlayacaq. Hər dövrün 7 imamı olduğu üçün sonuncu dövrün 7-ci imamı İsmail idi.

Fatimilər

İsmaililiyin ən parlaq dövrü heç şübhəsiz ki, Fatimilər Xilafəti dövrüdür. İlk Fatimi dövləti 909-cu ildə (Hicri 297-ci il) bugünkü Tunis və Əlcəzair ərazilərində yaradılan “İfriqiyyə (Afrika) Fatimi Xilafəti” adlı dövlət olur. Dövlətin qurucusu və ilk lideri Ubeydullah əl-Mehdi idi. İlk Fatimi Xilafəti daxili düşmənlərlə yanaşı İspaniya Əndəlüs əməviləri, Bizans və Abbasi Xilafəti ilə mübarizə aparırdı. Fatimi Xilafətinin parlaması xanədanın 4-cü üzvü Muizin dövründə baş verir. 973-cü ildə Xilafətin paytaxtı Misirin Qahirə şəhərinə köçürülür və Yaxın Şərqə doğru genişlənir.

İslam dünyasında mənfi imic qazanan Bəhreyn Qərmətilərindən fərqli olaraq Fatimilər daha mütərəqqi və digər din və məzhəblərlə daha yaxşı dil tapa bildiyi üçün tezliklə həm öz dövlətlərini genişləndi, həm də İsmaili təriqətinə münasibət dəyişdi. Üstəlik Sinddən Yəmənə qədər ismaili dailərinin əksəriyyəti Fatimilərə beyət etdi.

Fatimi dövlətinin və ismaili təbliğinin ən parlaq dövrü isə xəlifə Müstənsirin zamanına (1036-1094-cü illər) təsadüf edir. Bu dövrdə Yəmən, İran və Orta Asiyada ismaili dəvəti ən yüksək səviyyəyə çatır.

İsmaili təriqətinə qoşulan şəxslər bağlılıq və gizlilik andi içir və bu dövrdə “Məcalis əl-Hikmə” (Hikmət məclisləri) adı verilən xüsusi dərslərə cəlb olunur. Bu dərslər ən aşağıdan yuxarıya, Qahirədə xəlifənin sarayına qədər gedirdi. Qahirədə xəlifənin sarayında “daiyi-duat” (ən yuxarı dəvətçi) xəlifənin təsdiqlədiyi mövzular üzrə dərslər verir, daha sonra bu dərslər bölgələrə və dünyanın fərqli regionlarına yayılırdı.

Bu mənada ismaililər ilk mükəmməl kütləvi təhsil sistemini qurmuş, gizliliyi qoruyub saxlaya bilmişdi. “Darul-Hikmə” və “Darul-İlm” kimi tədris mərkəzləri dövrün yüksək elm mərkəzləri idi, burda dailər yetişdirilirdi. Bu mərkəzlərdə kəlam (sxolastika), fəlsəfə, fiqh kimi dərslər verilirdi.

İsmaili təriqəti xəlifə Müstənsarın ölümündən sonra ikiyə bölünür. Müstənsarın oğlu və sağlığında vəliəhdi təyin etdiyi Nizar deyil, sarayın təsiri və vəzir Əfdalın sayəsində Müstənsarın başqa oğlu Mustali Billah xəlifə olur. Daha sonra əsasən xarici – iranlı ismaililər Nizarın xəlifəliyə daha çox haqqının olduğunu iddia edərək onu dəstəkləyir. Beləliklə ismaililər “nizari” və “mustali” qollarına ayrılır. Mustalinin imamlığı Misir, Yəmən və Qərbi Hindistan ismaililəri tərəfindən qəbul olunur. Fatimi xilafəti onun soyu ilə davam edir.

Lakin Həsən Sabbahın rəhbərlik etdiyi iranlı ismaililər isə Nizar və oğullarının xəlifəliyini müdafiə edir. Bununla da Fatimi Xilafəti zəifləyir və tezliklə Tayyibi və digər qollara ayrılır. Tayyibilər isə daha çox Yəmən və Hindistanda geniş yayıldı və izləri uzun illər davam etdi. Hindistan ismaililəri Bohralar kimi tanınır.

Fatimi sarayında bölünmə və təriqətin parçalanması dövləti zəifləri. Fatimilər Xilafəti 261 il davam etdikdən sonra 1171-ci ildə rəsmən Səlahəddin Əyyubi tərəfindən son qoyulur. Əyyubi özü də Fatimi Xilafətinin son vəziri idi.

