“Azərbaycan və Livan arasında əlaqələrin daha da inkişafını arzu edirik”

  • 18.01.2024
  • 482 baxış


Bir qədər əvvəl saytımızda Livan türkmənlərindən Gülay əl-Əsədin müsahibəsini yayımladıq. Bu yazıda Azərbaycan-Livan əlaqələri, Livanın türkmənləri haqqında, eləcə də Livanın türkmənlər yaşayan Kavaşar kəndində Azərbaycanın 8 noyabr Zəfər günü münasibətilə qoyulan abidə haqqında danışmışdıq.

 

Ancaq bu yazıdan sonra məlum oldu ki, Gülay əl-Əsəd ilk olsa da tək deyilmiş, Livan türkmən gənclərinin daha bir neçəsi də Azərbaycana səfər edib, ölkəmiz haqqında gözəl təəssüratlara malikdirlər. Azərbaycana səfər etmiş bir neçə livanlı türkmən soydaşımızla söhbət edib Azərbaycan təəssüratları haqda danışdıq.

 

Gülcan əl-Əsəd Livan türkmən kəndi Kavaşradandır. Gülcan əl-Əsəd daha bri livanlı gənc Məhəmməd Omarla birlikdə Azərbaycan hökumət qurumları tərəfindən ölkəmizdə dəvət olunub və 10 günə yaxın ölkəmizdə qonaq olub. Bakıda. Qarabağda, Naxçıvanda olub.

Gülcan xanım səfərdən çox razı qalıb. Bizimlə söhbətində bildirdi ki, Azərbaycanın Livandakı səfirliyinin əməkdaşlarının vasitəsilə müraciət edib və ölkəmizə səfər dəvəti alıb. Və ölkəmizə səfərdən çox razı qalıb.

 

“Yəni nə deyəcəyimi bilmirəm, həqiqətən də çox gözəl bir səfər oldu, orda insanların bizə münasibəti, mehribanlıq. İstiqanlılıq bizi heyran etdi. Özümüzü evimizdəki kimi hiss elədik. Əlbəttə, biz türkmən olaraq qardaşıq, amma Azərbaycan səfəri həqiqətən də bizim üçün çox fərqli oldu. Türkmənlər adına sizə təşəkkür edirik. Bizə çox yaxşı münasibət oldu, hiss olunur ki, Azərbaycan rəsmiləri iki ölkə münasibətlərinin yaxşı olmasını istəyirlər.


Xüsusən də Bakı məni valeh etdi. Naxçıvan gözəl idi, bizə şəhid ailələri ilə görüşlərimiz oldu. Şahid valideynləri ilə görüş məni ağlatdı. Onların övladları sayəsində Şuşanı geri aldıq.

 

Livan türkmənləri 44 günlük müharibə zamanı döyüşlər haqqında xəbərləri həyəcanla izləyir, dua edirdik ki, işğal olunmuş Azərbaycan torpaqları geri qayıtsın. Türkmənlrə hər zaman Türkiyə və Azərbaycan əsgərləri ilə qürur duyuruq”.

 

Gülcan əl-Əsədlə birgə Azərbaycana səfər etmiş türkmən Məhəmməd Omar 10 gün müddətində ölkəmizi gəzib və xoş təəssüratlarla qayıdıb: “Azərbaycanda təşkil olunan düşərgə çox gözəl və mütəşəkkil idi. Şükürlər olsun ki, çoxlu dostlarla tanış oldum, çox gözəl ölkə olan Azərbaycanın cəmiyyəti və dövləti haqqında daha geniş məlumat əldə etmək imkanı əldə etdim. O ki qaldı türkmənlər arasında münasibətlərə, Livanda və Azərbaycan dövlətləri arasında münasibətlərin yaxşılaşmasında Livandakı Azərbaycan səfirliyi əməkdaşlarının böyük xidmətləri olub. Konsul cənab Şahin Pənahova Livandakı türkmənlər üçün göstərdiyi hər şeyə görə təşəkkür edirəm. O, çox fəal idi və ermənilərin olmasına baxmayaraq, həmişə iki ölkə arasında münasibətləri yaxşılaşdırmağa çalışırdı”.

M.Omar hazırda iqtisadi vəziyyət səbəbi ilə Livanı tərk edərək Səudiyyə Ərəbistanı Krallığına gedib. Orda işləyir.

 

Azərbaycana səfər etmiş daha bir türkmən gənci Bilal Hikmət əl-Hacc 2022-ci ilin iyulunda Qoşulmamam Hərəkatına üzv ölkələrin gənclər təşkilatları fəallarının Azərbaycanda keçirilən konfransında iştirak etmək üçün gəlib. Deyir ki, 6 gün Azərbaycanda qalıb, Bakıda və Qarabağda olub.



“Bir çox Azərbaycan vətəndaşları ilə tanış oldum. Türk əsilli olduğum üçün özümü evimdəki kimi hiss etdim. Azərbaycanın gözəlliyi və inkişafı qarşısında şok oldum. Bu gün də Azərbaycandan olan bəzi dostlarla əlaqələrimiz davam edir. Azərbaycan səfərimizin son günündə Qarabağa – Şuşaya getdik. Necə gözəl bir yer. Oranı gördükdə həm kədərləndim, həm də sevindim və qürurlandım ki, bu torpaqlar yenidən şərəfli sahiblərinə geri qayıtdı”.

Hazırda Livanda yaşayan Bilal internet sahəsində proqram mühəndisi olaraq çalışır. Deyir ki, fürsət olsa bir daha gəlib Azərbaycanı görmək istəyir.

 

Kənan Rövşənoğlu

 

 

Digər xəbərlər