Nizari İsmaililər

Fatimi Xilafətində bölünmə zamanı İranda Səlcuqlular dövründə fəaliyyət göstərən İran ismaililərinin lideri Həsən Sabbah idi. 1090-cı ildə İranda Ələmut qalasını ələ kçeirən Sabbah öz dövlətini yaradır. Ələmutun paytaxt olduğu bu dövlət 166 il, yəni 1256-cı ildə Elxanilər tərəfindən işğal olunana qədər mövcudluğunu qoruyub saxladı. Sonuncu Ələmut hökmdarı Rüknəddin Hürşah monqol padşahı ilə görüşmək üçün getdiyi Monqolustanda qətlə yetirlib.

İslam tarixində gizli fəaliyyətlərin, casusluq, sui-qəsdçilik və digər sirli işlərin simvoluna çevrilən şəxs heç şübhəsiz ki, Həsən Sabbahdır. Onun və qurduğu dövlət, iş metodları haqqında qədim dövrdən bu günə qədər əsərlər yazılıb.

Həsən Sabbah özü 12 imamçı şiə ailəsində İranın Qum şəhərində dünyaya gəlib. Ancaq gəncliyində İsmaili təriqətinə keçib və ismail təriqətini yayan dailərin liderinə çevrilib. Bu onun istedad və bacarığını göstərir. Bununla belə Sabbah özünü xəlifə elan etmədi. Bunun əvəzinə Qahirədə edam olunan Nizari dini lider elan etdi və Nizarın ölümündən sonra onun xələfinin adını açqılamamaqla bu gizliliyi qoruyub saxlamış oldu. Nizarilər inanırdı ki, Sabbah Qahirədən Nizarın nəvələrindən birini gizli şəkildə İrana gətirib və onu imam kimi qoruyub saxlayır.

Həsən Sabbah İranın yalnız şimalında deyil, cənubda Xuzistan, Şərqdə Xorasan, Rudbar. Qum kimi şəhərlərə qədər yayıldılar, öz qalalarını quraraq Səlcuqlu dövlətinə və onun yüksək vəzifəli məmurlarına hücumlar təşkil etməyə başladılar. Eyni zamanda İranla yanaşı Sabbah öz dəvətçilərini Suriyaya göndərdi. Bugünkü Suriya ələviləri – nusrayrilərin formalaşmasında Sabbahın göndərdiyi dailərin xidməti var. Sabbahın yazdığı “dörd risalə” adlı əsərində açıq şəkildə Abbasi xilafətinin legitimliyi şübhə altına alınırdı.

Bu dövrdə Bağdad və digər bölgələrdə İsmaili təlimlərinə qarşı geniş bir dini-elmi kapmaniya başladı. Qəzali və onun kimi bir çox islam alimləri Sabbah və ismaili fikirlərinə qarşı əsərlər yazdı.

Ancaq başlanğıcdakı bu sərt düşmənçilik daha sonra yumşaldı. Ələmut dövlətinn 6-cı hakimi Cəlaləddin Həsən sünni üləması ilə yaxınlaşdı. İsmaililər sünni şəriətini qəbul edib, fiqh dərsləri almağa başlayır. Bu addıma cavab olaraq Abbasi xəlifəsi Nasir fərman imzalayaraq Ələmutun Nizari torpaqları üzərindəki hüququnu tanıdı və digər sünni dövlətləri də bu fərmana əməl etdi.

Ancaq sonrakı mərhələdə nizarilərin yenidən təbliğ fəaliyyətlərini canlandırması, özlərini tanıtması cəhdləri artır. Bu dövrdə ismaili elm mərkəzlərində böyük inkişaf mərhələsi hesab olunur. Yeri gəlmişkən, azərbaycanlı filosof, ilahiyyatçı, riyaziyyatçı alim Nəsrəddin Tusi bu dövrdə təxminən 30 ilə yaxın Ələmutda nizari alimləri arasında yaşayıb. Əlaəddin Məhəmmədin hakimiyyəti dövrü həm də mövcud ictimai-siyasi vəziyyət Ələmutda elmin inkişafını şərtləndirirdi. Monqol yürüşləri nəticəsində şəhərlərin dağılması, insan həyatının dəyərini itirməsi səbəbindən çoxlu sayda alim dağlara qaçaraq nizarilərə - Ələmuta sığınırdı. Bu səbəbdən Ələmut süqut edənə qədərki dövrdə qala böyük bir islam elmi mərkəzinə çevrilir. Zəngin kitabxanalar, alimlər Ələmutda yeni-yeni əsərlərin meydana çıxmasına səbəb olur.

Ancaq 1256-cı ildə monqol – Hülakü orduları Ələmuti işğal edərək yandırdı. Çoxlu sayda insan və zəngin kitabxana məhv edildi. Bununla da isamili – Nizari dövlətinə də son qoyulmuş oldu.

Ələmutun süqutundan sonra nizari ismaililərin keçdiyi dövr 3 mərhələyə blünür. Birincisi, 200 ilə yaxın gizli və qaranlıq dövr. İkinci dövr dəvət və ədəbi fəaliyyətlərin canlandığı Əncudan dövrü və nəhayət, üçüncüsü, Nizari imamlarının İrandan Hindistana, oradan da Avropaya köçünün baş verdiyi modern dövr.

Nizari ismaililərinin bir çoxu monqol işğalından sonra Əfqanıstan, Bədəxşan və Sind regionuna qaçdı. Yerdə qalan qrup isə Rüknəddin Hürşahın oğlu Şəmsəddin Məhəmmədi Azərbaycana apararaq burada gizli saxladılar. 1257-ci ildə imam olan Şəmsəddin Məhəmməd 1310-cu ilə qədər Azərbaycanda yaşadı və Təbriz şəhərində dünyasını dəyişdi.

Modern ismaililər

16-cı əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən sonra İran coğrafiyasında ismaililərin sayı sürətlə azalır. Bu dövrdə ismaililərin böyük bir qismi Əncudana, Hindistan və Mərkəzi Asiya bölgələrinə qaçır. İranda qalan ismaililər yalnız Səfəvilərdən sonra parlayır. Fətəli şah nizari imamlarından Şah Xəlilullahın oğlu Həsən Əli Şahı Quma vali təyin edir və mülk hədiyyə edir. Qacarlar dövründə isə Şah öz qızını nizari imamlarından olan Həsən Əli Şahın nəvələrindən birinə verir və ona Ağa Xan titulu verir. Bununla da Ağa Xan titulu ismaili imamların titulu olaraq qalır.

46-cı nizari İmamı HəsənƏli Şah 1-ci Ağ Xan 4-cü Qacar hökmdarı Məhəmməd Şah tərəfindən Kirman valisi təyin olunur. Ancaq çox keçmədən Ağa Xanla Qacar sarayı arasında münaqişə yaranır və bu münaqişənin nəticəsi olaraq 1841-ci ildə 1-ci Ağa Xan İranı tərk edərək əvvəlcə Əfqanıstana, daha sonra Sind, Qucarat və Kəlküttə şəhərlərinə gedir. 1848-ci ildə Bombey şəhərinə birdəfəlik yerləşir. Bu tarix həm də Nizari İsmaililiyin modern dövrünün başlanğıcı hesab olunur.

Nizari imamı 3-cü Ağa Xan 1957-ci ildə dünyasını dəyişdi və onun yerinə 4-cü Ağa Xan, hazırda həyatda olan və imamlığını davam etdirən Mövlanə İmam Şah Kərim əl-Hüseyni və ya sadəcə Kərim adlanan nəvəsi keçdi. Harvard Universitütində təhsil almış 49-cu nizari imamı 4-cü Ağa Xan əsasən təhsil, elm, mədəniyyət və iqtisadi inkişaf sahəsində fəaliyyətləri ilə məşhurdur.

“Aga Khan Development Network” adlı şəbəkəni yaradan Ağa Xan əsasən Mərkəzi Asiya, Hindistan kimi bölgələrdə müsəlmanların təhsilinə sərmayə yatırır. 1977-ci ildə qurulan İsmaili Araşdırmaları İnstitutu, 1985-ci ildə Kəraçidə tibb, təhsil kimi fakültələri olan Ağa Xan universiteti, Londonda Müsəlman Mədəniyyətlərini Araşdırma İnstitutu və 2000-ci ildə Orta Asiya Universitetini yaradıb. Bu universitetin bir sıra region ölkələrində fakültələri var.

Kanadada Ottava Qlobal Plüralizm Mərkəzi, Cenevrədə Ağa Xan Mədəniyyət Fondu kimi layihələri mövcuddur. Hazırda dünyada sayları 10 milyona yaxın olduğu ehtimal edilən ismaililər dünyanın 25-ə yaxın ölkəsində yaşayır. Asiya, Yaxın Şərq, Avropa və Şimali Amerikada nizari ismaililərin yaşadığı əsas bölgələrdir.

Digər xəbərlər